Əlaqə Arxiv
news Image
2019.08.17
08:14
| A A A
Qarabağ danışıqlarına son qoyulur?!
Nəzakət Məmmədova: “Bu olay Minsk Qrupunun nüfuzuna ciddi xələl gətirən hadisədir”

Ermənistan rəsmiləri bir-birinin ardınca təxribatçı çıxışlar etməkdə davam edir. Belə ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın ardınca xarici işlər naziri Zöhrab Mnatsakanyan da həyasızcasına Dağlıq Qarabağın Ermənistan olduğunu bəyan edib.

Zöhrab Mnatsakanyanın bu ölkənin “Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir” sualını şərh edərək, baş nazir Nikol Paşinyanın təxribatçı ifadəsini təkrarlamasından sonra İrəvanla sülh danışıqlarını davam etdirilməsi mümkündürmü? Ermənistan bilərəkdən sülh danışıqlarını niyə pozur və bu nə ilə nəticələnə bilər?

Politoloq Nəzakət Məmmədova qeyd etdi ki, ATƏT-in Minsk qrupu dərhal İrəvan rəsmilərinin bu sayaq açıqlamalarına reaksiya bildirməli və onları yerində otuzdurmalıdır: “Təbii ki, Paşinyan, ardınca da xarici işlər naziri Mnatsakanyanın sözügedən sayıqlamaları danışıqlar prosesinə böyük zərbə vuran fikirlərdir. Həmin açıqlamalar danışıqlar prosesini tamamilə alt-üst edə bilər. Nəticədə bu fikirlər danışıqlar prosesinə olan son ümidləri də qıra bilər.

Əlbəttə ki, erməni rəsmilərinin bu sayaq sərsəmələrinə ATƏT-in Minsk qrupu cavab verməlidir. Onlar mütləq şəkildə bu məsələyə reaksiya verməlidirlər. Belə bir vəziyyətdə onlar susursa, deməli, ya öz səlahiyyətlərindən imtina etməli, etiraf etməlidirlər ki, artıq bacarmır, İrəvanın öhdəsindən gələ bilmirlər. Ya da hansısa başqa formada qurum tərəfindən məsələyə münasibət sərgilənməlidir. Çünki bir ölkənin baş naziri və xarici işlərə rəhbərlik edən şəxslər  başqa bir dövlətin ərazisinin özlərinə birləşdirilməsindən dəm vurursa, bu, mənə Hitlerin Avstriyanı Almaniyaya birləşdirməklə bağlı avanturist fikri olan “anşlyuz”u  xatırladır. Yəni “myatsyum” “anşlyuz”a bənzəyir.  Yəni Ermənistanın bu sayaq bəyanatları müasir dünya sistemini sivilizasiyadan uzaqlaşdırır. Sanki, müharibələr dövrünə, faşizmin vüsət aldığı keçən əsrin 30-cu illərinə aparır. Ona görə də həmi açıqlamalar sivil dünya sisteminə xarakterik olmayan fikirlərdir. Ona görə də məsələyə Minsk qrupu dərhal reaksiya bildirməlidir”.

Politoloq bildirdi ki, məsələyə loyal yanaşılacaqsa, proses dünya düzəni üçün ciddi təhlükələr yaradacaq: “Belə vəziyyətdən digər separatçı qüvvələr də “bəhrələnməyə” çalışacaq. Yunanıstan məsələn, yenidən Kiprin özünə birləşdirilməsini qaldıra bilər. Habelə, Şimali İrlandiya  Böyük Britaniyadan, Kataloniya İspaniyadan ayrılar.  Yəni erməni rəsmilərinin həmin açıqlamaları dünya miqyasında ciddi xaosa gətirib çıxara bilər. Bu cür bəyanatlara susqun qalmaq sözsüz ki, presedent yaradacaq.

Necə olur ki, Kataloniyada baş qaldıran separatizmə dünya birliyi dərhal reaksiya verərək onu pisləyib? Hətta orada separatçi liderlər məsuliyyətə cəlb olunurlar. Amma Ermənistana “qaşın üstə gözün var” deyən yoxdur. Dağlıq Qarabağ məsələsi dünya münasibətlər sistemində sanki bir “Bermud üçbucağıdır”. Bura sanki müəammalı bir yerdir, burada nə hüquq işləyir, nə beynəlxalq hüquqa riayət olunur. İrəvan mütəmadi olaraq beynəlxalq hüququn bütün tələblərini pozur. Amma buna heç kim reaksiya vermir. Sanki belə də olmalıdır. Həmin hadisə bu mənada Minsk qrupunun nüfuzuna ciddi xələl gətirən hadisədir”.

Vəziyyətin belə davam etməsi həmsöhbətimizə görə, beynəlxalq münasibətləri sistemini xaosa sürükləyəcək: “Həmin proses domino effekti verə bilər. Bu xüsusda digər separatçılar da ondan “bəhrələnəcək”. Özü də erməni separatizmi daha təhlükəlidir. Çünki onlar öz çirkin əməllərini faşist üsulları ilə həyata keçir, digər millətlərin nümayəndələrinə qarşı soyqırım törədirlər. Nəticədə müasir beynəlxalq münasibətlər sistemi xaos, aşınma və anarxiyaya uğrayacaq. Həmsədr ölkələr olan Fransa, Rusiya da separatizm təhlükəsilə üz-üzədir. Danışıqlar prosesinin bu mənada pozulması Azərbaycana elə də lazım deyil. Çünki ona getməklə Azərbaycan əslində, güzəştə gedir. Çünki Azərbaycanın ehtiyat variantı, güc yolu ilə torpaqları azad etmək hüququ var. Lakin müharibənin başlanmasından hər kəs zərər görəcək. Həmin durum yeni-yeni münaqişə ocaqlarına rəvac verəcək. Ola bilər, bunu istəyən qüvvələr də var. Prosesin buna doğru getdiyini görə-görə Minsk qrupu susur. Deməli, bəlkə də bu, onlara lazımdır.  Paşinyanın həmin bəyanatları da bu mənada  müharibəyə gətirib çıxarıb. Paşinyanı buna təhrik edən qüvvələr də var ki, onlar da əsasən Qərbdə cəmləşib və yeni dünya nizamı yaratmaq istəyirlər. Rusiyaya isə indiki halda, “nə hərb, nə də sülh” varinatı sərf edir”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz