news Image
2019.09.14
09:45
| A A A
Moskvanın İrəvandan Qarabağ tələbi
Nəzakət Məmmədova: “Rusiyanın Ermənistana konfliktin həlli istiqamətində təzyiqləri olsa belə, bu proses ancaq demarş şəklində olacaq”

Rusiya ilə Ermənsitan arasında münasibətlərdə soyuq küləklər əsməkdə davam edir. Nikol Paşinyan hakimiyyətini Moskvanın Dağlıq Qarabağ münaqişəsilə bağlı onları qane etməyən bəyanatlarla çıxış etməsi də  qıcıqlandırır. Belə ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağ mövzusuna toxunarkən Paşinyanın danışıqlar prosesinə Qarabağ separatçılarının cəlb edilməsi barədə bəyanatının qəbul edilməz olduğunu bildirmişdi. Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bu barədə verdiyi bəyanat da göstərdi ki, qurumun bütün həmsədr ölkələri məhz bu fikri bölüşürlər. Son açıqlamasında isə Rusiya XİN-in sözçüsü bildirib ki, prosesin gedişində hər şey Dağlıq Qarabağ konfliktinin həllinə doğru getməlidir.

Qeyd edək ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında mövqeyinin konkretləşməsi Moskvanın İrəvanla münasibətlərinin pisləşməsi fonunda baş verir. Paşinyanın qərbpərəst siyasəti səbəbindən Rusiya ilə Ermənistan arasında körpülər yanmağa doğru istiqamət götürüb. Bunun əksinə olaraq, Moskva ilə Bakı arasında əlaqələr isə daha da güclənir. Yaranmış situasiyada demək olarmı ki, Rusiyanın Ermənistana Dağlıq Qarabağ problemi üzərindən təzyiqlərinə start verilir?

Məsələyə münasibət bildirən politoloq Nəzakət Məmmədova bölgədə proseslərin başqa istiqamət üzrə getdiyini bildirdi: “Məsələyə münasibət bildirərkən tək Rusiya XİN sözçüsü Zaxarovanın fikirləri əsasında yanaşsaq, bu,  primitiv alınacaq. Dağlıq Qarabağdakı separatçı rejim bildiyiniz kimi Rusiyanın əlində Paşinyan hökumətinə təzyiq göstərmək üçün ən güclü təsir vasitələrindən biridir.

Rusiyanın Ermənistana yönəlik bir çox təzyiq vasitələri var. Ən güclü təzyiqi onun Ermənistan ərazisində yerləşdirdiyi hərbi hissələridir. Bir də Dağlıq Qarabağdakı separatçı rejim Paşinyana təsir baxımından Moskvanın əlində olan mühüm kozırlardandır. Bilirsiniz ki, separatçı rejim Moskva ilə işbirliyində olaraq onun sifarişlərini yerinə yetirir. Separatçı rejimin bu mənada itririlməsi Rusiyanın Ermənsitana təsir imkanlarının bir qədər zəifləməsinə gətirib çıxara bilər. Paşinyan indiki halda separatçılar arasında rejim dəyişikliyinə nail olmaq istəyir. Ancaq son zamanlar bu addımın mümkünsüz olduğunu dərk etməyə başlayıb. Ona görə də artıq həmin istiqamətdə əvvəlki çağırışlarını səsləndirmir.

Bütün hallarda separatçı rejim daxilində daha ciddi proseslərin olması 2020-ci ildə gözlənilir. Burada ən böyük dönüş həmin il orada rejim dəyişikliyi nəticəsində baş verə bilər. Separatçı rejimdə qərbpərəst Paşinyanın dəstəklədiyi adam hakimiyyətə gələrsə, bəlkə orada hansısa bir dəyişikliklər ola bilər. Ancaq artıq bu da inandırıcı görünmür.  Görünən odur ki, Rusiyanın “Böyük 8-yə” qayıtması məsələsinin gündəmə gəlməsilə  Moskva ilə Qərb bir çox məsələlərdə razılığa gəliblər. Bunu Cənubi Qafqaza da aid etmək olar. Görürük ki, Latın Amerikası, Venesuelada da bu sayaq proseslər səngiyib. Suriyada da həmçinin. Sanki Qərblə Rusiya arasında bir razılaşma var.

