Əlaqə Arxiv
news Image
2019.09.13
08:33
| A A A
Kreml İrəvanı “əzməyə” başlayır
İlqar Vəlizadə: “Rusiyanın Ermənistana münasibətdə təzyiqlər mexanizmi hər an işə düşə bilər”

Oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinin sammiti baş tutmalı və Rusiya prezidenti də bu sammitdə iştirak etməlidir. Amma məlumatlar yayılır ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdə qalması üzündən Putin Ermənistana getməyəcək və mümkündür ki, samitin başqa bir ölkədə də keçrilməsində israr etsin. Bütün bunlar Ermənistan üçün nə deməkdir? Ermənistana qarşı yeni Rusiya təzyiqlərinin işə düşməsini gözləmək olarmı?

Politoloq İlqar Vəlizadə bildirdi ki, Moskvanın İrəvana qarşı təzyiqlərə əl atması hər an reallaşa bilər: “Əvvəla onu deyim ki, Avrasiya İqtisadi Birliyinin sammitinin vaxt və yerinin dəyişdiriləcəyini düşünmürəm. Çox güman ki, bütün hallarda Rusiya prezidenti bu sammitdə iştirak edəcək. Onun burada iştirak ehtimalı daha böyükdür. Çünki, bir müddət bundan əvvəl məsələ ilə bağlı Moskva tərəfindən müəyyən bəyanatlar səslənib və burada Rusiya rəhbərliyi tərəfindən tədbirin keçirilməsinin təxirə salınması vacibliyi barədə heç bir məlumat yoxdur.

Ümumiyyətlə, tədbirin keçirilməsinə qısa müddət qalıb. Ona görə də böyük ehtimalla keçiriləcək. Amma bütün hallarda bu Ermənistanın xarici siyasi durumuna müsbət mənada təsir göstərməyəcək. Hətta, Putin Ermənistana gəlsə belə, bu ölkəyə, daha doğrusu, Paşinyan hakimiyyətinə qarşı münasibətini dəyişməyəcək. Putin Ermənistana sadəcə sammitdə iştirak etmək üçün gəlir. Bu, onun Ermənistana rəsmi səfəri deyil.

İki il ərzində Putinin Ermənistana rəsmi və işgüzar səfər etməməsinin özü əslində, Moskvanın İrəvandan narazı qaldığının bariz nümunəsidir. Putin İrəvana gəlsə, hətta öz səfər proqramını məhdudlaşdıra bilər.  Yerli rəhbərliklə ancaq protokol xatirinə görüşəcək. Adətən. belə tədbirlər fonunda həmin ölkəyə işgüzar səfərlər də baş verir. Onun protokolu da özünəməxsus qaydada tərtib olunur. Bu mənada Putinin İrəvana işgüzar səfəri fonunda bu proqramda ciddi dəyişikliklərin ola biləcəyi gözləniləndir. Digər ölkələrin rəhbərlərinə hörmət edərək Putin yəqin ki, İrəvana gələcək.  Lakin bütün hallarda Putinin gəlməsi belə İrəvanla Moskva arasında mövcud olan soyuq münasibətlərin istiləşməsinə təsir etməyəcək. Ermənistan Rusiya münasibətləri bu səfərlə yaxşılaşmayacaq.

Putin bu səfər fonunda həbsdə yatan Robert Köçəryanla da görüşə bilər. Çox güman ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev İrəvana son səfərində bu məsələni müzakirə edərək Ermənistan rəhbərliyi qarşısında müəyyən şərtlər qoyub. Köçəryanla Putin arasında görüşə şərait yaratsalar, onda gündəmdə də dəyişiklik baş verəcək.

Rusiyanın Ermənistana münasibətdə təzyiqlər mexanizmi hər an işə düşə bilər. Son il yarı ərzində Rusiyanın Ermənistana təzyiqlərinin artdığı müşahidə edilir. Artıq Rusiyadan işğalçı ölkəyə investisiya axını kəskin azalıb. Bu investisiya hazırda demək olar ki, yox səviyyəsindədir. Moskva hazırda Ermənistanda hər hansı bir iqtisadi layihə üzərində iş aparmır. Bunun özü də özlüyündə bir təzyiq formasıdır.

Növbəti təzyiq rus qazının qiymətinin bahalaşdırılması ola bilər. Bu məsələ hələ də açıq qalır, çözülməyib. Ermənistan bu məsələyə son qoyulmasına çalışır, lakin Moskva boyun qaçırır. Köçəryanla bağlı, habelə Rusiyanın digər istəklərilə bağlı məqamlar razılaşdırılmasa, Ermənistanı müəyyən sürprizlər gözləyə bilər”.

Politoloqun fikrincə, Putin səfər çərçivəsində Paşinyanın həbsdə olan rəqibi Köçəryanla görüşsə, bu, Ermənistan rəhbərliyi üçün fəlakət demək olacaq: “Putinin səfər fonunda Köçəryanla görüşməsi istəyi varsa, bu məsələ indidən razılaşdırılmalıdır. Razilaşma baş veribsə, Putinin həbsdə olan Köçəryana baş çəkməsi gözləniləndir. Amma bu addımın atılması Paşinyana vurulan siyasi şillə olacaq. Onsuz da Ermənistanın indiki hökuməti son zamanlar o qədər şillə yeyib ki. Hamı bilir ki, Köçəryan Paşinyanın bir nömrəli siyasi rəqibi və düşmənidir. Ermənistan rəhbərliyi də məhz Putinin Köçəryanla görüşə biləcəyi ehtimalından qorxur. Çünki bu, o anlama gələcək ki, Putin Ermənistanın daxili siyasətini bəyənmədiyini açıq şəkildə etiraf edir. Bu da Ermənistanın xarici siyasəti üçün müəyyən dərəcədə fəlakətdir”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz