Əlaqə Arxiv
news Image
2019.10.16
09:01
| A A A
Azərbaycan və Türkiyənin diaspor qüvvələri birləşir
İsmayıl Ağayev: “Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı dostluğu hər iki diaspor təşkilatlarının daha da sıxlaşmasına, möhkəmlənmələrinə gətirib çıxarır” Asim Mollazadə: “Birgə fəaliyyətlə çox şeyə nail ola, bu addımla bir sıra ölkələrdə siyasi proseslərə ciddi təsir imkanları əldə edə bilərik”

Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən bu sahədə ciddi fəaliyyətə keçməyin vacibliyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Bir millət, iki dövlətin” iki diasporu olmaz”.  İki ölkənin diaspor qüvvələrinin birləşdirilməsi onlara nə və edir? Ölkələr xaricində mövqelərimizin daha səmərəli müdafiəsi və təbliği bu zaman nə dərəcədə effektiv olacaq? 

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev qeyd etdi ki, sözün həqiqi mənasında bu gün Türkiyə və Azərbaycan diasporu qarşısında güclü erməni diasporu dayanır: “Onların da böyük havadarları var. Saxta erməni soyqırımı, Qarabağ kimi  problemlər fonunda da xalqımız bizi birliyə, mübarizəyə səsləyir. Harada Azərbaycan bayrağı varsa, orada bir türk bayrağını görürük. Yalançı «erməni soyqırımı» məsələsində də hər zaman Türkiyənin yanında olmuşuq. Xocalı, Qarabağ məsələsində də Türkiyə diasporu həmişə bizimlə birgə olub.

Dünyada Türkiyə və Azərbaycan xalqları qədər bir-birinə yaxın xalqlar yoxdur. Təbii ki, Azərbaycan və Türkiyə dövlət başçılarının qarşılıqlı dostluğu hər iki diaspor təşkilatlarının daha da sıxlaşmasına, möhkəmlənmələrinə gətirib çıxarır. Azərbaycan Prezidentinin bu yaxınlarda Aşqabad şəhərində faşistlərə xidmət edən erməni cəlladı haqqında söylədiyi fikirlər diaspor təşkilatlarımıza işlərimizi daha da gücləndirmək istiqamətində bizlərə yeni bir stimul verdi. Bu yöndə türk və Azərbaycan diasporu hər zaman bir-birinə arxadır.

Dünyada 60 milyona yaxın Azərbaycan türkü yaşayır.  Ancaq böyük dövlətçilik tarixi olan Türkiyə diasporu dünyanın hər yerində güclüdür və onlar hər bir istiqamətdə ölkəmizə dəstək olurlar. Şəxsən Beynəlxalq Diaspora Mərkəzi olaraq 10 ildən artıqdır ki, erməni iddiaları ilə mücadilə dərnəyilə ortaq protokol imzalamışıq. Hər iki qardaş ölkənin Xarici İşlər Nazirliyi bu ortaq protokolu tanıyıb. Sözügedən dərnəklə diaspor fəaliyyəti istiqamətində bərabər addımlar atırıq”.  

Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, diaspor təşkilatlarının birgə fəaliyyətilə bir çox ölkələrdə siyasi proseslərə təsir imkanı əldə edə bilərik: “Bilirsiniz ki, Azərbaycan əslində, xaricdə böyük diaspora malik deyil. Çünki azərbaycanlılar üstünlüyü məhz öz Vətənlərində yaşamağa verirlər.

Türkiyənin bir sıra ölkələrdə müəyyən icmaları var. Lakin onlar da lazımi səviyyədə fəal deyillər. Onlar Türkiyəyə qarşı hücumları dəf etmək üçün peşəkarcasına ölkələrinin müdafiəsinə qalxa bilməyiblər. Söhbət həm ABŞ, həm də Avropa ölkələrindəki Türkiyənin diaspor təşkilatlarından gedir. Bu qurumlar indiyə kimi təşklatlanaraq ciddi şəkildə Türkiyəni müdafiə edə bilməyib. Azərbaycan və Türkiyə icmalarının birləşərək təşkilatlanmaları və müvafiq addımlar ata bilmələri istiqamətində dəfələrlə cəhdlər olub. Amma həmin cəhdlərə baxmayaraq, gerçək vəziyyət bizi qane etmir. Ölkələrimizə qarşı müxtəlif istiqamətlərdən edilən haqsızlıqları layiqincə dəf edə bilməmişik. Ona görə də diaspor qüvvələrinin imkanlarının birləşdirilməsi və birgə fəaliyyət istiqamətində hələ çox işlər görməliyik. Birgə ciddi fəaliyyət nəticəsində ümid edirəm ki, xarici ölkələrdə mövqelərimizin daha səmərəli müdafiəsi və təbliğində mühüm irəliləyişlərə nail olacaq və siyasi proseslərə müəyyən təsir göstərə biləcəyik. İndiyəqədərki fəaliyyət isə o qədər də ürəkaçan deyil. Birgə fəaliyyətlə çox şeyə nail ola, bu addımla bir sıra ölkələrdə siyasi proseslərə ciddi təsir imkanları əldə edə bilərik”.

 

R. SOLTANOV

Sizin Reklam Yeriniz