Əlaqə Arxiv
news Image
2019.08.10
08:00
| A A A
Minsk qrupundan yenə səs çıxmır
Araz Aslanlı: “Paşinyanın son açıqlamasına Minsk qrupunun münasibətsizliyi qurumun öz mahiyyətini unutmasından qaynaqlanır” Cümşüd Nuriyev: “Xristian həmrəyliyi, ABŞ-la Rusiyanın Qarabağ məsələsinin həll olunmamasında maraqlarının üst-üstə düşməsi belə vəziyyətə gətirib çıxarıb”

Ermənistan baş naziri Nikol Paşinyanın qanunsuz şəkildə Xankəndində olarkən Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin tənzimlənməsi üzrə danışıqların mahiyyətinə də ziddir. Lakin buna baxmayaraq, konfliktin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu nədənsə Paşinyanın həmin açıqlamasına münasibətdə susqunluq nümayiş etdirməkdə davam edir.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, Paşinyanın Xankəndindəki sərsəm açıqlamasına reaksiya verməməsi Minsk qrupunun öz mahiyyətini unutmasından irəli gəlir: “Münaqişənin təmzimlənməsinə başlanılan ilk anlardan bu günə qədər konfliktin həllilə məşğul olan beynəlxalq qurumların, ayrı-ayrı dövlətlərin hərəkətində tam arzuolunan yanaşmanı sərgilədiklərinin şahidi olmamışıq.

Elə məqamlar olub ki, Ermənistan işğalı artıranda beynəlxalq təşkilatlar tərəfindən ona qarşı bir qədər sərt ritorika səslənib. Amma bu sərt ritorika da real addımlarla müşahidə edilməyib, sadəcə, sözdən ibarət olub. BMT Təhlükəsizlik Şurasının Qarabağ konfliktilə bağlı 4 qətnaməsi var. Lakin onun reallaşması üçün bu günə qədər ardıcıl addımlar atılmayıb. Paşinyanın son açıqlamalarına Minsk qrupunun münasibətsizliyi isə konkret olaraq həmin qurumun öz mahiyyətini unutmasından irəli gəlir.   Daha doğrusu, həmin qurumda həmsədr funksiyasını icra edən ölkələr Minsk qrupunun mahiyyətini unudublar. 

Qurum özünün vasitəçilik missiyasını sadəcə, tərəflər arasında danışıqları davam etdirməkdə görür. Bu isə kifayət qədər qüsurlu yanaşmadır. Minsk qrupunun həmsədrlərinin missiyası münaqişəni mümkün qədər tez zamanda, beynəlxalq prinsiplərə uyğun və dinc yolla həll etməkdir. Bunun üçün də onlar işğal faktoruna qarşı mübarizə aparmalıdırlar. Amma danışıqlar naminə beynəlxalq hüququn prinsiplərinə göz yummaq, işğal faktoru ilə barışmaq Minsk qrupunun yaranma mahiyyətinə ziddir. Düzdür, müəyyən məqamlarda həmsədr dövlətlər işğal faktını qınayıb, ona münasibətdə sərt münasibət bildirib.  Amma ümumi yanaşmada işğalçıya qarşı konkret münasibət bildirilməsinin ardıcıllığını görmürük. Paşinyanın son açıqlamasına qurumun susqunluğu da məhz bundan qaynaqlanır. Halbuki, Paşinyanın həmin açıqlamasından dərhal sonra onlar Ermənistandan izahat tələb etməli idilər. Çünki bu addım Minsk qrupunun apardığı prosesə zərbə vurur”.  

Politoloq Cümşüd Nuriyevin fikrincə, Paşinyanın həmin açıqlamasına Minsk qrupunun reaksiya verməməsi onların xristian təəssübkeşliyindən qaynaqlanır: “Ümumiyyətlə, Minsk qrupu 30 ilə yaxındır ki, Ermənistana xüsusi rəğbət bəsləyir. İlk növbədə onu deyim ki, həmin qurum yaradılanda səhv yaradılıb. AXC dövründə ora üzv olmaqla ən böyük səhvi etdilər. Həmsədrlər seçiləndə heç olmasa, paritetlik təmin edilməli idi. Hər üçü xristian dövləti və BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan Minsk qrupu ilə bağlı qəti mövqe ortaya qoymalı, ondan imtina etməlidir. Xristian həmrəyliyi, ABŞ-la Rusiyanın Qarabağ məsələsinin həll olunmamasında maraqlarının üst-üstə düşməsi, ABŞ-ın hazırkı prezidentinin  qeyri-adekvat olması, Fransa prezidentinin siyasətdən uzaq olması və Rusiyanın ölkəmkizə olan münasibəti Minsk qrupunun sözügedən məsələyə görməməzlik prinsipindən yanaşmasına gətirib çıxarıb. Ona görə Paşinyanın həmin hərəkətinə münasibətdə Minsk qrupu həmsədr ölkələrinin heç bir münasibəti olmadı, olmayacaq da».

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz