Əlaqə Arxiv
news Image
2019.06.19
09:40
| A A A
İrəvanın mövqesizliyi savaşı qaçılmaz edir
Natiq Miri: «Bu gün Paşinyan hökuməti demək olar, hər tərəfdən mühasirəyə alınmış vəziyyətə düşüb»

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında çoxdan haqqında danışılan Vaşinqton görüşü yaxın tezlikdə baş tutacaq. İyunun 20-də olacaq bu görüşə bir çoxları müəyyən ümidlə yanaşırlar.

Qeyd edək ki, münaqişə tərəfləri arasında Moskvada baş tutan görüşdən sonra növbəti belə bir təmasın Vaşintonqda olacağı bildirildi. Bəs, xarici işlər nazirlərinin Vaşinqton görüşündə hansısa nəticə əldə oluna bilərmi?

 

Politoloq Natiq Miri tərəflər arasında olacaq Vaşinqton görüşündən də hansısa bir nəticənin əldə ediləcəyini gözləmir. Onun fikrincə, Paşinyan Vaşinqton görüşünə sadəcə, zaman qazanmaq prizmasından baxır: “Bu gün Nikol Paşinyan hökuməti ilə Qarabağ məsələsinin çözümü ilə bağlı görüşlərdə hər hansı bir siyasi nəticənin olacağını gözləmək əbəsdir. Çünki bunun üçün Ermənistanda bötüvlükdə ictimai-siyasi dairlərdə, eyni zamanda mühit formalaşmayıb.

Bu gün Paşinyan hökuməti demək olar, hər tərəfdən mühasirəyə alınmış vəziyyətə düşüb. Digər tərəfdən, Paşinyana müxalif olan qüvvələrə Rusiyanın açıq şəkildə dəstəyi də sezilir. Bunu Rusiyanın Ermənistandakı səfirinin Robert Köçəryanla görüşündə də açıq şəkildə gördük. Bu isə Ermənistan hökumətinə Moskva tərəfindən verilən göz dağı, həm də bir mesaj idi.

Belə bir çətin vəziyyətdə,  hələ də Qarabağ məsələsinin erməni cəmiyyətində həssas məsələ olduğunu nəzərə alanda, təbii ki, Vaşinqton görüşlərində də hər hansı bir siyasi nəticədən danışmaq mümkün olmayacaq. Çünki onun mümkün olması üçün mütləq mənada həm erməni cəmiyyəti, həm də hökumət başında olan siyasi qüvvələrin  bir çox təhlükələrdən xilas olmaları lazımdır. Indiki halda Painyan və onun hökuməti inqilab dövründə olduğu tək dəstəklənmir.  Bu dəstək sürətlə aşağı düşür.  Müxalifət isə siyasi və hərbi cəhətdən təşkilatlanmağa davam edir.  Bu təşkilatlanmanın arxasında da Moskva dayanır. Həmçinin, işğal olunmuş separatçı rejim daxilində Paşinyan hökumətinin  beli bağlıdır. Qarabağ cəhbəsində hərbu əməliyyatların bərpa ehtimalı böyük olduğundan  Paşinyan bu istiqamətdə də ciddi əndişələr içindədir.

Belə olan halda digər görüşlər kimi, xüsusən də  Vaşinqtonda olacaq görüş Paşinyana sadəcə zaman qazanmağa hesablanmış bir  danışıqlardır”. 

Bu mənada da politoloq düşünür ki, Azərbaycan artıq nəticəsiz danışıqlardan imtina etməlidir: “Çünki  Bakı da bilir ki, bu cür danışıqlardan nəticə çıxması ehtimalı sıfıra bərabərdir. Ona görə danışıqlardansa söhbətin hərbi əməliyyatlardan getməsi daha doğru olardı. Çünki erməni cəmiyyəti və ordusu bu gün heç zaman olmadığı bir səviyyədə zəifdir.  Paşinyanın nə Rusiya, nə də Qərb tərəfdən ciddi dəstəyi yoxdur. Belə olan halda nəticəsiz sülh danışıqlarındansa, lokal hərbi əməliyyatlarla bir neçə strateji bölgələrin azad olunmasından danışsaq daha doğru olar”.

Erməni hərbi ekspert Hayk Nahapetyan bu xüsusda qeyd edir: "Azərbaycan müntəzəm şəkildə Qarabağ probleminin hərbi yolla həll olunmasından danışır və üzüyü yavaş-yavaş sıxır".  Onun sözlərinə görə, Azərbaycan tərəfindən həyata keçirilən hərbi təlimlərin sayı bu il 7-dən 13-ə qaldırılacaq: "Hərbi təlimlərin kəmiyyətinin artırılması şəxsi heyətin döyüş vəziyyətinə daha hazırlıqlı olması və mənəvi-psixoloji ruhun yüksəldilməsinə gətirib çıxarır. Azərbaycanın hakimiyyət nümayəndələri tez-tez Türkiyə rəhbərliyi və NATO ölkələri ilə görüşlər təşkil edir, fəaliyyətlərini intensivləşdirir. Azərbaycanın yeni silahlar alması və bunu erməni tərəfinə xatırlatması isə təsadüfi deyil. Bakı həmin silahlardan döyüş meydanında fəal şəkiləd istifadə etməyə hazırlaşır". O iddia edib ki, yenisilahların tətbiqi ilə hərbi təlimlərin  intensivliyinin artırılması 2016-cı ilin fevral-mart aylarından etibarən başlayıb: "Bundan sonra isə aprel hərbi əməliyyatları baş verdi. Deyəsən, Azərbaycan sözdən işə keçməyə hazırlaşır və genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq mərhələsi gedir".

 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz