Əlaqə Arxiv
news Image
2019.10.15
09:13
| A A A
Hərbi xərclərimiz düşməni lərzəyə salıb
Üzeyir Cəfərov: “Ermənistan heç bir halda Azərbaycanla müqayisə oluna bilməz və onların hərbi müstəvidə ölkəmizlə rəqabət aparması mümkünsüzdür”

Ermənistanın yeni hakimiyyəti hərbi xərcləri artırmaq kursu götürüb. Ancaq işğalçı ölkənin ağır durumu ona özünün hərbi xərclərini kəskin artırmağa imkan vermir. Belə ki, Ermənistanda 2020-ci il üçün hərbi xərclərin cəmi 0,8 faiz artımı nəzərdə tutulub. Bu il ölkə hərbi xərclərə 303 milyard dram (təxminən 634 milyon dollar) nəzərdə tutubsa, gələn il həmin rəqəm 305 milyard dram (638 milyon dollar) olacaq.

Ehtiyatda olan polkovnik Vladimir Ovanesyan hesab edir ki, Ermənistan Azərbaycanla müharibə ərəfəsindədir və belə vəziyyətdə hərbi büdcənin cəmi 0.8 faiz artımı yolverilməzdir. O, müqayisə üçün qeyd edib ki, Azərbaycan 2020-ci ildə hərbi xərcləri 10 faiz artırmağa hazırlaşır. Polkovnik Ovanesyan əlavə edib ki, inflyasiyanı nəzərə alanda həmin 0.8 faizlik artım əslində artım deyil, hərbi xərclər inflyasiya üzündən cari ildəkinə nisbətən azalacaq.

Ovanisyanın bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyinə ayrılan vəsaitin 75 faizi maaşa, kommunal xərclər və digər məcburi ödənişlərə sərf olunur. Qalan hissəsinə isə hərbi ehtiyaclar üçün nələrsə alına bilər. Üstəlik bu zaman korrupsiyaya yol verilir, onsuz da az olan vəsait bir tərəfdən də mənimsənilir.

Azərbaycanın hərbi büdcəsi isə gələn il üçün təxminən 4 milyard manata yaxın olacaq. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycan bütün digər sahələrdə olduğu kimi, hərbi sahədə də Ermənistanı qat-qat üstələyir. Hərbi xərclər arasında belə böyük fərq Ermənistan üçün nə deməkdir? Düşmən bundan hansı nəticə çıxarmalıdır?

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən belə çox olması düşmən ölkə üçün sülhə gəlməyəcəyi təqdirdə bir dövlət olaraq tam iflas demək olacaq: “Belə baxanda Ermənistan çox çətin  vəziyyətdədir. Onların bütün çabalarına, hərəkətlərinə baxmayaraq, Ermənistan heç bir halda Azərbaycanla hərbi güc və qüdrətini həm müqayisə edə, həm də bu fonda ölkəmizə yaxınlaşa bilmir. 

Hamı gözəl bilir ki, Azərbaycanın torpaqları işğal altında olduqca hərbi xərclərimiz də ilbəil artmaqda davam edəcək. Azərbaycan özünün hərbi xərclərini daim artırmaq məcburiyyətindədir. Çünki düşməni ram etmək, onu yerində otuzdurmaq üçün vacib olan bəzi işləri həyata keçirməliyik. Ordumuz daima müasir silahlarla təmin edilməli, hərbi arsenalımız yenilənməlidir. Bu fonda Ermənistan heç bir halda Azərbaycanla müqayisə oluna bilməz və onların həmin istiqamətdə ölkəmizlə rəqabət aparması mümkünsüzdür. İrəvan sadəcə olaraq, görüntü xatirinə özünü  elə aparır ki, guya ermənilər də hərbi sahə ilə məşğuldurlar. Ancaq nə qədər bu istiqamətdə çabasalar, tər töksələr də Azərbaycana çata bilməyəcəklər. Bunu özləri də gözəl bilir.       Buna baxmayaraq, ermənilər hələ də həmin istiqamətdə müəyyən cəhdlərdə bulunurlar.

Onların hərbi xərclərini 100 milyon dollar artırması belə ermənilərin müdafiə gücünün artırılması anlamına gəlməməlidir. Bu, birmənalı olaraq məlum məsələdir. Ona görə də İrəvanın öz hərbi büdcəsini cüzi də olsa artırması sadəcə olaraq, daxili auditoriya üçün hesablanıb. Bu yollarla daxili auditoriyanı sakitləşdirəcəklərini, guya hərbiyə müəyyən diqqət və qayğı göstərdiklərini düşünürlər. Amma nə qədər çabasalar da, düşmən ölkə özləri üçün əlverişli olmayan bu vəziyyəti heç cürə düzəldə bilməyəcək.

Ermənistan ordusunda iqtisadi çətinliklər fonunda xeyli sayda cinayətkarlıq, nizamnamədən kənar münasibətlər baş verir. Bunlar hamısı Ermənistan ordusunda hökm sürən ən başağrıdan məsələlərdəndir.  Belədə İrəvan zənn edir ki, hərbi büdcəni cüzi qaldırmaqla mövcud problemləri yoluna qoya bilər. Ancaq düşünmürəm ki, bu, onlara nəsib olacaq. Həmçinin, Azərbaycan dövlət başçısının son bəyanatları da ermənilərdə ciddi narahatlıq yaradıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün sözün həqiqi mənasında lazım olan addımları atacaq.

İrəvan artıq Rusiyadan da narahat olmağa başlayıb. Baxmayaraq ki, Rusiyanı özlərinə müttəfiq sayırlar, buna rəğmən, Moskvanın hərəkətlərindən də narahat olmağa başlayıblar.  Məhz bu narahatlıq fonunda da ermənilər öz hərbi büdcələrini bir qədər artırmağa çalışır. Ancaq heç bir halda, ermənilərin bu çabaları vəziyyəti düzəltməyəcək. Azərbaycanla düşməm ölkə arasında hərbi xərclər müstəvisində yaranan bu fərqlər Ermənistan üçün ciddi uçurum deməkdir. İrəvan ya torpaqları azad etməklə sülhə gəlib özünü bu uçuruma düşməkdən xilas edəcək. Ya da mövcud status-kvo vəziyyətini saxlamaqda davam etməklə, özünün daha dərin bir uçuruma yuvarlanmasının qarşısını heç cürə ala bilməyəcək. Nəticədə ermənilərin vəziyyəti bu gün olduğundan da daha acınacaqlı olacaq. Doğru addım atsalar, itkiləri az olacaq. Ancaq səhv addım atmaqda davam etsələr, Azərbaycan düşmən ordusunu həm maddi, həm də texniki sarıdan zəiflətmək üçün lazım olan addımı atacaq”.

R. SOLTANOV   

Sizin Reklam Yeriniz