news Image
2019.09.25
09:09
| A A A
AXCP-də iç üzləri açılanlar
Ekspert: “AXCP sədrində istefa mədəniyyəti çatışmır”

Fuad Qəhrəmanlı olayı, onun ailə üzvlərinə qarşı amansız rəftarı həmin şəxsin üzvü olduğu AXCP-nin də iç üzünü açdı. Belə ki, açıqlamalardan aydın olur ki, AXCP sədri Əli Kərimli keçmiş müavininin ailəsinə münasibətdə etdiyi şiddətlərdən xəbərdar olsa da, buna göz yummağa üstünlük verib, hətta bir sıra hallarda onun əməllərinə haqq qazandırıb.  Belə vəziyyətdə isə AXCP daxilində rəhbərliyə qarşı kəskin narazılığın yaranmasına gətirib çıxarıb.

Baş verən bu olaylardan sonra azsaylı cəbhəçilərin də Əli Kərimlidən üz döndərəcəklərini gözləmək olarmı? Nədən bu vəziyyətdə Əli Kərimli hələ də partiya sədrliyindən və siyasətdən ayrılmır? Belə bir insanın demokratiyadan, insan haqlarından danışmağa mənəvi haqqı çatırmı?

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, yaranmış vəziyyətdə çoxsaylı AXCP üzvü birmənalı olaraq Əli Kərimli ilə yollarını ayıracaq: “Arzu etməzdim ki, kiminsə ailəsilə bağlı belə xəbərlər ictimailəşsin. Ümumiyyətlə, kimsənin ailəsində bu cür halların yaşanmasını arzu etmirəm. Amma Fuad Qəhrəmanlı ilə bağlı olan belə bir hadisə baş verib. Artıq cidanı cuvalda gizlətmək mümkün deyil. Üstəlik bu ailənin üzvləri ictimai fəal insanlardır, cəmiyyət içindədir. Cəmiyyət içində isə qadın, ailə və s. məsələlər həssas münasibət tələb edən məsələlərdir. O baxımdan həmin məsələnin ictimailəşməsini şəxsən düzgün hesab edirəm.

Eyni zamanda, adamların, demokratiya, insan haqları, qadın hüquqları və s. dəyərlər üzərində manipulyasiya etməsinin faş olmasını da işin xeyrinə saymaq olar. Yəni radikal müxalifətdə olan kəsimlər üzdə bir şey danışıb, arxada başqa cür davranırlar. Bu təkcə ailə məsələsində deyil, ümumiyyətlə radikalların yürütdüyü siyasət belədir. Fuad Qəhrəmanlı Əli Kərimliyə ən yaxın olan adamdır. Təbii ki, ailəsində nə edir, necə edir, haqlı, yaxud haqsız edir, bu onun şəxsi işidir. Amma onun ölkədə iddialı bir siyasi təşkilatda rəhbər vəzifə tutması, eyni zamanda onun rəhbərinin də bu hadisələrədn xəbərdar olması, ondan xəbər verir ki, həmin qurum içəridən, özü də çoxdan çürüyüb. Buna bənzər hadisələr həmin siyasi təşkilatda ilk dəfə deyil ki, baş verir.

Bütün bunlar mənəvi-əxlaqi aşınmadan xəbər verir. Belə bir qüvvənin siyasi iddiada olması əlbəttə ki, qəbul edilən deyil. O baxımdan düşünürəm ki, əxlaqı, tərbiyyəsi yerində olan şəxslər bundan sonra Əli Kərimlinin ətrafında qalmamaq barədə qərar verəcəklər.

Siyasi mübarizə aparmaq normaldır. Buna heç kim heç nə demir. Amma o siyasi mübarizəni əxlaqı dəyərləri yerində olanlarla bir yerdə aparmaq daha məqsədəuyğundur. Bu baxımdan da düşünürəm ki, hazırda Əli Kərimlinin ətrafında qalan insanların böyük çoxluğu bir daha düşünəcək, milli dəyərlərimizə sayğı ilə yanaşan insanlar bundan sonra sözügedən şəxslə eyni yolu davam etdirməyəcəklər”.  

A. Həsrət qeyd etdi ki, AXCP sədri istefa mədəniyyətinə də malik deyil: “Əli Kərimli siyasətdə artıq tükənib, o, artıq siyasi partiya rəhbəri fəaliyyətilə məşğul deyil: “Sadəcə, bloger kimi fəaliyyət göstərir. İşi-gücü ancaq «Facebook»da oturub onunla-bununla yazışmaq, hansısa məsələlərə münasibət bildirməkdən ibarətdir. Yaxud da saxta adlar adı altında ortalıqda qarışıqlıq yaratmağa cəhd göstərir. AXCP-nin sədri adı isə bu mənada onun üçün bir şirmadır. Bunun arxasında gizlənərək müxtəlif əməlləri törətməyə çalışır. Həmin səbəbdən bütün baş verənlərə rəğmən istefa barədə düşünmədiyini bəyan edir. Əlbəttə ki, bu da artıq bir mədəniyyət məsələsidir. İstər-istəməz insanın başına bu qədər iş gələr, xüsusən də ən yaxın çevrə davamlı şəkildə ondan üz döndərə, yaxud yanında qalanların əxlaqı ilə bağlı problemlər ortaya çıxa, belə vəziyyətdə onlara rəhbərlik edən şəxs çoxdan istefa verməli idi. Amma bu da bir ədəb, mədəniyyət məsələsidir.

Görünür, AXCP sədrində istefa mədəniyyəti çatışmır. Bütün hallarda cəmiyyət artıq ona öz yerini göstərib. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti onu hətta unudub. Əli Kərimli tükənmiş adamdır. Belədə başa düşür ki, AXCP sədri adından imtina etməklə, cəmiyyət ümumiyyətlə, onu unudacaq. Ona görə də bütün olanlara rəğmən, istefa vermir. Belə bir insanın demokratiya, insan haqlarından danışmağa ümumiyyətlə, mənəvi haqqı da yoxdur”.

R. SOLTANOV