Əlaqə Arxiv
news Image
2019.09.12
08:30
| A A A
Azərbaycanla bağlı ehtimallar da ermənilərə rahatlıq vermir
KTMT nizamnaməsinə dəyişiklik edilıməsi Ermənistan parlamentində əməlli-başlı ajiotaj yaradıb

Bu günlər İrəvan KİV-nin əsas mövzularından biri Azərbaycanın Kollektiv təhlükəsizlik müdafiə təşkilatına tərəfdaş yaxud müşahidəçi statusunda qatılması barədə kimlərsə tərəfindən söylənilən ehtimallardır. Məsələ burasındadır ki, bu təşkilat strukturu və daxili prosedur qaydalarına görə o qədər də mükəmməl nizamnaməyə malik deyil. Zaman keçdikcə bu qüsurlar ortaya çıxır və ya hərbi-siyasi gedişatla əlaqədar nəyinsə təkmilləşməsinə ehtiyac yaranır. Məhz belə bir zərurətlə əlaqədar KTMT-nin gələn ay İrəvanda keçiriləcək yığıncağının gündəliyinə təşkilatda digər dövlətlərin iştirakını genişləndirmək məqsədilə statusda yeniliklər edilməsi məsələsi salınıb. Bu, sırf təşkilati təkmilləşmə ilə bağlı məsələdir. Amma ermənilərin yuxusuna haram qatıb.

Səbəb nədir? Məsələ burasındadır ki, hazırda Ermənistan parlamenti bu ölkənin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılması haqda müqaviləyə dəyişiklik haqda əlavə Protokolun ratifikasiyasını müzakirə edir. Müzakirələr zamanı deputatlar KTMT yanında müşahidəçi statusu verilməsi məsələsində veto hüququnun keçərli olmamasından narahatlıq ifadə ediblər. Bildiriblər ki, bu məqam Azərbaycanın KTMT yanında müşahidəçi statusu almasına imkan verəcək.

Bununla əlaqədar özü üçün bir yəqinlik etməyən deputat Arman Babacanyan XİN-ə müvafiq sorğu göndərib.  Xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə onun sorğusuna cavab olaraq deyib ki, KTMT yanında müşahidəçi, yaxud partnyor statusu üçün üzv ölkələrin ümumi razılığının tələb olunduğunu deyib. “Hesab etmirəm ki, məsələ bizim blokda təklənməyimizə qədər gedib çıxa bilər”,-o bildirib.Cavab Babacanyanı qane etməyib və Köçəryana etiraz edərək deyib ki, “Azərbaycan KTMT-də Ermənistandan daha çox çəkiyə, tutarlı iştiraka malikdir. Bu iştirakı Azərbaycana Belarus və Qazaxıstan təmin edir. KTMT-də bizim yeganə müttəfiqimiz hələlik Rusiya olaraq qalır. Tacikistanın və Qırğızıstanın da müttəfiqimiz olması üçün çalışmalıyıq”.

Rusiya ilə münasibətlərə gəldikdə isə Arman Babacanyanın sözlərinə görə, bu ölkə Ermənistanla müttəfiqlik münasibətlərini özünün siyasi və geosiyasi maraqlarından çıxış edərək həyata keçirir. Ermənistan isə Rusiya naminə hər şeyə, hətta öz dövlət maraqlarını da qurban verməyə hazırdır. “Biz Rusiyaya hər şey veririk, amma əvəzində heç nə almırıq. Belə şərtlər altında KTMT ilə əlaqəli istənilən fəaliyyət isə bizim Ermənistanın suverenliyi və ləyaqəti hesabına Rusiyanın maraqlarına xidmət edən ölkə vəziyyətimizi ancaq dərinləşdirir”,-Babacanyan bildirib.

Onun sözlərinə görə, bu günlərdə Ermənistan rəhbərliyi İrəvanda səfirlər qarşısında xarici siyasətin prinsipləri, yeni istiqamətləri, o cümlədən suverenlik haqda danışdı. “Lakin bu reallıqla heç bir əlaqəsi olmayan gözəl çıxış idi. Biz KTMT-də qalmaqda davam edirik və bu strukturun maraqlarına ona görə xidmət edirik ki, birdən Rusiya bizi cəzalandırar”,-“Çiçəklənən Ermənistan” partiyasını təmsil edən Arman Babacanyan belə deyib.

Müzakirələrə qoşulan hakim “Mənim addımım” partiyasından olan deputat Ruben Rubinyan da fikirləri ilə təlaşa düşdüyünü bəyan edib: “Azərbaycan KTMT-də müşahidəçi yaxud tərəfdaş olmayacaq, çünki Ermənistan konsesusu təmin etməyəcək”. O, deputatları Ermənistanın səlahiyyətsizliyi və unudulduğu haqda bəhanələri bir kənara atıb ölkənin süverenliyinə güvənməyə çağırıb. LAkin bu çağırışın əksinə olaraq aparılan müzakirələr göstərir ki, deputatların özlərində də müstəqilliyə olan şübhə güclüdür.

Belə шübhələrə əsas yaradan amillərdən biri də KTMT-nin baş katibi olmuş Ermənistan nümayəndəsi Yuri Xaçaturovun vaxtından əvvəl geri çağırılması və onun yerinə digər erməni namizədin təyin olunmasına üzv ölkələrin nizamnamənin əksinə olaraq maneçilik törətməsidir. Hüç şübhəsiz, belə bir davranışa səbəb Ermənistanın uğursuz siyasəti ilə yanaşı Azərbaycanın təçkilat üzvlərinə olan təbii təsirinin də rolu olub. Erməni deputatları qorxudan da ən çox bu amildir. Axı, ermənilər düşünürlər ki, sabah Azərbaycan torpaqlarını azad etmək üçün müharibəni alovlandırsa, onda KTMT onun arxasında “möhkəm” dayanacaq. Ancaq reallıq bunun əksini göstərir və Ermənistan hökumətini “iynə üstündə oturmaq” hökmünə məhkum edir. 

“Mənim addımım” blokundan deputat Viktor Yengibaryan isə həmkarlarını sakitləşdirmək üçün KTMT-yə aid Protokolun müzakirəsində paradoksal bəyanat verib: “Mümkündür ki, Azərbaycanın KTMT üzvü olması, hətta bizim xeyrimizə ola bilər”. O, buna misal olaraq NATO üzvü olan Türkiyə və Yunanıstanın uzun illər müharibə aparmalarını göstərib.

Bütün bu müzakirələr öz yerində, Azərbaycanın KTMT üzvü olmaq üçün müraciət etmədiyini və bu haqda hətta düşünmədiyini nəzərə alsaq, deyə bilərik ki, Ermənistan parlamentində belə müzakirələrin getməsi faktının özü belə paradoksaldır. Amma, nə edəsən ki, “xainlər həmişə xoflu olurlar”, ermənilər öz əməllərinin cəzasını nə vaxtsa çəkəcəklərinə özləri də əmindirlər. Bu səbəbdən ən kiçik fakt nədir, sadəcə, irəli sürülən ehtimallar onları dərindən həyəcanlandırır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz