Əlaqə Arxiv
news Image
2019.09.17
08:10
| A A A
ABŞ Paşinyanın qələmini qırdı
Elman Nəsirov: “ABŞ-da Paşinyana bəslənilən bu soyuq münasibət Ermənistana yaxşı heç nə vəd etmir”

Ermənistan baş naziri Nikol Paşinyan gələn həftə ABŞ-a səfər edir. Səfər çərçivəsində Paşinyan ABŞ rəsmilərilə görüşməyə də çalışır. Lakin görünən odur ki, ABŞ-ın yüksək çinli rəsmiləri onu qəbul etmirlər.

Qeyd edək ki, bir neçə ay öncə Ermənistan xarici işlər və müdafiə nazirləri ayrı-ayrılıqda ABŞ-da səfərdə olsalar da, onlar da nə Ağ Evə, nə də Pentaqona yaxın buraxılmayıblar.

 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ rəsmilərinin Paşinyanı qəbul etməmələrinin kökündə onların Ermənistanın hazırkı hökumət başçısına inanmamaları dayanır: “Ermənistanın daxili və xarici siyasəti həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda ciddi tənqid predmetinə çevrilib. Bu barədə dəfələrlə söylənilsə də, bir çox hallarda Ermənsitanın indiki hakimiyyəti onu qəbul etmək istəməyib. Ancaq Paşinyanın Ermənistanın xarici ölkələrdəki diplomatik korpusu ilə görüşdə bu kimi məsələlərə tam aydınlıq gəldi. Paşinyan bu görüşdə xüsusən də Qərb ölkələrindəki diplomatlarını Ermənistana investisiya cəlb edə bilməməklə bağlı kəskin tənqid etdi. Ən çox tənqidə isə Ermənistanın məhz Vaşinqtondakı səfiri məruz qalmışdı. Paşinyan onu tənqid etdi ki, 1 il 6 aylıq dövr ərzində niyə özünün ABŞ prezidenti Donald Tramp və yaxud dövlət katibi Pompeo ilə görüşünü təşkil edə bilməyib. Bütün bu dediklərimiz onu təsdiqləyir ki, İrəvanın ABŞ-la bağlı siyasətində ciddi problemlər yaşanır. Daha dəqiqi, Tramp adminstrasiyası Paşinyana inanmır. Onun qeyri-müəyyən siyasət yürütməsi ABŞ-ı qane etmir. Bu kontekstdə BMT Baş Asamblüyasının növbəti sesiyası zamanı Paşinyanın yenidən Vaşinqtonun ali rəhbərliyilə görüşmək niyyəti havadan asılı qalıb. ABŞ-dakı güclü erməni diaspora və lobbisi də bu işin öhdəsindən gələ bilməyib. İndidən söyləmək olar ki, Paşinyanın bu mənada ABŞ-a olan bu səfəri də fiaskoya uğramış bir səfər olacaq.

Onu da qeyd edək ki, təkcə ABŞ-ın deyil, eyni zamanda buradakı erməni lobbisi və diasporasının da Paşinyana etimadı qalmayıb. Artıq onu ciddi siyasətçi kimi qəbul etmirlər. Onlar Paşinyanın bu gün bir söz deyib, sabah onun üzərindən vaz keçdiyinin fərqindədirlər. Bu səbəbdən artıq indidən söyləmək olar ki, Paşinyanın BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a olan həmin səfəri də Ermənistan üçün iqtisadi, siyasi və təhlükəsizlik baxımından heç nə vəd etməyəcək. Bu Paşinyan üçün sıradan və konkret nəticəsi olmayan bir səfər olacaq. Onun ABŞ-ın ali rəhbərliyilə görüşmək cəhdlərinin nəticə verməməsi belə qənaətə gəlməyə əsas verir”.

Millət vəkili qeyd etdi ki, ABŞ-da Paşinyana bəslənilən bu soyuq münasibət Ermənistan üçün ölkə daxilində vəziyyətin daha da gərginləşməsi demək olacaq: “Onsuz da bu ölkə daxilində vəziyyət günü-gündən gərginləşir. Xüsusən də”Qarabağ klanı” Paşinyana qarşı sözün həqiqi mənasında yeni cəbhə açmaqdadır.  Eyni zamanda, Paşinyanı inqilabla hakimiyyətə gətirən sadə xalq kütlələri də getdikcə ondan məyus olmağa başlayırlar. Dünənə qədər onu dəstəkləyənlər bu gün onun əleyhdarlarına çevrilirlər. Belə deyim var, “xarici siyasət daxili siyasətin davamı, onun tamamlanmasıdır”.  Daxili siyasətdə getdikdə daha kəskin vəziyyətlə üz-üzə qalan Paşinyan xarici siyasi məsələlərdə də ardıcıl səhvlərə yol verir. Onun ənənəvi müttəfiqləri olan Rusiya ilə də ciddi problemləri var.  Vaxtilə Ermənsitanın vəziyyətini o hal yüngülləşdirirdi ki, hətta bir-birinə düşmən kəsilən dövlətlər belə onu dəstəkləyirdi. Yəni vaxtilə Rusiya ilə ABŞ düşmən olsalar da, hər ikisi Ermənistanı dəstəkləyirdi. İndi isə həmin qüvvələr öz aralarında düşmənçiliyi davam etidrsələr də, heç biri daha Ermənistana dəstək vermir. Vaşinqton və Moskva İrəvanla soyuq münasibətlərə malikdirlər. Xüsusən də Paşinyanın həbs etdiyi keçmiş prezident Robert Köçəryanı Rusiya prezidenti Vladimir Putinin 65 illik yaşı münasibətilə təbrik etməsi və ona “Dostluq” ordeni verməsi dediklərimizi təsdiqləyir. Eyni zamanda, Paşinyanın Tramp və Pompeo ilə görüş cəhdlərinin alınmaması da dediklərimizin təsdiqidir”.

E. Nəsirov dedi ki, bütün bunların nəticəsində beynəlxalq aləmdə Paşinyanın və Ermənistanın mövqeləri daha da zəifləyəcək: “Bunu hər kəs görür. Belə olan vəziyyətdə bu uğursuzluqlar fonunda hər şeyi Dağlıq Qarabağla bağlamaq istəyir. O istiqamətdə də radikallaşır. Ona görə də onun daha çox məhz bu istiqamətdə Paşinyanın populist və avantürist bəyanatlarnın şahidi oluruq. Bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir”.

Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz