Əlaqə Arxiv
news Image
2019.08.07
08:30
| A A A
Qarabağda İrəvan üzündən yeni savaş başlanır
Məhəmməd Əsədullazadə: “Paşinyanın verdiyi bu bəyanat artıq müharibənin qaçılmaz olduğuna bir işarədir”

Növbəti dəfə qanunsuz şəkildə Xankəndinə səfər edən Ermənistan baş naziri Nikol Paşinyan yenə də özünün sərsəm çıxışları ilə yadda qalıb. Belə ki o, Xankəndində meydanda çıxışı zamanı “Qarabağ Ermənistandır” deyərək bir daha göstərdi ki, sülh fəaliyyətindən uzaqdır. Yaranmış vəziyyət istər-istəməz Azərbayanı adekvat addımlar atmağa vadar edir.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Paşinyanın son açqılaması İrəvanın danışıqlarda maraqlı olmadığını bütün çalpaqlığı ilə ortaya qoydu: “Ermənistan baş naziri Nikol Paşinyan və xarici işlər nazirləri Zöhrab Mnatasakanyanın son aylar sərgilədiyi mövqelər belə deməyə əsas verir ki, işğalçı ölkə rəhbərliyi sülhə gəlməyə zərrə qədər də olsa hazır deyil. Paşinyanın avqustun 5-ə işğal olunmuş ərazilərimizə səfəri çərçivəsində verdiyi həmin bəyanatlarla münaqişə tərəfləri arasında bundan əvvəl Vaşinqton danışıqlarında əldə olunan razılaşmalara demək olar ki, nöqtə qoyuldu. Belə ki, Paşinyan Xankəndinə səfəri fonunda həyasızcasına Qarabağı artıq Ermənistanın ərazisi kimi göstərdi. Bu isə o deməkdir ki, artıq Paşinyan danışıqlar prosesində maraqlı deyil, sülhə nail olmaq imkanlarından geri çəkilir. Onun bu açıqlaması daxili auditoriyaya yönəldiyi kimi həmçinin xarici, xüsusilə də Minsk qrupu həmsədrlərinə bir mesaj olaraq göndərilib. Çünki onun verdiyi bu bəyanat artıq müharibənin qaçılmaz olduğuna bir işarədir və bununla da regionda sülh və təhlükəsizliyə birbaşa ciddi təhlükədir”.

Ermənistan rəhbərliyinin sözügedən açıqlaması fonunda Azərbaycanın atacağı adekvat addımlara gəldikdə, ekspert bu barədə müvafiq beynəlxalq qurumları məlumatlandırılmasını və düşmənə ciddi zərbələr endirilməsini vacib hesab etdi: “Hesab edirəm ki, rəsmi Bakı Paşinyanın həmin bəyanatı ilə bağlı Minsk qrupu həmsədrlərini məlumatlandırmalıdır. Sentyabr ayında BMT  Baş Məclisinin növbəti iclası başlayacaq. Azərbaycan sözügedən məsələni burada da qaldırmalıdır. Eyni zamanda, Avropa İttifaqı Parlament Assambleyası və digər təşkilatlarda bununla bağlı sorğu keçirməli, qeyd etməlidir ki, artıq İrəvan tərəfi danışıqlardan yayınır, Qarabağı isə rəsmi şəkildə, baş nazir səviyyəsində Ermənistanın ərazisi kimi təqdim edirlər. Bu, o deməkdir ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazilərini geri qaytarmaq hüququnu artıq reallaşdırmalıdır. Azərbaycan təbii ki, Paşinyanın bu hərəkətinə adekvat olaraq bütün cəbhə boyu preventiv addımlar atmalıdır. Mütləq şəkildə erməni ordusuna lokal zərbələr vurulmalıdır. Xüsusən də Cəbrayıl və Füzuli rayonlarının geri alınması istiqamətində hərəkətə keçməliyik. Bu müstəvidə Ermənistanı danışıqlar masası arxasında kompromisə gətirmək üçün lokal hərbi əməliyyatlara başlamalıyıq.

Azərbaycanın əlində beynəlxalq hüququn verdiyi ciddi vasitə də var. Bu da işğalçıya ciddi zərbə vuraraq əraziləri azad etməkdən ibarətdir. Azərbaycan 20 ildən artıqdır ki, danışıqlar prosesində özünün sülhpərvər olduğunu göstərib. Son Vaşinqton görüşündə də Bakı sülh danışıqlarında maraqlı olduğunu ortaya qoydu. Amma Paşinyanın Qarabağa son səfəri və burada verdiyi açıqlamalar göstərdi ki, İrəvan danışıqlarda maraqlı deyil. Ona görə də Azərbaycan son vasitə olaraq işğalçıya ciddi zərbələr endirməlidir. Yalnız və yalnız hərbi güc yolu ilə Ermənistanı yerində otuzdurmaq lazımdır. Belə olmadıqda aparılan danışıqlar əvvəlki tək manipulyasiya xarakteri daşımaqda davam edəcək. Paşinyan isə daima Xankəndinə gəlib sərsəm açıqlamalar verməklə prosesi demək olar tormozlayacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz