Əlaqə Arxiv
news Image
2019.08.16
08:15
| A A A
“Söyüş müxalifəti”nin qrant davası kəskinləşir
Niyaməddin Orduxanlı: “Məhz xaricdən aldıqları qrantlar hesabına onlar Azərbaycanın, hökumətin üzərinə gəlir, dövlətimizə qara yaxmaqla məşğul olur, onun imicinə zərbə vurmağa çalışırlar”

Radikal müxalifət düşərgəsi xaricdən müxtəlfi adlar altında aldığı böyük həcmdə qrantların mühüm hissəsini mənimsəməklə məşğuldur. Dəfələrlə şahidi olmuşuq ki, radikal müxalifət, xaricdəki “mühacirlər” əcnəbi dairələrdən aldıqları qrantları heç də tamamilə öz sahiblərinin istəkləri istiqamətində xərcləməyiblər. Əksinə, əldə edilən bu vəsaitlərin əsas hissəsini mənimsəməklə öz şəxsi maraqlarının təmin edilməsinə yönəldiblər.

“5-ci kolon” nümayəndələri, “söyüş müxalifəti” həmin qrantın bir hissəsini də onu verən dairələrin göstərişi ilə Azərbaycan əleyhinə kampaniya aparmağa, dövlətimizin beynəlxalq arenada nüfuzuna zərbə vurmağa yönəldir. Amma yuxarıda da qeyd edildiyi kimi, radikal müxalifət həmin vəsaitin xeyli hissəsini öz şəxsi ambissiyalarının təmin edilməsinə xərcləyir. Bu fonda radikallar arasında qrant almaq uğrunda rəqabətin kəskinləşməsi də açıq müşahidə olunur.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı radikal müxalifətə xaricdən ayrılan qrantlar uğrunda radikalların rəqabətinin kəskinləşməkdəolduğunu vurğulayır. Bununla belə, onun fikrincə, əsasən şəxsi məsrəflər üçün xərclənən həmin qrantların həcmi azalacaq: “Radikal müxalifət uzun müddətdir ki, xaricdən qrant alır. Tək radikal müxalifət deyil, Mehman Əliyev, Xədicə İsmayıl, xaricə toplaşan Azərbaycan əleyhinə istifadə olunan bir qrup “mühacirlər”, bu tip adamlar hər zaman xaricdən maliyyələşib. Məhz xaricdən aldıqları qrantlar hesabına onlar Azərbaycanın, hökumətin üzərinə gəlir, dövlətimizə qara yaxmaqla məşğul olur, onun imicinə zərbə vurmağa çalışırlar. Pulu verən qüvvələr də məhz həmin sifarişləri verənlərdir.

Radikal müxalifət, xaricdəki “mühacirlər”, “5-ci kolon” nümayəndələri də aldıqları qrant müqabilində dövlətimiz əleyhinə kampaniya aparırlar. Qrantı verənlərin böyük əksəriyyəti də bilavasitə və yaxud dolayısı ilə erməni diasporasının nümayəndələri, yaxud da onlara xidmət edən dairələrdir. Bu mənada radikal müxalifət və “5-ci kolon” nümayəndələri aldıqları qrantın müəyyən hissəsini öz şəxsi məqsədləri naminə xərcləsələr də, həmin vəsaitin kəsiləcəyini düşünmürəm”.

Həmsöhbətimzi vurğuladı ki, Azərbaycan dövlətinin zəifləməsini istəyən, onun nüfuzunun artmasından əndişələnən qüvvələr  heç zaman bu maliyyəni kəsməyəcək: “İstər Əli Kərimli, istər Xədicə İsmayıl, istərsə də Orduxan və digərləri məhz aldıqları həmin qrantlar hesabına dövlətimiz əleyhinə fəalyyətdə bulunurlar. Amma aldıqları qrantın 90 faizindən çoxunu da radikal müxalifət öz şəxsi məqsədləri üçün xərcləyir. Xaricdən aldıqları bu pulalrı öz ailələrinin yaxşı yaşaması üçün sərf edirlər. 26 ildir Əli Kərimli heç bir yerdə işləmir. Amma onun iki övladı hər biri üçün illik təhsil haqqı  200 min manata çatan İngiltərə universitetlərində oxuyur. Bu qədər pulu Əli Kərimli hardan alır? Biznesmen deyil, sahibkarlıq fəaliyyətilə məşğul olmur. Bu pullar məhz onun qrantlardan əldə etdiyi pullardır. Bəzən hətta şahidi oluruq ki, onlar ayrılan qrant vəsaitlərini də düzgün bölüşdürə bilmir və bu fonda bir-birini ittiham edirlər. Məsələn, Məhəmməd Mirzəli Tural Sadıxlını 80 min dollarlıq vəsaiti düzgün bölməməkdə ifşa etmişdi. Radikal müxalifətə səpələnən bu vəsaitlər hər zaman Azərbaycanın, dövlətimizin, xalqımızın əleyhinə yönəldilib. Ona görə də nə olmasından asılı olmayaraq Azərbaycana düşmən xarici dairələr bu pulları kəsməyəcək. Bunun baş verəcəyini gözləmirəm. Ola bilsin, müəyyən qədər verilən həmin vəsaitlərin həcmi azalsın. Avropada oturan müəyyən güc mərkəzləri, bəzi dövlətlər Azərbaycana təzyiq etmək üçün bu cür dövlətə xəyanət edən adamlardan sui-istifadə edirlər. Baxın, bu qüvvələr, radikallar, “5-ci kolon” təmsilçiləri, “söyüş müxalifəti” onların hamısı eyni tezis üzərində fəaliyyət göstərir, hamısı eyni mərkəzdən idarə olunurlar. Bu, açıq-aydın, gün kimi görünür. Bütün tezislər, mövzular, müzakirə olunan məsələlər, hamısı elə bil ki, bir mərkəzdən hamısına ötürülür. Gün ərzində də eyni mövzunu müzakirə edirlər.

Onların dövlətimiz əleyhinə apardığı işlər cəmiyyətimiz tərəfindən açıq-aşkar görünür. Bunu görmək üçün siyasətlə məşğul olma lazım deyil. Əsas məqsədləri də pul qazanmaq, ölkədə gərginlik ab-havası yaratmaqdan ibarətdir. Nəyin bahasına olursa-olsun, sabitliyi pozmağa, vətəndaşları itaətsizliyə cəlb etməyə çalışırlar. Bütün çirkin niyyətləri məhz buna yönəlib. Radikal müxalifət bu mənada hakimiyyətə gəlmək üçün o qədər alışıb-yanır ki, bütün sosial, məişət məsələlərini belə siyasi müstəviyə daşıyırlar. Bununla ölkədə guya kütləvi dəstək qazana biləcəklərini düşünürlər. Nəyin bahasına olursa-olsun, xalqdan istifadə edib hakimiyyətə gəlmək istəyirlər. Amma başa düşmürlər ki, 30 ildir xalq onlara heç bir dəstək verməyib və verməyəcək. Çünki xalq da radikal müxalifətin əsas məqsədinin nə olduğunu yaxşı bilir.

Radikal müxalifət ümid edir ki, günü birində apardıqları bu siyasət hakimiyyətə gəlmələri üçün uğurlu ola bilər. Yəni demokratik, seçki yolu ilə deyil, iştişaşlar, sabitliyi pozmaqla, qarşıdurma yaratmaqla öz çirkin niyyətlərinə çatmaq arzusu ilə yaşayırlar.  Lakin nə qədər çabasalar da, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Çünki, Azərbaycan xalqı kimi kim olduğunu gözəl bilir. Ona görə də xalqımız daha böyük ruh yüksəkliyilə onu uğurlu gələcəyə doğru aparan Prezident İlham Əliyevə dəstək verməkdə davam edir”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz