news Image
2012.05.04
23:56
| A A A
İrandan Azərbaycana qarşı növbəti təxribatçı hərəkət
Cənub qonşumuzun media orqanlarında İran Xalq Mücahidləri Təşkilatının fəaliyyətində ölkəmizlə ilgili materiallar yayılır

İran mediasında Azərbaycan əleyhinə müxtəlif təxribat xarakterli materiallar, böhtan və iftiralar yayılmaqda davam etməkdədir. Halbuki bir müddət əvvəl Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun İrana səfəri zamanı bu ölkə rəsmiləri media orqanlarında Azərbaycana qarşı təxribatçı materiallara son qoyulacağını bildirmişdilər.

Ancaq görünən odur ki, İran tərəfi nəinki bu vədə əməl edir, əksinə adı çəkilən ölkənin media orqanlarına Azərbaycana qarşı yönəlmiş iftiralar daha da artır.

Bunun daha bir konkret sübutu kimi İranın ingilisdilli Press TV televiziya kanalının İran Xalq Mücahidləri Təşkilatının (İXMT) üzvlərinin Azərbaycan-İran sərhədlərində yerləşdirilməsinə dair yaydığı məlumatı göstərmək olar. Qeyd edək ki, İran hökuməti tərəfindən maliyyələşən bu kanal onu da iddia edir ki, adı çəkilən terrorçu qruplaşmanın üzvlərinin sərhəd bölgələrdə yerləşdirilməsi üçün yəhudi lobbisi Azərbaycan tərəfinə təzyiq edir.

Xatırladaq ki, İran Xalq Mücahidləri Təşkilatı 1965-ci ildə yaradılıb və onun məqsədi İran şahını devirmək idi. Qrupun "İran" adlanan fəaliyyət göstərən silahlı qanadı vardı, amma özü mühacirətdə mənzillənib. İran hakimiyyəti 1979-cu il inqilabı zamanı bu təşkilatı dəstəkləyib. Lakin sonradan İran Xalq Mücahidləri Təşkilatı yerli hakimiyyətə qarşı gəldiyi üçün terrorçu hesab edilib.

2002-ci ildə Avropa İttifaqı bu qrupu özünün terror qurumlar siyahısına daxil etmişdi. Bu isə o demək idi ki, Avropa İttifaqı onun maliyyələşmə kanallarını bağlaya bilər. 2 il əvvəl isə Avropa İttifaqının Birinci İnstansiya Məhkəməsi İran Xalq Mücahidləri Təşkilatı barədə Avropa İttifaqının qərarını ləğv edib. Lüksemburqda yerləşən Birinci İnstansiya Məhkəməsi Avropa İttifaqının qərarının səhv olduğunu bildirib. Birinci İnstansiya Məhkəməsinin hökmündə yazılıb ki, Avropa İttifaqının gətirdiyi əsaslar İXMT-nın fondlarını dondurmaq üçün kifayət deyil. Məhkəmə eləcə də İXMT-nin adını 2007-ci il terror təşkilatları siyahısından çıxarmağı əmr edib. Bir müddət əvvəl Böyük Britaniyadakı məhkəmə də qrupun appelyasiyasına bəraət qazandırmışdı.

Bu günlərdə "The New Yorker" jurnalı ABŞ kəşfiyyatının adı açıqlanmayan bir sabiq vəzifəli şəxsinə istinadən bildirib ki, İXMT üzvləri 2005-ci ildən Nevadada təlim keçib, bu proses Barak Obama prezident seçiləndən sonra dayandırılıb. Təlimlər girişin sərt şəkildə məhdudlaşdırıldığı dağlıq ərazidə keçirilib, bu ərazi əvvəllər nüvə sınaqları üçün nəzərdə tutulub. İstefada olan general bildirib ki, silahlılara kriptoqrafiya təlimi keçirilib, kiçik qruplar şəklində fəaliyyət, rabitə vasitələrindən istifadə və silahla davranmaq öyrədilib. Jurnal təlim keçmiş silahlıların hazırda İranda əməliyyatlara cəlb olunub-olunmadığını yazmır.

Adı gizli saxlanan yüksək vəzifəli ABŞ məmurlarından biri İranın nüvə fizikası alimlərinin məhz İXMT tərəfindən öldürüldüyünü bildirib. Elə buna görə də İran İXMT-yə qarşı getdikcə daha aqressiv mövqe tutur. İndi isə İran televiziyası iddia edir ki, İran Xalq Mücahidləri Təşkilatının təmsilçiləri Azərbaycan-İran sərhədlərində yerləşdirilir və bu prosesə İsrailin xarici işlər naziri Aviqdor Libermanın bu günlərdə Bakıya baş tutmuş səfərindən sonra strat verilib. Kanal öz cəfəngiyyatında bir qədər irəli gedərək bildirir ki, guya ABŞ da bu xüsusda Azərbaycanla danışıqlar apararaq İXMT-nin üzvlərinin müdafiəsini Bakıdan xahiş edib. Təbii ki, bütün bunlar Azərbaycana qarşı növbəti iftiradan başqa bir şey deyil. Digər tərəfdən İran bu cür təxribatçı materiallar yaymaqla həm də ölkəmizin İsraillə münasibətlərini dayandırmağa çalışır.

Halbuki Bakı və Təl-Əviv qarşılıqlı münasibətlərin inkişafında maraqlı tərəflər kimi çıxış edirlər. Digər tərəfdən Azərbaycan İranla qonşu dövlət olmasına baxmayaraq yəhudilərin təhlükəsiz yaşadığı məskənlərdən biri də məhz Azərbaycandır. İsrailin Azərbaycandakı səfiri Mixail Lotem da bəyan edib ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən son aylar ərzində xarici vətəndaşlara qarşı terror aktları niyyətində olan bir neçə radikal qrupun zərərsizləşdirilməsi respublikada İsrail vətəndaşlarının təhlükəsizliyinə təsir etməyib: "Bundan sonra mən özümü hətta daha çox təhlükəsiz hiss edirəm, çünki bu cəhdlərin qarşısı alınıb. Bu isə onu göstərir ki, təhlükəsizliyin təmin olunması burada kifayət qədər yaxşı səviyyədədir".

Onun sözlərinə görə, Azərbaycanın "bəzi qonşuları" ölkədə sabitliyi pozmaq barədə bu cür planları hələ də daşıyırlar: "Lakin, ingilislərin sözləri ilə desək, "Pudinq haqqında fikir söyləmək üçün onu dadmaq lazımdır". Pudinq isə, sizin xidmətlərin öhdəsindən necə gəldiyini nəzərə alsaq, çox yaxşıdır. Düşünürəm ki, hər kəs İsrail və Azərbaycan liderlərindən bizim hər hansı üçüncü ölkəyə münasibətlərimizə zərər verməyə imkan verməyəcəyimiz barədə çox güclü ismarıc alıb".

Diplomat İsrailin guya Azərbaycanın ərazisi vasitəsilə İrana hücüm etmək niyyətində olması barədə mətbuatın məlumatlarını təkzib edib. Səfirin sözlərinə görə, mayın sonunda Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin təhlükəsizliyinin təmin olunmasına İsrailin "Mossad" xüsusi xidmət orqanının cəlb ediləcəyi barədə bəzi mətbu orqanlarının məlumatlarını da şayiə adlandırıb.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs