news Image
2019.06.25
08:30
| A A A
Azərbaycan sınanılmış yolla uğurla irəliləyir
Ölkənin təhlükəsizliyinə cavabdeh şəxslər fəaliyyətlərini əməlləri ilə sübut ediblər

Azərbaycanda idarəetmə modelinin əsas xüsusiyyəti onun insan kapitalına söykənməsidir. Ölkənin təbii resurslarının, özəl olaraq neft kapitalının insan kapitalına çevrilməsi prosesi ulu öndər Heydər Əliyevin 90-cı illərin əvvəlində bağladığı “Əsrin müqaviləsi” ilə qoyulub. Dövlət iqtisadi gəlirlərini artırdıqca dövlət strukturlarının təkmilləşməsinə, islahatçı kadrların hazırlanmasına və yeni dövrlə bağlı metodlasrın mənimsənilməsinə vəsait ayrılıb, beynəlxalq təcrübə öyrənilib və yerli ənənələrə uyğun tətbiq formaları yaradılıb. O vaxtkı gənc və enerjili, savadlı və dövlətçiliyə sadiq kadrlar yeni mühün vəzifələrə irəli çəkilərək bilavasitə iş prosesində qabiliyyətlərini göstərməklə yanaşı həm də püxtələşib, ölkəmizin inkişafında mübariz məmurlar kimi yetişiblər.

Prezident İlham Əliyevin rəhbər kimi qazandığı uğurlarda onun güvəndiyi kadrların rolu əhəmiyyətli olub. Çünki, artıq ümummilli liderin dövründə sınaqdan çıxmış və zəngin təcrübə toplamış insanlar idilər. Bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə güc strukturlarına və milli təhlükəsizliyə cavabdeh sahələr üzrə yeni təyinatların olması göstərdi ki, Azərbaycan dövlətinin sükanı sədaqətli və dövlətçilik yolunda fədakarlıq etməyə qabil və hazır kadrların əlindədir. Dövlət başçısının 20 iyunda imzaladığı sərəncamlarla yeni vəzifələrə təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar. Onlar öz sahələri üzrə çox peşəkardırlar. Siyasi analitiklər və ekspertlər bir sözlə təsdiqləyirlər ki, Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov təhlükəsizlik sahəsində çox işlər görüblər. Vilayət Eyvazov uzun illər ərzində işlədiyi sahədə qüsursuz əməyi ilə seçilib. Belə ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla general Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub. Daxili işlər naziri postuna 1-ci müavinlikdən azad edilən general-leytenant Vilayət Eyvazov gətirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsilə vidalaşan Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib. General Əli Nağıyev isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini postundan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirilib.

Bəli, cəmiyyətin aparıcı qüvvəsi həmişə insan amili olub və indi də belədir. Lakin dövlətin ən qiymətli sərvəti olan insan kapitalı öz-özünə yaranmır. Bu bir dövlət siyasətidir. Uzağı görmək, gələcəyi düşünmək, qarşıya çıxa biləcək çətinlikləri dəf etmək bacarığıdır. Azərbaycanda hələ ötən əsrin 70-ci illərində, sovetlər birliyinin qızğın çağında, müstəqillik haqda yalnız xəyallara qapıldığımız dövrlərdə insan kapitalının yaranmasının əsası qoyulub. Həmin dövrün şahidləri yaxşı xatırlayırlar ki, hər il yüzlərlə, minlərlə orta nəktəb məzunu respublikadan kənara ali təhsil almağa, mütəxəssis olmağa göndərilirdilər. O vaxt səpilən toxumların bəhrələri bu gün respublikanın taleyüklü məsələlərini həll edirlər. Çünki, 40-50 il əvvəlin kaçil mütəxəssisi artıq dünyaya geniş dünyagörüşündən baxır və özündən üstün yeni kadrların yetişdirilməsi barədə düşünürdü. Bu isə milli kamilliyə çatmış daha təcrübəli kadrların yetişdirilməsini ehtiva edirdi.

Azərbaycan müharibə şəraitində yaşayır, mübarizə aparır və sözün həqiqi mənasında həm ərazi bütövlüyü, həm də gələcək uğrunda döyüşür. Buna görə də güc sektorlarının mükəmməlliyi olduqca vacib sahə sayılır. Prezident İlham Əliyevin komandası bu ağır yükü öz çiyinlərində şərəf və ləyaqətlə daşımağı bacarır. Yeni təyinatlar bu yolda səmərəliliyin artırılmasına, qətiyyətin güclənməsinə və bütün haqllarda cəmiyyətdə sabitliyin qorunub saxlanmasına yönəlib. Heç şübhəsiz, komanda üzvləri onlara tapşırılan sahələrin qüsursuz fəaliyyətini tam təmin edəcəklər. Bunun üçün onların hər cür bacarıqları, təcrübələri və əzmkarlıqları var.

N.NOVRUZ