Əlaqə Arxiv
news Image
2019.06.25
09:55
| A A A
ABŞ-ın Qafqaz fəallığı Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşmür
Qabil Hüseynli: “ABŞ Qarabağ məsələsinin həlli istiqamətində getdikcə daha pozitiv və konstruktiv mövqe tutmağa başlayır” Araz Aslanlı: “ABŞ-ın Cənubi Qafqazda fəallaşması sırf regional maraqlar, Rusiya və İranla yaranan müəyyən gərginliklə, eləcə də Cənubi Qafqazda gedən bəzi proseslərlə bağlıdır”

ABŞ-ın Cənubi Qafqaza marağı durmadan artır. Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vaşinqtonda keçirilən son görüş də bunun bariz nümunəsidir. Məhz marağın yaranmasının nəticəsidir ki, Ağ Ev münaqişə tərəfləri arasında belə bir görüşü öz ərazisində təşkil edir.

Politoloq Qabil Hüseynlinin fikrincə, ABŞ-ın Cənubi Qafqaza diqqətinin artmasının əsasında onun hazırda Rusiya ilə yaşanan gərgin münasibətləri dayanır: “ABŞ Rusiyanı özünə dost olan dövlətlərlə həlqəyə almaq istəyir. Bu prosesdə də Cənubi Qafqaz mühüm rol oynayır. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan isə onlar üçün daha əhəmiyyətlidir. Çünki Azərbaycan Qərb üçün əhəmiyyətli olan enerji nəqliyayt dəhlizlərinin üstündədir.

Digər tərəfdən Azərbaycan Xəzər dənizi vasitəsilə Orta Asiyaya gedən yolların üzərində yerləşib. Orta Asiyanın fəthi üçün Azərbaycan Vaşinqtonda son dərəcədə əhəmiyyətli məkan hesab olunur. Bu səbəblərdən də əvvəl Cənubi Qafqazda möhkəmlənmək, sonra isə oradan da Orta Asiyaya keçmək ABŞ-ın geostrateji planlarına daxildir. Vaşinqton bu regionda Rusiyanı zəiflətməyi düşünür”.

Ekspert ABŞ-ın Cənubi Qafqaza diqqətinin artması fonunda onun Dağlıq Qarabağ məsələsinə də diqqətinin artacağına inanır: “Qarabağ məsələsiən daha çox diqqət qabaqdadır. Bununla belə ABŞ-ın regionumuza diqqətinin artması həmin münaqişənin həlli prosesinə də müsbət çalarlar gətirə bilər.

Bakı ilə Vaşinqton arasında münasibətlər zatən möhkəmlənir. Bu əsasda da ABŞ Qarabağ məsələsinin həlli istiqamətində getdikcə daha pozitiv və konstruktiv mövqe tutmağa başlayır. Ona görə də, Azərbaycan Qarabağ probleminin həllində ABŞ-la əlaqələri gücləndirməyə çalışmalıdır”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı qeyd etdi ki, əslində, ABŞ-ın Cənubi Qafqaza marağı daim olub: “Sadəcə, Sovet rejimi dağılandan və soyuq müharibə dövrü başa çatandan  sonra ABŞ Cənubi Qafqaza dair siyasətində bir qədər qeyri-sabit xətt nümayiş etdirib. Onun bu regional bağlı siyasəti müəyyən dövrlərdə daha qabarıq şəkildə ortaya çıxıb,müəyyən dövrlərdə isə bir qədər arxa planda qalıb. Bu da bəzən qlobal xarakterli hadisələrlə, məsələn 11 sentyabr olaylarından sonra Orta Asiya vasitəsilə Əfqanıstana müdaxilə və yaxud Çeçenistan hadisələrilə bağlı olub. Bəzən də bu strategiya ABŞ-ın özünün xarici siyasətindəki yanaşmalarla əlaqədar baş verib. Indiki halda isə, ABŞ-ın bölgəmizə marağının artması Vaşinqtonun Moskva və Tehranla münasibətlərinin kəskinləşməsilə əlaqədardır. ABŞ-ın bu iki dövlətlə münasibətlərinin pisləşməsi də Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətinə təsir edb. Bir qədər də bu maraq Ermənistan və Gürcüstanda gedən proselərlə bağlıdır”.

Həmsöhbətimiz Vaşinqtonun bu marağının Qarabağ konfliktinin həllinə müsbət çalarlar gətirəcəyinə isə inanmır: “Azərbaycanı burada maraqlandıran mühüm amil ABŞ-ın burada mövqeyinin möhkəmlənməsinin Qarabağ probleminin həllinə təsiri məsələsidir. Əvvəlki illərdə bunun birbaşa Qarabağ probleminə təsirini ciddi mənada görmədik. Yalnız bunu yüngül şəkildə görə bilmişik. Müəyyən dövrlərdə ABŞ sözügedən məsələdə fəallaşaraq töhvə verməyə çalışıb. Amma ümumiyyətlə, ABŞ-da daxil olmaqla həmsədr ölkələr lazım olan qədər konkret mövqe ortaya qoymadıqlarından ritorikadakı dəyişiklik heç nəyi ifadə etmir. Ola bilər, ABŞ yenə Qarabağ münaqişəsi məsələsində fəallaşısn, hansısa bəyanatlar versin. Plan ortaya qoysun. Amma arzuladığımız qədər konkret mövqe ortaya qoymayınca, nəticə də yaranmayacaq.

Ümumən ABŞ-ın Cənubi Qafqazda fəallaşması sırf regional maraqlar, Rusiya və İranla yaranan müəyyən gərginliklə, eləcə də Cənubi Qafqazda gedən bəzi proseslərlə bağlıdır”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz