news Image
2019.09.11
07:50
| A A A
Düşmənə göz dağı verən təlim
Ermənistanda diqqətlə izlənən Azərbaycan Ordusunun həlledici manevrləri müharibənin gündəlikdən çıxmadığını göstərir

 

“TurAz Qartalı-2019” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində hava qüvvələrinin aviasiya vasitələrinin uçuşları davam edir, iştirakçıları qarşıya qoyulmuş döyüş tapşırıqlarını dıqiqliklə yerinə yetirirlər. Bu təlimlər sentyabrın 2-dən başlayıb və iki ölkə hərbi hava qüvvələrinin MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir. Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilməkdədir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “TurAz Qartalı” birgə təlimləri Ermənistanın hərbi-siyasi dairələrində xüsusi narahatlıqla izlənilir və bu da əsassız deyil. Çünki bu təlimlərdə Azərbaycanın döyüş aviasiyasının pilotları NATO-nun ikinci ən böyük ordusunun dağlıq relyefə malik ərazilərdə terrorçulara qarşı uzun illərdir aparılan əməliyyatlarda kifayət qədər peşəkarlıq qazanmış qardaş ölkənin hərbi pilotlarının təcrübəsini öyrənmək imkanı qazanır.

Məlumdur ki, Azərbaycanın bu tip təlimlərdə ilboyu iştirakı ordunun döyüş qabiliyyətinin qorunub saxlanılması və gücləndirilməsi məqsədini güdür. Düzdür, gücıü ordu bütün dövlətlərə lazımdır, amma müharibə vəziyyətində olan ölkələrdə bu amil xüsusi əhəmiyyət kəsb edir.

Nüfuzlu beynəlxalq hərbi reytinq agentliklərinin qiymətləndirmələrinə görə, Azərbaycan Ordusu hazırda dünyada 52-ci yerdə qərarlaşıb. Müqayisə üçün deyək ki, bizə düşmən mövqedə duran və potensial müharibə rəqibimiz Ermənistan ordusu siyahıda bizdən 45-50 pillə geridədir. Bu da səbəbsiz deyil. Çünki, iqtisadi cəhətdən Azərbaycandan qat-qat zəif olan Ermənistan azad yox, asılı dövlətdir. Sərbəst fəaliyyət üçün nə maliyyəsi, nə də resursları var. Buna görə də kənardan kim nə versə, ona qane olmağa məhkumdur.

Ötən ilin sonlarında erməni KİV pafosla yazırdı ki, Ermənistan aviasiyanı komplektləşdirməkdən ötrü Rusiyadan iki SU-30 qırıcı döyüş təyyarəsi alacaq. Daha sonra ekspertlər izah etdi ki, iki güllə bahar olmaz, bu təyyarələrdən ən azı 10-nu almaq lazımdır. Bu ilin yayında isə məlum oldu ki, sadəcə Rusiya Ermənistandakı hərbi bazasına daha iki SU-30 göndərəcək və ermənilər bunu öz təyyarələri kimi qələmə veriblər. Buna rəğmən Azərbaycanın silah cəbbəxanasında kifayət qədər müasir və lazımi sayda bütün növ hərbi texnika, texniki vasitələr, dpyüş sursatı və digər texnika var.  Rusiya, İsrail, Türkiyə, Pakistan, İtaliya, Çexiya Azərbaycana silah tədarük edən ölkələr sırasındadır. Almaniya və Fransa da tezliklə bu siyahıda təmsil olunacaqlar. Əsas məsələ odur Azərbaycan öz vəsaiti ilə silah alır. Buna görə də sərbəst seçimə malikdir və bu səbəbdən ordusunu istənilən səviyyədə təchiz edə bilər.

İndi Ermənistanın işğal etdiyi torpaqların sahibinin güclü orduya sahib olmasından niyə əndişələndiyi məlumdur. Bunu bütün dünya bilir. Məlum olmayan başqa məsələdir: Ermənistan rəqibinin bu gücü qarşısında anlaşıqlı hərəkət edirmi? Yoxsa potensial müharibədə məğlub olacağını bilə-bilə özünü odamı atmaq istəyir? Müşahidələr göstərir ki, düşmən ölkə bu məsələdə də azad fikir bildirməkdən məhrumdur. Amma hər bir halda özündə cəsarət tapıb reallıq mövqeyindən çıxış etsə bu, yalnız onun özünə siyasi və iqtisadi xeyir gətirər. Söhbət real güc qarşısında işğalçılıq siyasətindən əl çəkib qonşularla, ilk növbədə isə Azərbaycanla sülh yaratmaq və dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməkdir. Onsuz da əvvəl-axır bu, belə də olacaq. Ancaq yaxşı olardı ki, Ermənistan rəhbərliyi öz xoşuna bu istiqamətdə sülhpərvər addımlar atsın.

N.NOVRUZ