Əlaqə Arxiv
news Image
2019.09.11
08:45
| A A A
Bakı İrəvanın növbəti cəhdlərini də iflasa uğratdı
Elman Nəsirov: “Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır”

 

Xəbər verildiyi kimi, Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən növbəti saxta seçkilər keçirilib. Belə ki, sentyabrın 8-də qondarma qurumda “bələdiyyə” seçkiləri olub. Amma proses onu göstərir ki, qondarma rejim tərəfindən həyata keçirilən bu “seçkilər” də heç bir dövlət tərəfindən tanınmayıb. Əksinə, dünya birliyi öz açıqlama və etirazları ilə Dağlıq Qarabağda keçirilən “seçkilər”ə qarşı çıxdığını, onun legitimliyini tanımadıqlarını bir daha ortaya qoydu.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov qeyd etdi ki, Ermənistanın qondarma rejimin tanıdılması istiqamətində bütün çabalamaları iflasa uğrayır: “Qondarma rejimdə qondarma yerli özünü idarəetmə orqanlarına keçirilən «seçkilərin» nəticələrinə beynəlxalq ictimaiyyətin reaksiyası bir daha onu göstərdi ki, Ermənistan adlı işğalçı dövlətin separatçı rejimə legitimlik gətirməklə bağlı bütün cəhdləri iflasa uğramaqdadır. Elə belə də olmalıdır. Hesab edirəm ki, bu məqam növbəti dəfə onun göstəricisidir ki, Azərbaycanın Ermənsitan üzərində 3 istiqamətdə həlledici üstünlüyü təmin edilib. Birinci növbədə, Azərbaycanın düşmən üzərində siyasi üstünlüyü təmin olunub və bu üstünlük qorunub saxlanılmaqda, möhkəmləndirilməkdədir. Bu öz ifadəsini onda tapır ki, heç bir dövlət, qondarma qurumu tanımır. Hətta Ermənistanın özü belə yaratdığı qondarma rejimin müstəqilliyini tanıya bilmir”.

Bu vəziyyət deputata görə, Azərbaycanın siyasi üstünlüyüdür: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü düşünülmüş, məntiqli və hücum taktikasına söykənən siyasətin nəticəsidir. İkinci bir tərəfdən, Azərbaycanın Ermənistan üzərində diplomatik üstünlüyü təmin olunub. Diplomatik üstünlüyün ən mühüm göstəricilərindən biri də məhz haqqında bəhs etdiyimiz hadisədir. Yəni Ermənistan növbəti dəfə qondarma rejimdə “seçkilər” keçirir. Buna baxmayaraq, heç bir dövlət separatçı rejimdə keçirilən “seçkilərin” nəticələrini legitim olaraq qəbul etmir, onu tanımır. Bu isə artıq ölkəmizin növbəti diplomatik üstünlüyü və qələbəsidir. 2016-cı ilin aprel döyüşlərindən sonra isə Azərbaycan Ordusunun düşmən qüvvələri üzərində hərbi üstünlüyü də birmənalı şəkildə öz təsdiqini tapdı. O vaxtdan bəri, Azərbaycan ordusu ildən-ilə daha da güclənir.

Ordumuz ən müasir və hədəfi daha dəqiqliyilə vuran silahlara malikdir. Hətta Azərbaycan əsas silah istehsalçılarına çevrilməkdədir. Ölkəmizdə hərbi sənaye kompleksi formalaşıb. Başlıcası isə Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhu olduqca yüksəkdir. Bu da ölkəmizin hərbi üstünlüyü deməkdir. Ona görə hesab edirəm ki, son hadisə Azərbaycanın diplomatik cəbhədə üstünlüyünün daha da möhkəmlənməsi anlamına gəlir”.

Hımsöhbətimiz İrəvan rejimini yaranmış vəziyyətdən nəticə çıxarmağa səslədi: “Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır. Belə qeyri-qanuni əməllərə imza atmaqla düşmən ölkə heç nəyə nail ola bilməyəcək, heç bir nəticə əldə etməyəcək. Bunu hesablamaq bu qədərmi çətindir? Sadəcə, hesab edirəm ki, Paşinyan belə siyasi hoqqabazlıqlara əl atmaqla əvvəla sələflərindən heç bir halda fəırqlənmədiyini ortaya qoyur. Eyni zamanda, Paşinyan özünün laxlamaqda olan hakimiyyətini qoruyub saxlamaq üçün  sələflərinin etdiyi üsullardan istifadə edir. Lakin məlumdur ki, onların üsulları taktiki uğura gətirə bilsə də, strateji baxımdan məğlubiyyəti labüd edir. Necə ki, Paşinyan bu fürsətdən istifadə edərək Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmışdı. Hadisələr belə inkişaf etsə, Paşinyan da əvvəlkilərin yolu ilə getsə, istisna deyil ki, başqa bir erməni peyda olub Paşinyanı da Sarkisyanın ardınca göndərəcək. Bunları hesablamaq elə də qəliz və mürəkkəb deyil”.    

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz