Əlaqə Arxiv
news Image
2019.09.13
09:15
| A A A
Azərbaycanı əcnəbilərə satan mühacirlər
Cümşüd Nuriyev: “Qanuna Azərbaycanda seçkidənkənar müdaxilələrin yolverilməzliyi barədə müddəalar əlavə olunmalıdır”

Xarici qüvvələr seçkilər vasitəsilə də ölkə daxilinə müdaxilə etməyə cəhd edə bilərlər. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən "dəyirmi masa"da deyib: "Təəssüflə qeyd etmək istəyirəm ki, xaricdə mühacir statusu alan şəxslər Azərbaycanda siyasi proseslərdə yaxından iştirak etməyə cəhd göstərirlər. Onlar asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən ələ alına bilərlər. Ona görə də onların siyasi proseslərə müdaxiləsi təhlükəlidir”.

Azərbaycana dost olmayan bir sıra ölkələr, bəzi xarici dairələr hər vəchlə çalışır ki, ölkəmizdə xaos, anarxiya yaransın. Azərbaycanın xarici imicinin artması onları ciddi şəkildə narahat edir. Bu əsasda həmin dairələr müxtəlif  çirkin vasitələrdən istifadə etməklə Azərbaycanın daxili proseslərinə müdaxilə cəhdlərində də bulunurlar. Sözügedən dairələrin müdaxilələrindən biri də məhz ölkədə keçirilən seçkilər dönəmində özünü göstərir. Təəssüf ki, xaricdə məskunlaşan “sapı özümüzdən olan” bəziləri də bu prosesdə yer alırlar. Yaranmış vəziyyət dövlətin marağını əsas götürməklə belələrinə qarşı müəyyən addımlar atılmasını vacib edir.   Belələrinin siyasi proseslərə müdaxiləsinin qarşısının alınması üçün hansı addımlar atılmalıdır və bu cür mühacirlərə qarşı hansı tədbirlər görülməlidir? 

Politoloq Cümşüd Nuriyev məsələnin ciddi həllinə nail olmaq üçün qanunvericilik və Seçki Məcəlləsində bəzi dəyişikliklərə getməyi vacib bildi: “Xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınanların Azərbaycanda siyasi proseslərə müdaxiləsinin qarşısını almaq üçün ilk növbədə qanunvericilik və Seçki Məcəlləsində dəyişiklik edilməlidir. Bu mütləqdir.

Qanuna Azərbaycanda seçkidənkənar müdaxilələrin yolverilməzliyi barədə müddəalar əlavə olunmalıdır. Cinayət Məcələsinə uyğun olaraq qanuna mütləq dəyişikliklər edilməlidir. Əlavə edilməlidir ki, Azərbaycanda keçirilən seçkilərə hər hansı bir xarici müdaxiləyə yol verilməsinə görə, istər keçmiş ölkə vətəndaşlarımız, istərsə də vətəndaşlığı olmayanlar tərəfindən olsun, cinayət məcəlləsində hansısa bir cəza sistemi qurulmalıdır. Bunu etmək mütləqdir. Burada təəccüblü məqamlardan biri də odur ki, xaricdə oturub Azərbaycanəleyhinə kampaniya aparanlar bir sıra hallarda bəzi məsələlərlə bağlı dəqiq məlumat verirlər. Ola bilməz ki, Qənimət Zahid Fransada oturub Azərbaycan daxilində müxtəlif dövlət qurumları ilə bağlı həddən artıq dəqiq ünvanlarla ittihamlar irəli sürsün.

Bilirsiniz ki, informasiya savaşında ən ciddi məsələ bu tip məsələlərlə insanların şüuruna deyil, şüuraltına təsir etməkdir. Bu tip informasiyalar necə olur, xaricdə məskunlaşanların əlinə keçir? Azərbaycandan necə ötürülür, xaricdə onu kimlər qəbul edilir? Bunlar aydınlaşmalıdır. Belə məqamların hamısı vahid mərkəzdən idarə olunur. Buna heç bir şübhəniz olmasın. İnformasiya müharibəsi sahəsilə müəyyən dərəcədə tanış olan adam kimi deyirəm ki, ölkədəki daxili sabitliyi xaricdən pozmaq üçün istifadə olunan 22 faktor var. Xaricdə olan mühacir adlananların əlindəki məlumatlar dövlətimizi sevməyənlər tərəfindən ötürülür. Onlar bəlkə də qaytardılar xülyası ilə yaşayaraq indidən özlərini sığortalamağı düşünürlər.  Amma digər tərəfdən başa düşmürlər ki, bununla Azərbaycan dövlətini satırlar. Bəlkə də başa düşürlər, amma öz şəxsi maraqlarını dövləti maraqlardan üstün tutduqlarından buna gedirlər.

Azərbaycan dövləti və millətini dollar, avro, rial, rubla satmaq yolverilməzdir. Bu azmış kimi, artıq drama da satmağa başlayıblar. Belə hala da son qoyulmalıdır. Belələrinin üstünə dövlət sərt getməlidir”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz