news Image
2019.06.13
08:55
| A A A
Paşinyan və Qarabağ separatçıları öz havalarına oynamaq istəyirlər
İrəvanın “DQR” üzərində hökmranlığına qarşı çıxan qüvvələr çətin durumda

İrəvan klanının hakimiyyətini laxladan qüvvələrin başına getdikcə keçimiş cinayətkarlar Sərkisyan və Köçəryanın arxasında duran “DQR” rəhbərləri keçir. Lakin onlar üzdə olanlardır. Kulisdə isə yenə də “Qarabağ klanı” və onların təlimat aldıqları əcnəbi qüvvələrdir. Təbii ki, Paşinyan da “soros” cəbhəsindən hansısa təlimatlarla “qidalanır”. Bu mənada o da özünü müəyyən mənada “arxalı” sayır və hakimiyyətini möhkəmləndirmək üçün “DQR” rəhbərliyinin öz cəbhəsindən olmasına səy göstərir. Çünki, hazırki vəziyyət Paşinyanın hökmünü ciddi surətdə zədələyir. O, Qərbə meyillənir, “Qarabağ klanı” isə Rusiya təmayüllüdür.

Bu situasiya fonunda Ermənistan hakimiyyəti ilə Azərbaycanın işğal altındakı qondarma rejimin liderləri arasındakı uçurum getdikcə dərinləşir. Nəzərə almaq lazımdır ki, gələn il separatçı qurumda növbəti saxta  “prezident seçkiləri”nin keçirilməlidir. Bu məlumatın yayılmasından sonra Ermənistanın baş naziri “DQR”ə “prezident” axtarmağa başlayıb.

Paşinyanın reytinqi getdikcə aşağı düşür. Çünki, “inqilab” zamanı xalqa verdiyi vədləri yerinə yetirə bilmir. Bunun əsas səbəblərindən biri əldə maliyyə vəsaitinin olmamasıdır. Belə bir durumda Qarabağ separatçılarının lideri Bako Saakyan əl açıb ondan pul istəyir. Paşinyan da şəraitdən istifadə edib bir sıra məsələləri öz xeyrinə həll etmək üçün bu istəyi rədd edir. Özünü elə göstərməyə çalışır ki, guya pul var, amma vermək istəmir. Bunu8nla o, separatçılara təsirini gücləndirməyə çalışır. Axı, Bako Saakyan Paşinyanın düşməni və ola bilsin ki, tezliklə rəqibinə çevriləcək Robert Köçəryana zamin duraraq azadlığa buraxılmasına nail olan iki nəfərdən biridir. Köçəryanın azadlığa çıxması isə Qarabağ klanına ikinci nəfəs veriv və Paşinyanın mövqeyinə güclü zərbə olub.

“DQR”-də Saakyanın yaxın ətrafındakı ona “sədaqətli” sayılan adamlardan biri Vitali Balasanyanın istefaya göndərilməsi barədə Paşinyanın arzusu əvvəlcə rədd edilsə də Saakyan sonradan buna nail olub və Saakyanın yerinə göz dikən Balasanyan istefaya gedib. Görünür, Paşinyan bu addımla separatçılar tərəfdə aranı qarışdırmaq və öz adamını orada işə keçirmək üçün münbit şərait əldə etmək istəyir.

V.Balasanyanın istefasından dərhal sonra İrəvan mətbuatında “DQR”-in maliyyə yardımı xahişinə rədd cavabı verilməsi barədə daha əvvəl verilmiş məlumat təkzib olunub. Guya Ermənistan hökuməti maliyyə yardımı verməyə imkanlıdır. Lakin mətbuatda gedən çoxsaylı məlumatlarda Ermənistanın maliyyə vəsaitinin çatışmazlığı əks olunub. Məsələn, iqtisadçı Varqan Bostancyan həyəcan təbili çalır ki, ölkənin xarici dövlətlərə borcu bu il daha da artıb. Üstəlik, Paşinyan bildirir ki, orduda müqavilə ilə xidmət edənlərin sayını artıracaq. Bu isə əlavə vəsait deməkdir. 

Hökumətin işini çətinləşdirən amillərdən biri də erməni kökənli rusiyalı iş adamlarının Ermənistana investisiya yatırmaqdan qaçmalarıdır. Onlar əvvəlcədən bilmək istəyirlər ki, Ermənistana yatıracaqları pula görə Rusiya hakimiyyəti ilə münasibətləri korlanmayacaq ki? Bu haqda yazan “Jamanak” qəzeti bildirir ki, biznesmenlər Rusiya və Ermənistan arasında hökm sürən gərginlikdən xəbərdardırlar və bu, onları çəıkindirir.

Paşinyan və onun komandası digər tərəfdən verdikləri bəyanatlarla cəbhədəki vəziyyəti də gərginləşdirirlər. Müdafiə naziri David Tonoyan bu işdə xüsusi canfəşanlıq göstərir və təbii ki, özbaşınalıq eləmir. Bu isə danışçıqlar prosesinə zərbə vurur və status-kvonun uzanmasına hesablanıb. Belə şıxır ki, işğalçılar baş verənlərdən nəticə çıxarmaq əvəzinə müharibəni ehtiva edən gərginləşdirmə siyasətinə keçiblər. Bu mənada Azərbaycanın qəti addımlar atması və silahları işə salması tamamilə məntiqi görünür. Bu baş verəcəyi halda isə məsuliyyət Ermənistanın indiki siyasi hakimiyyətinin üzərinə düşəcək.

N.NOVRUZ