news Image
2019.10.15
22:20
| A A A
Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək

Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək.

Mövqe.az-ın məlumatına görə, bunu Qırğızıstan dövlətinin başçısı Sooronbay Şaripoviç Jeenbekov oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Qırğızıstan Prezidenti bildirib:

"Hörmətli dövlət başçıları.

Hörmətli görüş iştirakçıları.

Xanımlar və cənablar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə sizinlə görüşməyə çox şadam.

Mən, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə qonaqpərvərliyə və bu görüşün yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev təşkilatımızın tamhüquqlu üzvü kimi bizə qoşulub. Mən, həmçinin Qazaxıstanın birinci Prezidenti cənab Nazarbayevi bizim Şuranın fəxri sədri kimi bu Zirvə Görüşündə iştirakı münasibətilə təbrik edirəm. Bu Şura onun təşəbbüsü və ideyası əsasında yaradılıb. Cənab Nazarbayev, Siz bu Şuranın yaradılmasına böyük töhfə vermisiniz. Düşünürəm ki, cənab Nazarbayevə bizim Şuranın ömürlük fəxri sədri adının verilməsi çox düzgün qərar olub.

Bu il təşkilatımızın yaradılmasından 10 il ötür və çox rəmzi haldır ki, bugünkü Zirvə Görüşümüz Azərbaycanda keçirilir. Bizim təşkilatla eyni vaxtda Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər təşkilatlar da yaradılıb.

Hörmətli həmkarlar, Qırğızıstanın təşkilatımızda sədrlik dövrü başa çatmaq üzrədir və biz ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi üçün əlimizdən gələni etmişik. Bizim Şuranın yaradıldığı vaxtdan təşkil edilmiş 55 tədbirdən 15-i Qırğızıstanda keçirilib. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan Şuranın tamhüquqlu üzvü olub, Macarıstan isə bizim təşkilatda müşahidəçi statusu əldə edib. İnanırıq ki, bizim Şuranın Budapeştdə açılmış nümayəndəliyi türk dövlətlərinin və Avropa ölkələrinin sivilizasiyaları arasında qarşılıqlı münasibətlərin və əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Zənnimcə, Özbəkistanın və Macarıstanın iştirakı ilə bizim bütün qarşılıqlı münasibətlərimiz yeni təkan alacaq. İnanıram ki, biz gələcəkdə ölkələrimizin inteqrasiyasına və yeni mühüm sənədlərin qəbul edilməsinə nail olacağıq. Biz ölkələrimiz arasında investisiya-inteqrasiya fondu yarada bilmişik. Nəqliyyat və sənaye sahələrində çalışırıq, Qırğızıstan həm də İslam Əməkdaşlıq Təşkilatında bizim Şuranın müşahidəçi statusu alması üçün ərəb ölkələri ilə çox səmərəli iş aparır. Katiblik bu istiqamətdə işini davam etdirməlidir. Oş şəhəri türk dünyasının mədəniyyət mərkəzi seçilib. Biz bir sıra mədəni-etnoqrafik tədbirlər, həmçinin “Oş türk sivilizasiyasının paytaxtıdır” adlı tədbir keçirmişik. Bu tədbirlərin təşkilində göstərdiyiniz dəstəyə görə sizin hamınıza təşəkkür edirəm. Ümidvaram ki, bu Zirvə Görüşünün nəticəsi kimi biz bir sıra yeni sənədlər qəbul edəcək və ticari-iqtisadi, investisiya əməkdaşlığının potensialını artıracağıq. Kiçik və orta müəssisələrin dəstəklənməsi xüsusilə vacibdir. Qeyd etdiyim kimi, Qırğızıstan bizim türkdilli ölkələrdən olan tərəfdaşlarımız üçün həmişə açıq olacaq. Hazırda Qırğızıstan ilə Türkiyə, Qazaxıstan və Özbəkistan arasında çoxsaylı müştərək müəssisə var. Biz Azərbaycandan və Macarıstandan olan tərəfdaşlarımızla işgüzar qarşılıqlı münasibətlərin inkişafında da maraqlıyıq. Bu gün mən informasiya-telekommunikasiya texnologiyaları sahəsində və “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsində ölkələrimiz arasında əməkdaşlığı gücləndirməyi təklif edirəm.

Qeyd etmək istəyirəm ki, ölkələrimizin məcmu ümumi daxili məhsulunun həcmi təqribən 1,5 trilyon dollara bərabərdir. Buna görə də biz əməkdaşlığı gücləndirməli və potensialımızdan istifadə etməliyik. Qırğızıstan bu istiqamətdə uğurla işləyir, nəqliyyat dəhlizlərini genişləndirir, energetika müəssisələri inşa edir, yüngül sənayeni və kənd təsərrüfatını inkişaf etdirir. Biz logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorları da uğurla inkişaf etdiririk. Bütün bu istiqamətlərdə sizinlə işləməyə hazırıq. Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi İttifaqında üzv olması sayəsində 190 milyon əhalini əhatə edən bazar bizim tərəfdaşlarımız üçün əlçatan olub. İqtisadi əməkdaşlığın inkişafı baxımından bizim təşkilatın hələ istifadə edilməyən potensialı çoxdur. Bizim əməkdaşlığın daha bir istiqaməti Dünya Köçəri Oyunlarının təşkilidir. Biz bu oyunların keçirilməsi estafetini Türkiyəyə vermişik. Düşünürəm ki, Türkiyənin böyük nüfuzu Köçəri Oyunlarının bütün dünyada populyarlaşmasına yeni təkan verə biləcək. Sizin hamınızı növbəti Köçəri Oyunlarında fəal iştiraka dəvət edirəm.

Hörmətli həmkarlar, mən təşkilatımızda sədrliyi Azərbaycan Respublikasına verirəm. İlham Heydər oğlunun iqtisadi islahatları və investisiyaların cəlb edilməsi siyasəti artıq öz bəhrəsini verir. Bu gün Azərbaycan dünya siyasətində xüsusi və mühüm yer tutur. Biz qardaş Azərbaycanın uğurları barədə bütün xəbərləri sevinclə qarşılayırıq. İnanıram ki, Azərbaycanın sədrliyi ilə iqtisadiyyatın, ticarətin, investisiyaların və digər sahələrin inkişafı üzrə əməkdaşlıq daha da güclənəcək. Mən inanıram ki, Azərbaycanın sədrliyi səmərəli olacaq. Fikrimcə, bizim daha da inkişaf etmək üçün çox böyük imkanlarımız var. Əgər biz bütün potensialımızdan və imkanlarımızdan istifadə etsək, ölkələrimizin əməkdaşlığı əhalinin həyat şəraitini yaxşılaşdıracaq. İndi isə çıxış üçün mənim qardaşım və dostum – Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının yeni sədri cənab İlham Heydər oğlu Əliyevə söz vermək istəyirəm".