İsrailin baş naziri Benyamin Netanyahu seçkilərlə bağlı Rusiyaya gələrək Putinlə görüşdü və əsas rəqibi olan Aviqdor Libermana qarşı onun dəstəyini aldı. Mövzu ilə bağlı bütün bunları ona görə deyirəm ki, “Böyük 8-liyə” qayıdış məsələsi artıq Rusiyaya kart blanş verib. Corc Bolton da istefaya getdi. Bu, o deməkdir ki, Donald Tramp Rusiyaya qarşı kəskin mövqedə olanları ətrafından təmizləyir. Bu müstəvidə Paşinyan artıq heç nə edə bilməyəcək.  Onu hakimiyyətə gətirən qüvvələr də nəyisə dəyişə bilməyəcək”.

Həmsöhbətimiz düşünür ki, münaqişə ilə bağlı mövcud status-kvo saxlanılacaq: “Dağlıq Qarabağ məsələsində mövcud status-kvo qalacaq. Çünki Rusiya “Böyük 7-lər”lə razılığa gəlib. Belədə Moskvanın region üzərində hegemonluğu hələ bir müddət davam edəcək. NATO-nun keçmiş baş katibi Andres Foq Rasmusson da dedi ki, Gürcüstanı alyans qəbul edə bilərik, lakin Tiflis Abxaziya və Cənubi Osetiyanı unutmalıdır. Bu isə o deməkdir ki, Moskvanın Ukrayna, Gürcüstan və Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçı rejimlərə dəstəyi davam edəcək. Qərb bu amillə barışıb. Ona görə də Dağlıq Qarabağ ətrafında status-kvo dəyişməyəcək. Təəssüf edirəm, yaxın perspektivdə problemin həlli istiqamətində irəliləyiş gözlənilmir. Paşinyan da artıq dəstəksiz qaldı. Yəni nə qədər ki, Qərblə Rusiya arasındakı razılaşma qüvvədədir regionda heç nə dəyişməyəcək. Bu mənada Zaxarovanın da fikirləri böyük siyasətin kiçik bir sızıntısıdır. Böyük dövlətlər regionumuzda Rusiya ilə mübarizəyə girişməyəcək. Bu da onu göstərir ki, Dağlıq Qarabağ məsələsində hansısa bir irəliləyiş inandırıcı deyil. Ona görə nələrinsə dəyişəcəyini, proqnozlaşdırmaq yalan olardı”.

Sadaladıqlarına əsasən politoloq qeyd etdi ki, Rusiya Dağlıq Qarabağ məsələsilə bağlı Ermənistana təzyiqlər edir. Ancaq bu təzyiqlər təəssüf ki, münaqişənin həllinə deyil, Moskvanın məsələ ətrafında monopoliyasının gücləndirilməsinə xidmət edir: “Yaranmış vəziyyətdə Rusiya Dağlıq Qarabağ problemi üzərindən Ermənsitana təzyiqlərə nəinki başlaya bilər, artıq bu təzyiqlər göstərilir. Paşinyanın ən zəif yeri də məhz budur. Rusiya habelə Dağlıq Qarabağ separatçıları daxilində gedən proseslər vasitəsilə də Paşinyana təzyiq etməyə çalışır. Bu amil var. Proses ümumilikdə Rusiyanın nəzarətindədir. Bu mənada Rusiyanın Ermənistana konfliktin həlli istiqamətində təzyiqləri olsa belə, həmin proses ancaq demarş şəklində olacaq və nəticəsi olmayacaq. Ölkəmizə lazımdır ki, Rusiya bundan sadəcə, öz marağı üçün deyil, münaqişənin həlli üçün istifadə etsin. Ölkəmzə lazımdır ki, Ermənistan işğal siyasətindən əl çəkməyə məcbur edilsin. Təəssüf ki, təzyiq olsa da bu cür təzyiq göstərilmir. Münaqişənin yekun həllinə gətirib çıxaran təzyiq göstərilmir ki, münaqişə ölkəmizin xeyrinə dəyişsin. Bu baş vermir. Rusiya daha çox Ermənistanı öz nəzarətində və münaqişəni monopoliyasında saxlamaq  üçün bu məsələdən istifadə edir”.

Rüfət NADİROĞLU