news Image
2019.10.10
08:12
| A A A
Azərbaycan diplomatiyasında Çin uğuru
Musa Qasımlı: “Çin daim Azərbaycanın haqq işini dəstəkləyib, Qarabağ münaqişəsinin dinc yollarla nizama salınmasında dövlətimizin yanında olub” Mübariz Əhmədoğlu: “Çinlə əməkdaşlığın inkişafı ölkəmiz üçün vacibdir”

Azərbaycanın dünya nəhənglərindən olan Çinlə iqtisadi əlaqələri durmaan inkişaf edir. “Bir kəmər, bir yol” layihəsi bu iqtisadi münasibətlərin dərinləşməsində dərin iz buraxıb. Pekinlə Bakı arasında siyasi müstəvidə də əlaqələr inkişaf edir. Xüsusən də Çinin hakim partiyası ilə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası arasında siyasi müstəvidə əlaqələr güclənməkdədir.

Çin həmçinin qlobal oyunçulardan biridir. Bu hal beynəlxalq müstəvidə Çindən daha çox dəstək almağımıza nə kimi təsir göstərə bilər? Pekinin özünün bu prosesdə maraqlı olması nəyə xidmət edir? Çinlə bu müstəvidə əlaqələr Azərbaycana hansı dividend və üstünlüklər qazandırır?

Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirdi ki, Azərbaycan-Çin münasibətlərinin təməlini ulu öndər Heydər Əliyev qoyub: “Cənab Prezident İlham Əliyev də indiki yüksək səviyyəyə qaldırıb. Bu münasibətlər bütün sahələr üzrə inkişaf edib. BMT Təhlükəsizlik Şurasında Çin Xalq Respublikası daim Azərbaycanın haqq işini dəstəkləyib, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla nizama salınmasında dövlətimizin yanında olub.

Ərazi bütövlüyü məsələsində Azərbaycan və Çin arasında ortaq fikir var. Bu münasibətlər möhkəm təməllərə dayanır. Ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya istiqamətlərində böyük layihələr həyata keçirilib. Belə layihələrdən biri də “Bir kəmər, bir yol” layihəsidir. İki ölkə arasında münasibətlər siyasi istiqamətdə də inkişaf edir. Xüsusən hər iki ölkənin hakim partiyaları arasındakı münasibətləri buna misal göstərmək olar.

Çinin siyasətinin dərin kökləri var. Pekin hər şeydən əvvəl dünyanın böyük dövlətlərindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Təbii ki, Pekinin Cənubi Qafqazda böyük maraqları var və bu maraq da bütöv sahələri əhatə edir. Çin dünyanın iqtisadi cəhətdən öndə gedən ölkələrindən biri olduğundan Bakı-Pekin münasibətləri hər iki tərəfə yalnız fayda verəcək. Çindən çıxan malların Azərbaycan üzərindən Avropaya çatdırılması, Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyəti heç şübhəsiz ölkəmizə böyük dividentlər gətirəcək”. 

Politoloq Mübariz Əhmədoğlu isə qeyd etdi ki, Pekinlə əlaqələrin bütün sahələr üzrə inkişafı Azərbaycanın maraqlarına cavab verir: “Azərbaycanın ümumiyyətlə, hər hansı bir dövlətdən xüsusi dəstək almasına ehtiyac yoxdur. Azərbaycan öz marağına uyğun siyasəti aparmaq qabiliyyət və gücündə olan dövlətdir. Bu, o deməkdir ki, Azərbaycanın öz siyasəti fonunda bir polyar istiqamətdə köklənməməyə, yəni çoxpolyar istiqamət üzrə siyasət yürütməyə gücü çatır. Bakının Pekinlə münasibətlərinə də bu kontekstdən yanaşıram.

Azərbaycanın əsas nefti Xəzər dənizindədir. Xəzərdən Avropaya qədər olan məsafə nə qədərdirsə, təxminən bir o qədər məsafə də Çinə qədərdir. Çin gələcəkdə böyük enerji istehlakçısı olacaq. Bu baxımdan da Çinlə əməkdaşlığın inkişafı ölkəmiz üçün vacibdir. Ona görə də Bakı Çinlə əməkdaşlığa geniş yer verir, bu ölkənin “Bir kəmər, bir yol” layihəsində iştirak edir.

Digər tərəfdən, Çin Kommunist Partiyasının fəaliyyəti timsalında bəlli olur ki, bir partiya sistemində yaşamaqla həm demokratiyanı inkişaf etdirmək, həm azad iqtisadiyyat qurmaq, həm də tərəqqi əldə etmək mümkündür. O baxımdan Çinin hakim partiyası ilə Azərbaycanın iqtidar partiyası arasındakı əlaqələrin inkişafını da bu kontekstdən görürəm. Yəni Çinlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın özünə “krışa” axtarması anlamına gəlməməlidir. Bu əlaqələr qarşılıqlı, faydalı əlaqələr üzərində qurulub. Bütün hallarda Pekinlə Bakı arasında münasibətlərin gələcəyinin uğurlu olacağına əminəm”.

R. SOLTANOV