news Image
2019.06.26
09:45
| A A A
Azərbaycanın səhvsiz siyasəti onu çarpaz atəşdən qoruyur
Natiq Miri: “Dünya güclərinin Qafqaza artan bu marağı təbiidir və yaxın dövrlərdə bu maraqlar səngiməyəcək, əksinə çarpışma getdikcə daha da artacaq”

Son dövrlər ABŞ, Avropa İttifaqı, Çin və Rusiyanın Qafqaza marağının artması müşahidə olunur. Əvvəlki illərdə, həmin ölkələrin Qafqaza marağı bu qədər geniş olmayıb. Amma indi görünən odur ki, dünya güclərinin regiona marağı xeyli dərəcədə artıb. Buna  səbəb nədir və bu hal regionun gələcəyinə nə vəd edir?

Politoloq Natiq Miri bildirdi ki, dünya güclərinin indiki halda Qafqaza marağının artması təbiidir: “Bildiyiniz kimi, Cənubi Qafqaz bölgəsi bütün zamanlarda geosiyasi və geostrateji əhəmiyyətinə görə dünya güclərinin maraq dairəsində olub. Bu gün iqtisadi-ticari sistemlərin yüksək səviyyədə inkişaf etdiyi bir məqamda Asiya ilə Qərbi birləşdirən İpək Yolu çərçivəsində Çini Avropaya birləşdirəcək ciddi layihə işlənilir ki, burada da əsas təşəbbüskar ölkələrdən biri Cənubi Qafqazın daha əhəmiyyətli ölkəsi olan Azərbaycandır. Ona görə də Rusiya, Çin, ABŞ və Avropa İttifaqı kimi nəhənglərin Cənubi Qafqazda maraqlarının toqquşması hiss olunur. Bu hal özünü təkcə Cənubi Qafqazın kiçik dövlətləri olan Gürcüstan və Ermənistanda deyil, Azərbaycanda da hiss olunur. Regional müsəlman ölkəsi olan İranla ABŞ arasında qarşıdurma fonunda vəziyyət o qədər mürəkkəbləşib ki, bu prosesdə Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın önəmi artır. Ona görə də bu maraqlar təbiidir. Düşünürəm ki, yaxın dövrlərdə bu maraqlar heç də səngiməyəcək, əksinə çarpışma getdikcə daha da artacaq. Ona görə də indiki məqamda Azərbaycan çox dəqiq bir siyasət müəyyənləşdirməlidir ki, toqquşan maraqlar arasında qalmasın. Çünki bir tərəfdə, Gürcüstanı NATO-ya inteqrasiyaya doğru aparan Qərb dünyası mövcuddur. Digər tərəfdə isə inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan hökuməti hələ də birmənalı olaraq ölkəsinin hansı istiqamətdə getdiyini müəyyənləşdirə bilmir. Bir tərəfdən, erməni ictimaiyyəti Rusiyaya qarşı mövqe ortaya qoyarkən, digər tərəfdən Paşinyanın özünü Moskvanın vassalı kimi aparması Qərb dünyasında müəyyən narahatlıq yaradır. Bir tərəfdə isə, Azərbaycan kimi geosiyasi və geostrateji əhəmiyyəti olan qüdrətli dövlət mövcuddur. Hansı ki, Bakı bütün dünya gücləri arasında bərabər məsafə saxlayan siyasətə üstünlük verir. Azərbaycan xarici siyasətdə balans siyasəti yürüdür ki, bu da müəyyən mənada ölkəmizin çarpaz atəşdən sığortalanmasına xidmət edir. Bütün hallarda görünən odur ki, bölgəmiz olduqca strateji bir ərazidir. Həmin bölgə uğrunda ciddi mübarizənin getdiyi də tam şəkildə aşkardır. Belə olan təqdirdə, dəqiq, ölçülü, bir çox geosiyasi hadisələri önləyə biləcək siyasət yürütmək məcburiyyətindəyik ki, ən azından dünya dövlətlərinin çarpaz atəşi altında qalmayaq”.

Ekspertin fikrincə, dünya güclərinin bölgəmizə yönəlik marağının artması regionun gələcəyinə müsbət və mənfi çalarlar gətirə bilər:

“Bölgəmizin daima diqqət mərkəzində olması bir tərəfdən müsbət haldır. Çünki belə vəziyyət ən azından müəyyən mənada bölgənin, həmçinin Azərbaycanın inkişafına xidmət edir. Başqa bir tərəfdən, maraqlar toqquşması nəticəsində bölgədə yeni bir yanğın da alovlana bilər. Geosiyasi maraqlar kontekstində hər hansı bir dünya gücü öz maraqlarını əldə edə və mənfəətlərini təmin edə bilmirsə, bir sıra hallarda həmin bölgələrdə süni də olsa müharibə yaratmağı hədəfləyirlər. Ona görə bölgəmizin daim diqqətdə olmasının nə qədər müsbət tərəfləri varsa, digər tərəfdən mənfi tərəfləri də mövcuddur. Ona görə də Azərbaycan indiki həssas şəraitdə səhvsiz xarici siyasət yürütməlidir ki, dünya güclərinin çarpaz atəşi altına düşməsin”.

Rüfət NADİROĞLU