Əlaqə Arxiv
news Image
2019.10.17
08:20
| A A A
Türk dünyasının yeni yüksəliş dövrü başlayır
Məram sülh və sabitlik, perspektivlər nəhayətsizdir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda başa çatmış VII Zirvə Görüşü bu birliyin inkişafında yeni səhifələrin açılması ilə əlamətdar olub. Təşkilatın sırası genişlənib, vəzifələri dərinləşib, yeni təşəbbüslər, yeni layihələr, aydın proqramlar irəli sürülüb. Görülən işlər, alına nəticələrə görə demək olar ki, artıq dünyanın iqtisadi xəritəsində öz maddi gücünü yeni keyfiyyətdə əlaqələndirən yeni bir iqtisadi güc mərkəzi yaranmaqdadır. Prinsipcə, bu, mövcuddur. Sadəcə, özünütəsdiq funksiyası qalıb ki, bu da zaman məsələsidir.

Təşkilatın builki zirvə görüşündə “Kiçik və orta sahibkarlığın inkişafı” mövzusu gündəliyin əsas mövzusu olub. Bu da təsadüfi deyil. Türk Şurasının üzvləri arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, kooperasiya genişlənir. Beynəlxalq layihələrin həyata keçirilməsində əlbir fəaliyyət özünü aydın biruzə verir və səmərəli nəticələrə gətirib çıxarır.

Mövcud vəziyyət Şuranın zamanın tələbi ilə yarandığını və əhatə etdiyi dairədəki cəmiyyətlərlərin digər cəmiyyətlərə inteqrasiyasına geniş imkanlar yaratdığını sübut edir. Türk Şurasına daxil olan ölkələrin ümumi daxili məhsulunun həcmi dollarla 1,5 trilyondur. Bu, çox böyük rəqəmdir və Şuranın iqtisadi gücünün göstəricisidir. Məsələ burasındadır ki, bu dövlətlərin əksəriyyətinin arasında hələ sovetlər birliyi tərkibində olduqları zaman müəyyən iqtisadi əlaqələr yaranmışdı. Yəni, kök var, yenilənmə lazımdır. Bunu da indi müəyyənləşdirilən strategiya ortaya çıxarır. Qırğızıstan ilə Türkiyə, Qazaxıstan və Özbəkistan, Azərbaycan və Türkiyə arasında çoxsaylı müştərək müəssisələr fəaliyyət göstərir. Birgə müəssisələr şəbəkəsini genişləndirmək üçün ölkələrin iustəyi pöyükdür. Təsadüfi deyil ki, VII zirvə görüşünün üzvləri və müşahidə statusunda olan iştirakçıları qarşılıqlı investisiyalar və istehsal sahələrinin yaradılması çağırışı ilə çıxış etdilər. Qırğızıstan tərəfi informasiya-telekommunikasiya texnologiyaları sahəsində və “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsində ölkələrarası  əməkdaşlığın gücləndirməsini təklif etdi.

Nəqliyyat dəhlizləri şəbəkəsini dərinləşdirmək, energetika müəssisələri inşa etmək, yüngül sənayeni və kənd təsərrüfatını, logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorların uğuru üçün potensial böyükdür. Türk Şurasının fəaliyyətini bütün aspektlərdə innovasiyalaşdıran amillərdən biri onun coğrafi cəhətdən yer kürəsinin mərkəzi hissəsində yerləşməsidir. Bu məkan Avropa və Asiya materikinə daxil olan dövlətlərin əlaqələri qarşılaşır, inteqrasiyaya daxil olur və formalaşır. Sanki dünyanın mərkəzidir. Həm də materiklər böyük və varlı olması səbəbindən şimaldan cənuba doğru da əlaqələrin yaradılması vacib şərtdir. Belə olan halda tükənməz inkişaf yolu vəd edən belə bir birliyin intişarı və möhkəmlənməsi aktuallıq kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında dedi: “Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır”.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuranın uğurlu yolu barədə diqqətçəkən fikirlər söylədi: “Hörmətli qardaşlarım, Türk Şurası kimi təsisatların dünya siyasətində rolunun daha da artdığını görürük. Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk. Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını arzu edirik. Beləliklə, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük”.

Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev maraqlı bir fikir söylədi: “1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, “Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi - trast, yəni, inamdır, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq”.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan respublikalarının rəhbərləri, müşahidə statuslu Türmənistan və Macarıstan dövlətlərinin nümayəndələri də oxşar mövqe sərgilədilər. N.Nazarbayev daha da irəli gedərək məntiqi bir təklif verdi ki, əgər Şura təşkilata çevrilsə, qurumu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar: “Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq”.

Bu da vaxtı çatmış məsələdir. Artıq ox atılıb. Heç şübhəsiz yaxın illərdə hədəfə çatacaq. Qədim türk sivilizasiyasının müasir oyanışı dünya çatında yeni mərhələ olacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz