Əlaqə Arxiv
news Image
2019.07.20
08:00
| A A A
Ermənistanda antihökumət qiyamı başlayır
Xalqın güzəranını yaxşılaşdıra bilməyən inqilabi hökumət olan-qalan çörəyini də onun əlindən alır

İyulun 17-də düşdüyü rəzalətdən canı boğazına yığılan Ermənistanın İcevan şəhərinin ağac emalı sexinin işçiləri Paşinyan hökuməti əleyhinə qiyam qaldırıblar. Onlar Ermənistan-Gürcüstan dövlət yolunu bağlayaraq hökumətdən ətraf meşələrdə ağac qırılmasına əvvəlki qaydada icazə verilməsini tələb ediblər. Aksiya zamanı polislə baş verən toqquşmada hər iki tərəfdən xəsarət alanlar olub. Polislər tərəfindən 22 nəfər həbs olunub, 36 nəfər isə müşahidə altına alınıb.

Hadisə ilə əlaqədar Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan və Ermənistan polisinin rəisi Valeri Osipyan Tavuş vilayətinə gələrək administrasiyada iclas keçiriblər. İclasdan sonra İcevandan İrəvana qayıdan rəhbərlərin yolunu nümayişçilər kəsib. Onlar dinc aksiya iştirakçılarının həbsdən azad edilmələrini tələb ediblər.

İndi polis qüvvələri İcevanda keşik çəkir. Ötən il camaatı keçmiş hakimiyyətə qarşı eyni səbəbdən qiyama qaldıran Paşinyan isə indi bu hadisədə külisdə 3-cü qüvvələrin mənfur fəaliyyətindən danışır. Artur Vanesyan aksiyanı bir neçə nəfər tərəfindən hazırlanmış təxribat sayır. Onun sözlərinə görə, artıq istintaq başlayıb və günahkarlar tapılıb cəzalandırılacaqlar.     

Analitik Tevos Arşakyan yazır ki, xalq çıxılmaz vəziyyətinə görə küçələrə axışıb. Əgər onlara meşəni qırmaq qadağan edilsə yüzlərlə ailədə birləşən minlərlə sakin bir tikə çörəyə həsrət qalacaq. Bu qiyam hakimiyyətlə xalq arasında yaranmış çatın sürətlə böyüməsinə səbəb olub. Çünki, əhali inqilabi hökumətdən gözlədiklərinin heç birini ala bilməyiblər. Axı, əvvəlki diktator rejimini xalq özü devirib və Paşinyanı da hakimiyyətə gətirən odur. Bəs, verilən vədlər? 2018-ci ilin aprelindən bəri əhali ilə hakimiyyət arasında İcevandakı səviyyədə qarşıdurma olmayıb. Demək, vəziyyət əvvəlki tək gərginləşib. Belə ki, nümayişçilər son dərəcə qətiyyətlilik göstəriblər.

Aksiyanın hökumətdə müzakirəsində Paşinyan bildirib ki, heç kəs hökumətlə şantaj yolu ilə danışa bilməz. Arşakyan ona xatırladır ki, keçən il arxanda duran kütlənin gücü hesabına Serji və onun komandasını partlatmaq istəyirdin. İndi vəziyyət sürətlə hökumətin əleyhinə dəyişir deyə inqilabçı Paşinyan narazıların səsini kəsmək üçün diktator üsullarının tətbiqinə keçir. Axı, camaat necə yaşayacağını bilmir. Son bir ildə sadə erməninin həyatında irəliyə doğru heç bir dəyişiklik baş vermətib. İndi əhali öz-özünə sual verir: İndiki hökumət əvvəlkindən nə ilə fərqlənir? Buna görə də İcevan qiyamı Paşinyan hökumətinə etibarın itirilməsinin təsdiqidir.   

Ümumiyyətlə, baş nazir Nikol Paşinyanın bütün işləri yarımçıqdır. Bir müddət əvvəl məhkəmə sahəsində islahatlar haqda gurultulu bəyanatlar verməyinə baxmayaraq hələ ki, ortada əməli fəaliyyət yoxdur. Politoloq Stepan Danielyan Sputnik Ermənistan-a açıqlamasında deyib ki, baş nazir məhkəmələrin işinin güclə dayandırılması  (Konstitusiyanın pozulması) və hakim Vahe Qriqoryanın özünü Konstutisiya Məhkəməsinin sədri elan etməsi barədə hansısa izah verəcək. Ancaq bütün bunlar çox qeyri-səmimi görünür. Hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis Ara Kazaryan da məhkəmə islahatlarının gedişinə şübhə ilə yanaşır. Onun sözlərinə görə, hökumətin məsələyə yanaşması dəyişməyib, onlar sadəcə olaraq, nəyi necə etməyi bilmirlər. Bu halın davam etməsi isə ölkədə qanunsuzluğun baş alıb getməsi və vəziyyətin düzəldilməsində hökumətin aciz qalması əks olunur.

Beləliklə, inqilabı hökumətin dayaqları sürətlə zəifləyir. Payıza doğru vəziyyətin daha da kəskinləşəcəyi istisna deyil. Axı, havalar soyuduqca insanların isitiliyə ehtiyacları artır. İstiliyin mənbəyi isə təbii qaz və oduncaqdır. Təbii qazın qiymətini Rusiya artırır, ağacların kəsilməsini isə hökumət qadağan edir. Bəs, onda kasıb ermənilər nə etməlidirlər? Əlac yalnız qiyama qalır.

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz