Əlaqə Arxiv
news Image
2019.10.10
08:14
| A A A
Dünyanın eşitdiyi həqiqət işğalçıya vurulan növbəti güclü zərbədir
Azərbaycanın düşmənə diplomatik hücumu döyüş hücumu qədər kəsərlidir

Bir həftədir ki, Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyevin işğalçı Ermənistanın və onun rəhbərlərinin ünvanına yönəlmiş dəqiq və sərt fikirləri gündəmdədir. Qarbağın düşmən tapdağından azad ediləcəyi günü səbirsizliklə gözləyən xalqımız bu sahədə atılan addımın verdiyi effekti duyur, qiymətləndirir və qələb sevincini yaşamağa yaxınlaşdıqlarını hiss edirlər. Dövlət başçımızın bütün beynəlxalq tədbirlərdə etdiyi tarixi faktlara əsaslanan mçübariz ruhlu çıxışları xalqın ümidlərini daha da artırır.

“Valday” toplantısındakı çıxışın əks-sədasının doğurduğu effekt barədə Prezident İlham Əliyev bu günlərdə  Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı deyib: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin”.

Bu, xırda məsələ deyil. Qarabağ münaqişəsinin həlli ilə , demək olar ki, bütün dünya məşğuldur. BMT bu münaqişə üzrə neçə-neçə rəsmi müzakirə aparıb, 4 qətnamə və bir neçə qərar verib, Avropa İttifaqı, AŞPA müzakirələr keçirib, sənədlər imzalayıb, Rusiya, ABŞ, Fransa dövlətlərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupunun üzvləri, İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri münaqişənin həlli üçün çalışırlar. Lakin Qərbin ikili standartları münaqişənin sülh yolu ilə həllinə mane olur. İkiüzlülüyü Ermənistanda da görür və bundan işğalçılıq siyasətini davam etdirmək üçün istifadə edirlər. Bu ölkənin baş naziri Nikol Paşinyan isə Azərbaycanın işğal edilmiş ərazisinə gələrək sərsəm fikirlər söyləyir, məsuliyyətsiz çıxışlar edir. Azərbaycan isə bu məsuliyyətsizliklərin cavabını verir. 2016-cı ilin Aprel döyüşləri düşnənin hərbi gücünü darmadağın edərək sübuta yetirdi ki, Ordumuz hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdır. İndi isə Prezident İlham Əliyev yenidən baş qaldırmış erməni siyasi çərənləçə\lərini öz çıxışı ilə məhv etdi. 

Məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin açılışında dövlət başçısı daha sonra qeyd edib: “Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin – canlı efirdə, Rusiyada, mötəbər “Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.

Bəli, bu “nida” döyüşkənlik, mübarizlik ruhunun carçısıdır. Bu, hiss-həyəcanla yanaşı bütün dünyaya ciddi siyasi mesajdır, Ermənistanın saxtakarlığını və təxribatını açıb göstərən tarixi arqumentdir. 

Virtualaz.org saytı yazır ki, İlham Əliyevin forumdakı çıxışını dərc edən İrəvan saytlarından birinin redaksiyasına erməni millətçilərinin basqın etməsi, bir neçə nəfər döyülməsi faktı  özlüyündə çox şey deyir. Bundan əlavə  İrəvandakı “Matenadaran” İnstitutunun elmi əməkdaşı, tədqiqatçı Qayane Ayvazyan Prezident İlham Əliyevin Soçidəki çıxış və açıqlamaları ilə bağlı şərhində yazıb: “Bizim şanlı erməni mətbuatının və diplomatlarımızın İlham Əliyevin Soçi bəyanatına reaksiyasını oxuyuram. Əliyev Paşinyanın irəli sürdüyü iki ziddiyyətli postulata münasibət bildirib: 1. “Arsax” Ermənistandır və nöqtə” və 2. Konfliktin həlli Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Əliyev isə deyib ki, “Qarabağ Azərbaycanındır və nida işarəsi”. Amma bundan sonrakı hissəni erməni mediası gizlədir və əsasən əvvəlki hissəni yayır - bununla da təhrifə yol verməklə özünə təsəlli verməyə çalışır. Erməni məmurları isə ifadəni qorxunclaşdırmağa cəhd edirlər. Əlbəttə ki, nə deyərsən, o cür də qarşılığını alarsan. Erməni KİV-nin əsasən yan keçdiyi Əliyevin çıxışının ikinci hissəsində Ermənistanın baş nazirinə ağıllı bir irad tutub. Deyib ki, Dağlıq Qarabağ xalqı yoxdur, Dağlıq Qarabağın eyni hüquqlara malik azərbaycanlılar və ermənilərdən ibarət əhalisi var. Bu, çox savadlı ifadədir. Mən indi erməni tərəfinin buna reaksiyasını bilmək istərdim. Mən qorxunc Əliyev haqda nağıllar eşitmək və ya yüksək tribunalardan “Ararat bizim dağdır, bizimdir, bizim” ruhunda xarici siyasət mətnləri eşitmək istəmirəm”.

Real siyasət budur: bir həmlə və düşmən cəbhəsində çaxnaşma. Dünya bunu görür və dərk edir ki, Qarabağ Azərbaycanındır. Yəni, istiqamət qələbəyə doğrudur. Qarabağ bizimdir, bizim olacaq!

N.NOVRUZ

Sizin Reklam Yeriniz