Əlaqə Arxiv
news Image
2019.10.16
08:31
| A A A
Bakı türk dünyasını bir araya gətirir
Fəzail İbrahimli: “Orta Asiya, Azərbaycan və Türkiyənin bir qurumda, bir məqsəd uğrunda siyasi birliyinin güclənməsi fonunda mənəvi yaxınlıq müstəvisində olan düşüncə sahiblərinin kənar təzyiqlərə cavab vermək imkanları artacaq” Natiq Miri: “Türkdilli dövlətlərin bir olması Qarabağ probleminin həllinə mühüm tröhfə verə bilər”

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə toplantısı keçrilib. Bu tədbirdə Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxtanla yanaşı, ilk dəfə olaraq quruma yenicə üzv qəbul olunan Özbəkistan, habelə Macarıstan da iştirak edir.   

Qeyd edək ki, Türk Şurası əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Yarandığı gündən bu günə qədər sözügedən qurum öz nüfuz və mövqeyinin dünya miqyasında artması yolunda bir sıra addımlar atıb. Məhz bunun nəticəsidir ki, quruma yeni-yeni üzvlər qəbul olunur. Özbəkistanın Türk Şurasına qoşulması, Macarıstanın buna hazırlaşması fonunda qurumun nüfuzun yüksəlməsi, fəaliyyətinin daha da genişlənməsini gözləmək olar.

 Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, Türk Şurası üzvlərinin genişlənməsi fonunda qurumun nüfuzu daha da artacaq və onun kənar təsirlərə cavab vermək imkanları artacaq: “Güc olan yerdə əlbəttə ki, təsir də var. Dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq gücün dəstəyində gedir. Dünyaya güc diqtə edir. Ona görə də güc olan yerdə qələbə var.

Dünyadakı bütün müharibələr güclü tərəfin xeyrinə qurtarıb. Bütün diplomatik danışıqlarda hər zaman güc öz diqtəsini yeridib. NATO blokunda türk dövləti olan Türkiyəyə qarşı laqeyd münasibət sərgilənir. Amma buna baxmayaraq, Türkiyənin qətiyyəti öz işini görür. Eynilə, Türk Şurasının günü-gündən güclənməsi də dünyada cərəyan edən  proseslərə həmin qurumun təsir imkanlarının güclənməsinə gətirib çıxaracaq.

Orta Asiya, Azərbaycan və Türkiyənin bir qurumda, bir məqsəd uğrunda siyasi birliyinin güclənməsi fonunda mənəvi yaxınlıq müstəvisində olan düşüncə sahiblərinin kənar təzyiqlərə cavab vermək imkanları da artacaq. Bütövlükdə götürəndə qurumun nüfuzunun artması şuraya daxil olan bütün dövlətlərin qüdrətinin yüksəlməsinə təsir göstərəcək”.

Politoloq Natiq Mirinin fikrincə, türkdilli dövlətlərin bir olması Qarabağ probleminin həllinə mühüm tröhfə verə bilər: “Özbəkistanın  bir türk dövləti olaraq Türk Şurasına qoşulması türk cümhuriyyətlərinin yenidən bir araya gəlməsi anlamına gəlir. Hətta Avropa ölkəsi olan Macarıstanın da bura qoşulmaq istəyi təbii ki, qurumun sözün həqiqi mənasında ciddi bir güc mərkəzinə çevrilməsi ehtimalını artırır. Bunu Türkiyənin son günlər Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatlarda da gördük.

Demək olar ki, bir neçə ölkə istisna olmaqla, bütün dünya, xüsusən də Ankaranın NATO üzrə müttəfiqləri Türkiyəyə qarşı çevrildilər və bu gün də həmin istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Hətta NATO üzrə müttəfiqlər Türkiyəyə ciddi sanksiyalar tətbiq etməyə girişib. ABŞ və Avropa Birliyinin qərar və çağırışlarında bunu müşahidə edirik.   Bu hadisələr bir daha göstərir ki, həqiqətən də türkün türkdən başqa dostu yoxdur”.

Politoloq qeyd etdi ki, türk dövlətləri bu yöndə bir yerdə olmalarını əməkdaşlıq formatının daha ciddi əməli fəaliyyətdə özünü göstərməsilə sübut etməlidirlər: “Yəni bütün sahələr üzrə, dil, iqtisadi-siyasi, həm də hərbi sahədə birliyi təmin etməliyik ki, ən azından türk cümhuriyyətləri arasında  olan cüzi fərqliliklər də aradan qalxsın. 300 milyonluq türk toplumu ortaya çıxarsa və bu birlik əsl mənada özünü güclü tərəf kimi göstərərsə, bundan sonra hər hansı bir türk respublikasına qarşı hücum və işğal xarakterli fikrə gələnlər ən azından bu barədə iki dəfə düşünmək məcburiyyətində qalacaqlar.

Belədə, Azərbaycana hərbi müdaxilə etmək istəyən hər hansı bir ölkə artıq 10 milyonluq deyil, 300 milyonluq böyük gücün qarşısında olduğunu düşünməli olacaq. Ona görə də türk birliyinin gücləndirilməsinə sözün əsl mənasında ciddi ehtiyac vardır. Bu istiqamətdə indiyə kimi olan proseslər də yetərli deyil. Birliyi təmin etmək üçün proses daha da intensivləşdirilməlidir. Dil, əlifba birliyi təmin edilməlidir.

Bundan başqa, iqtisadi, siyasi, hərbi yöndə birliklərin təmin olunması yolunda da əməli  fəaliyyətə başlanılmalıdır. Bu baxımdan Özbəkistanın və Avropa ölkəsi Macarıstanın da prosesə qoşulması təbii ki, ürəkaçan olduğu qədər, həm də birliyi daha da gücləndirən amildir. Belə bir birlik sözün əsl mənasında var olarsa, bu fonda Dağlıq Qarabağ kimi problemi həll etmək də su içmək kimi asan olar. Avrasiya İttifaqının əksər üzvləri türk cümhuriyyətlərindən ibarətdir. Onlar bir olarsa, Kremli Dağlıq Qarabağ probleminin həlli məsələdində birmənalı olaraq Azərbaycanı müdafiə etməyə sövq edə bilərlər. Bütün türk toplumlarının belə bir birliyin gücləndirilməsinə ehtiyacı var . Bakıda keçirilən sammit də bilavasitə bu ehtiyacları ortaya qoyub”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz