Əlaqə Arxiv
news Image
2019.10.15
10:46
| A A A
Musavatdan yeni qopmalar başlayır
Müxalifət üzvlərində vəzifə ambisiyası o qədər güclüdür ki, hətta öz daxillərdə də seçkidə uduzanda yollarını dəyişirlər

 Bakıda “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) Müsavat Partiyasının IX qurultayı öz işini başa vurub. Ekspertlərin rəyincə, qurultayda reqlamentin əsas məsələsi başqan seçkisi olub. Tədbirdən əvvəl hamı yalnız yeni başqanın kim olacağından danışırdı. Sanki bu partiyanın proqramı, gördüyü iş, qurultaya hesabatı ancaq təşkilatın birinci şəxsinin kim olacağı imiş. Proses də göstərdi ki, əslində, elə həqiqət də budur. Belə ki, qurultay zamanı Tofiq Yaqublu və Yadigar Sadıqlı ilə partiyanın keçmiş rəhbəri İsa Qəmbər arasında mübahisə düşüb. Namizədlər İsa Qəmbərin onların çıxışına müdaxiləsinə etiraz ediblər. İ.Qəmbər müdaxiləsi isə, görünür, onun dəstəklədiyi namizədin – Arif Hacılının xeyrinə işlədiyindən digərlərinin etirazı ilə qarşılaşıb.

Toplantıdan əvvəl də başqanlıq məsələsi üzərində xeyli ciddi və qeyri-ciddi müzakirələr gedib. Xüsusilə, AXCP sədri Əli Kərimlinin Musavatın parçalanmasına yönəldilmiş fəaliyyəti, öz adamı sayılan Tofiq Yaqublunun başqan seçilməsinə çalışması haqda olan söz-söhbət belə güman yaradıb ki, qurultaydan az müddət sonra partiyada parçalanma yarana bilər.

Bu ehtimalı gücləndirən səbəblərdən biri də partiyanın 2014-cü ildə keçirilmiş VIII qurultayından sonra baş vermiş hadisələrdir. Həmin vaxt Arif Hacılı ilə yanaşı Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy başqanlığa namizəd idilər. O vaxt seçkidən əvvəl Səxavət Əlisoy namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürdüyünü elan edib. Tural Abbaslı isə Qubad İbadoğluna təklif edib ki, namizədliyi onun xeyrinə geri götürsün, ancaq sonuncu razılaşmayıb. Tural Abbaslı onu da əlavə edib ki, partiya rəhbərliyinə yeni sima lazımdır: “Mən İsa bəy deyəndə Arif bəy yadıma düşür, Arif bəy deyəndə İsa bəy yadıma düşür. Əgər Arif bəyi secəyiksə, elə İsa bəy qalsın da” Lakin bu “alovlu” çıxışın heç bir təsiri olmayıb və səsvermədə iştirak edən 450 nəfərdən 228-i Arif Hacılıya səs verib, Qubad İbadoğlu 200 səs qazanıb, 19 nəfər isə Tural Abbaslıya səs verib. Bülletenlərdən 2-si etibarsız sayılıb. Məlum olduğu kimi, qurultaydan sonra Qubad İbadoğlu partiyadan ayrılaraq öz hərəkatını yaradıb. Tural Abbaslı isə yeni bir partiya yaradaraq ona sədrlik edir.

İndi kim zəmanət verə bilər ki, Musavatın IX qurultayından sonra həmin hadisələr təkrar olunmayacaq? Həm də ortada daim kinli olan Əli Kərimli personajının ambisiyaları var. Çünki, bu qurultayda da Arif Hacılı seçilərək onun namizədinin başqanlığa gedən yolunu kəsib. Vəzifə ambisiyalrı müxalifətin “tifaqını dağıdan” başlıca amillərdən biri olaraq qalır. Bundan əvvəl Arif Hacılının başqanlığa layiq olmadığını deyən bir çox tanınmış sima Müsavatı tərk etdi, partiyada çaxnaşmalar, qruplara bölünmə, düşərgələnmə və istefalar dalğası başlandı. Böhran indi də davam edir. Arif Hacılının digər namizədləri - Tofiq Yaqublunu və Yadigar Sadıqlını üstələməsinin özü tragikomediyadır. Sıravi müsavatçılara "demokratik seçkinin nəticəsi" kimi təqdim olunacaq bu proses heç bir halda Müsavatda kurs dəyişikliyi, yenidənqurma olmayacaq. О baxımdan ki, Arif Hacılı reallıqda İsa Qəmbərin istəklərini yerinə yetirməkdən başqa heç bir addım atmır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz