news Image
2019.06.13
10:05
| A A A
Düşmən təxribatları yeni savaşı tətikləyir
Qabil Hüseynli: “Azərbaycan haqlı olaraq Ermənistanın nazı ilə oynamaq fikrində deyil” İlqar Vəlizadə: “Ermənilərin bu “fəallığının” məntiqi nəticəsi münaqişə ocağında silahlı qarşıdurmanın yenidən alovlanması demək olacaq”

Son günlər cəbhə zonasında erməni təxribatları daha da intensivləşib. Əvvəlki günlərdə düşmən tərəf  təxribatlara əl atarkən ancaq avtomat və pulemyotlardan istifadə edirdisə, son təxribat zamanı isə artıq ağır hərbi texnikadan, minaatanlardan istifadə etməyə başlayıblar. Məsələn, elə buü günlərdə  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlarla yanaşı, 60 millimetrlik minaatanlardan  da istifadə etməklə atəşkəs rejimini pozub.

Qeyd edək ki, Ermənistan ordusunun təmas xəttində minaatanlardan  istifadə etməsi haqda xeyli vaxtdır məlumat verilmirdi. İndi isə göründüyü  kimi düşmən təmas xətti boyu gərginliyi artırır, minaatanlardan  istifadə etməyə başlayır. Bundan əvvəl Ermənistan müdafiə naziri David Tonoyan bildirmişdi ki, təmas xəttində Azərbaycan ordusunun hərbçisinin vurulması əmrini şəxsən verib. Bu da o mənanı verir ki, təmas xəttində gərginliyin azaldılmasına dair Azərbaycan və Ermənistan rəhbərləri arasında ötən ilin payızında Düşənbədə əldə edilmiş anlaşma artıq işləmir.

Politoloq Qabil Hüseynlinin fikrincə, ağır silahlardan istifadə etməklə təxribatları gücləndirməkdə işğalçı tərəfin məqsədi Azərbaycanı provokasiyaya çəkməkdir: “Bu kimi addımlar, təxribatlarda daha iri çaplı silahlardan istifadə etməklə Ermənistan və onun havadarları açıq-aşkar Azərbaycanı provokasiyaya çəkməyə çalışırlar. Onlar bununla toqquşma olmasını istəyirlər. Görünür, Azərbaycan və onun ordusu üçün hansısa bir sui-qəsd planı hazırlayıblar. Amma bu da boş  şeydir. Azərbaycan haqlı olaraq Ermənistanın nazı ilə oynamaq fikrində deyil. Ona görə ciddi surətdə müharibəyə hazırlaşır.

Əminəm ki, Azərbaycan Ordusu ermənilərin bütün bədnam fikirlərini alt-üst edəcək. Ya lokal xarakterli, ya da bölgədə hansısa bir strateji əhəmiyyətli  obyektin azad edilməsi istiqamətində  hərəkətlərə başlaya bilərik. Bunun üçün ordumuz lazım olan bütün potensiala malikdir”.

Politoloq İlqar Vəlizadə də düşünür ki, düşmən tərəfinin iri çaplı silahlardan istifadə etməklə təxribatlara getməsi sonda hərbi əməliyyatların yenidən alovlanması ilə nəticələnə bilər: “Ermənistanın cəbhə xəttindəki bu “fəallığını” Azərbaycan tərəfindən hələlik kifayət qədər sərt cavab almamaları ilə əsaslandırmaq olar. Çox güman sərt cavab alsalar belə təxribatlara da getməzlər.

Real müqaviməti görmədikcə, düşmən tərəf daha çox quduzlaşır. Digər tərəfdən, çox güman ki, təxribatlarda daha iri çaplı silahlardan istifadə etməklə həm də ölkəmizi müəyyən provokasiyalara sürükləyirlər. Əsasən istəyirlər ki, Azərbaycanın onlara cavabı sərt olsun və bu cavaba əsasən də öz siyasətlərini qursunlar. Ermənilər həmişə belə edib. Ermənilərin müəyyən addımlarına Azərbaycan sərt reaksiya verəndə onlar həmin an bundan həm daxili məqsədləri naminə, həm də danışıqlar prosesi zamanı istifadə etməyə çalışıblar. İndiki halda da güman ki, əsas məqsədləri məhz budur. Ermənilərin bu təxribatlarına adekvat reaksiya verməliyik.

Məsələ ondadır ki, ermənilərin bu təxribatları ilə həmçinin mülki insanlarımıza da zərər dəyə bilər. Ona görə də bu kimi təxribatlara reaksiya verməyə bilmərik. Hələlik sakitlik hökm sürsə də, düşünürəm ki, bu müvəqqətidir. Çünki ermənilərin bu “fəallığının” məntiqi nəticəsi münaqişə ocağında silahlı qarşıdurmanın yenidən alovlanması demək olacaq”.

R. SOLTANOV