Əlaqə Arxiv
news Image
2019.09.13
07:23
| A A A
Hakim partiya yenə irəliyə doğru addım atdı
Anlayan anlaqlı hərəkət etdi, anlamayan yaxasını kənara çəkdi

Bu günlərdə Bakıda bir qrup siyasi partiyanın təşəbbüsü ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda dəyirmi masa keçirilib. Hakim Yeni Azərbaycan Partiyasının iştirak etdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, habelə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, media rəhbərləri, müstəqil siyasi ekspertlər və başqaları iştirak ediblər.

Tədbirin əlamətdar cizgisi hakim partiya ilə müxalif yönlü siyasi təşkilatların bir masa arxasında müzakirə aparması olub. Təbii ki, ölkənin ən güclü siyasi təşkilatı olmaq etibarı ilə YAP-ın bu tədbirə qatılması onun əhəmiyyətini daha da artırıb və real əməkdaşlıq üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, ümummilli məsələləri üstün tutan YAP sədrinin müavini Əli Əhmədov ölkə müxalifətini milli maraqlardan çıxış etməyə çağırıb. O, müzakirələr zamanı etdiyi çıxışda xaricdəki mühacirlərin fəaliyyətini tənqid edib. Həmin mühacirlərin internet üzərindən apardığı böhtan kampaniyası reallığı təhrif etməklə Azərbaycan cəmiyyətində sabitliyi pozmaq məqsədini güdür ki, bu da xarici pozucu qüvvələrin “dəyirmanına su tökmək” deməkdir. Başqa sözlə, özünü süni surətdə siyasiləşdirən bəzi mühacir qruplar Azərbaycan əleyhinə casusluq fəaliyyətinə başlayıblar. Bu hal bəlkə də bu gün əhəmiyyətsiz nəzərə çarpa bilər, amma arxada fəaliyyət göstərən qüvvələrin mövqeyini tədricən gücləndirərək xalqı yenidən fəlakətli hadisələrə düçar edə bilər.

Hakim partiyanın bəzi məsələlərdə birgə addımlamaq üçün göstərdiyi səy hazırkı ictimai-siyasi durumda Übir addım geri, iki addım irəli” formuluna əsaslanır. Yəni, hakim partiya onu tənqid edən yerli qüvvələrlə bir araya gəlməklə əslində bir addım mgeri atmış kimi görünür, əslində isə bu mövqe ölkəmizin taleyüklü məsələsinin həllində iki addım irəli getmək deməkdir. Çünki, lazımı anda milli birliyi ehtiva edir.  

“Dəyirmi masa”da aparılan müzakirələr göstərib ki, tədbir vaxtında təşkil edilib. Çünki, siyasi təşkilatların və ictimai-siyasi birliklərin rəhbərləri müzakirə zamanı geniş ampluada baş verən problemlər və onların aradan qaldırılması yolları barədə danışıblar. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyri-hökumət təşkilatlarının xaricdən qrant ala bilməməsi, siyasi fəaliyyətinə görə həbs edildiyi iddia edildiyi şəxslərin azadlığa buraxılmasını təklif edib: “Biz rayonlara gedirik, vəziyyəti görürük. Bəzi məmurlar insanları narazı salırlar. Bunun qarşısı alınmalıdır”. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə dialoq tərəfdarı olduğunu qeyd etməklə siyasi təşkilatlar arasında belə bir platformanın yaradılması haqda təşəbbüs etmiş olub.

Toplantının sonunda qəbul edilən bəyanatda “Dəyirmi masa” iştirakçıları Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədini bildirib. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəklərini, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini, ölkədə həyata keçiriləcək islahatları dəstəkləyəcəklərini bəyan edən tədbir iştirakçıları bütün tərəfləri siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırıb, respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayıb. Belə bir ümumi rəyin doğrulanması cəmiyyətimizdə gedən konstruktiv prosesin labüd yekunu olmaqla yanaşı bu işə fəallıq göstərən Yeni Azərbaycan Partiyasının böyük uğurudur. Yuxarıdan gələn ümumxalq birliyinə aşağıdan dəstək verilməsi hökumətin citimai-siyasi fəaliyyətinin hərtərəfliliyini sübut edən amildir. Təbii ki, hakim partiya olmaq etibarı ilə YAP-ın bu istiqamətdə gördüyü işlər iqtidar-xalq birliyinin reallığından irəli gəlir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz