Əlaqə Arxiv
news Image
2019.08.22
08:22
| A A A
İrəvanın uduzduğu sülh
Elman Məmmədov: “Ermənistan cəmiyyəti, dünya erməniləri nəticə çıxarmalıdırlar ki, yürütdükləri işğalçı siyasəti öz dövlətlərini yox olmaq səviyyəsinə gətirib çıxarıb” Elçin Mirzəbəyli: “Bundan sonra da hüquqi müstəvidə Ermənistanın hər hansı bir uğura imza atması mümkün deyil”

Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında konfliktlə bağlı maraqlı məqamlar yer alıb. Akademik yazır: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”. Ermənistanın sülhü uduzması işğalçıya nə vəd edir?

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, İrəvanın sülh prosesini uduzması işğalçı ölkəni daha ağır duruma salacaq, hətta onu bir dövlət olaraq yox olmaq təhlükəsi qarşısında qoyacaq. Millət vəkili qeyd etdi ki, Ermənistan bunun baş verməməsini istəyirsə, qonşularla davranışlarını normal müstəviyə keçirməli, işğala son qoymalıdır: “Hörmətli Ramiz müəllim bu kitabında düzgün analiz verib ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü müddətdə bütün sahələr üzrə uçuruma yuvarlanmaqda davam edib və edəcək. Bunun üçün bir neçə sahə üzrə Ermənistanın düşdüyü ağır duruma nəzər salmaq kifayətdir. Hətta beynəlxalq təşkilatların hesabatlarında yer alan hər iki ölkənin göstəricilərinə nəzər salmaq kifayətdir ki, düzgün nəticə çıxarasan.

Ermənistan iqtisadi sahədə tam iflasa uğramış bir ərazidir. Ermənistan cəmiyyəti, dünya erməniləri nəticə çıxarmalıdırlar ki, yürütdükləri düşmənçilik, işğalçılıq siyasəti öz dövlətlərini yox olmaq səviyyəsinə gətirib çıxarıb. Düşmənin işğal etdiyi ərazilərdə hazırkı nəzarəti də birmənalı olaraq müvəqqətidir. Çünki Azərbaycanın dövlətçiliyinin, gücünün zəif olan vaxtı onlar bu fürsətdən istifadə edərək havadarlarının köməyilə işğalı həyata keçiriblər. İndi isə Azərbaycan güclüdür, güclü iqtisadiyyat və torpaqlarımızı işğaldan azad etməyə qadir orduya malikdir. Ermənilər elə bilir ki, bu illər ərzində nəsə qazanıblar. Ümid edirlər ki, işğal etdikləri torpaqlar onlara qalacaq. Bu xam xəyal, xülyadır. Heç zaman belə olmayacaq. Torpaqlarımızı işğaldan azad edəcəyik”.

E. Məmmədov onu da vurğuladı ki, bu illər ərzində düşmən ölkə diplomatik sahədə də ciddi məğlubiyyətə düçar olub: “Bu da göz önündədir. Çünki Azərbaycanın yeritdiyi xarici siyasət, diplomatik uğurları nəticəsində ölkəmiz birmənalı olaraq bütün dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların etimadını doğruldan sənədlərin qəbuluna nail olub. Dünya dövlətləri və beynəlxalq təşkilatlar hamısı birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan ediblər. Belə olan təqdirdə Ermənistan bütün sahələrdə uğursuzluğa düçar olub. Ona görə də indiki halda onun bir dövlət olaraq yaşaması üçün yeganə çıxış yolu var. Qonşularla normal qonşuluq münasibəti yaratmalıdırlar. Bunu cənab Prezident İlham Əliyev də həmişə bəyan edib. Hörmətli Ramiz müəllim də bütün yazıları, kitablarında da bunları qeyd edib. Bunun üçün də Ermənistan düşmənçilik, işğalçılıq siyasətindən əl çəkməli, ağıllanmalı, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar ki, gələcəkdə nəyəsə nail ola bilsinlər.

Əks təqdirdə, diplomatik, siyasi, həm də iqtisadi müstəvidə bundan betər böhranlarla üzləşməkdə davam edəcəklər. Belədə də, düşmən ölkənin bir dövlət və millət olaraq regionda yaşaması çox çətin olacaq. Akademik Ramiz Mehdiyev də yazdığı kitabda bütün bunların dəqiqliklə izahını verib”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, Ermənistanın sülhü uduzması onun mövcud olduğu və bütün sahələri əhatə edən ağır durumunda öz əksini tapıb: “Prinsip etibarı ilə Ermənistan yürütdüyü işğalçılıq siyasəti nəticəsində regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Azərbaycanın diplomatik fəaliyyəti sayəsində bu ölkə tamamilə təcrid olunub.

Faktiki olaraq, düşmən ölkənin bu gün hər hansı bir formada dünyaya çıxış imkanları yoxdur. Ermənistan iqtisadiyyatına yatırımlar yox dərəcəsindədir. İnvestisiyaların cəlbi istiqamətində atdıqları addımlar da səmərə verməyib. Nəticə ortalıqdadır. Bu özünü ölkənin həm demoqrafik, həm də iqtisadi vəziyyətində qabarıq şəkildə göstərir. Ermənistanın əsas səyləri ondan ibarətdir ki, Azərbaycan torpaqlarında formalaşdırılmış separatçı rejimə və onun fəaliyyətinə hüquqi don geyindirsin. Lakin uzun illər keçməsinə baxmayaraq bu istiqamətdə göstərdikləri çabalar da nəticəsiz olub. Bundan sonra da həmin məsələdə hüquqi müstəvidə Ermənistanın hər hansı bir uğura imza atması mümkün deyil. 30 il ərzində yürütdüyü siyasətləri nəticəsində faktiki olaraq, sülhü uduzmaları onlar üçün elə məğlubiyyətə bərabər qələbə deməkdir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz