Əlaqə Arxiv
news Image
2019.10.17
08:40
| A A A
Türk-müsəlman birliyinin məkrli düşməni
Ermənistanın dostluq taktikası “ermənilik” strategiyasına xidmət edən tryukdur

Oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxış edən  Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı qarşısında böyük maneə olan ərazi bütövlüyümüzün bərpası məsələsinə toxunub. “Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib”-deyə, dövlət başçısı düşmənin barbarlığını bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb. Ermənistanın məkrli siyasətinin astar üzünü göstərən Azərbaycan Prezidenti daha sonra deyib: “Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir”.

Bu fikirlər sadəcə Ermənistan dövlətinin bizimlə düşmənçilik etmək amacına görə deyil. Tarix boyu erməni kilsəsinin və sonralar süni şəkildə yaradılmış erməni dövlətinin apardığı siyasətin iç üzüdür. Əgər doğrudan da Ermənistan hakimiyyəti İslam dininə, deyək ki, heç məhəbbətdən yox, humanist mövqedən və beynəlxalq qanunlara hörmətdən dolayı yanaşsaydılar, onda işğal etdikləri Qarabağdakı İslam ocaqlarında, tarixi-mədəni abidə və iman məskəni olan məscidlərdə mal-qara saxlayıb bu müqəddəs ocaqları murdarlamazdılar. Bəli, ermənilərdə türk-müsəlman birliyinə nifrət var və bu təmayül getdikcə güclənir. Çünki, onlar öz xoşbəxtliklərini başqalarının bədbəxtliyi üzərində qurmağa çalışırlar. Həm də siyasi strategiya baxımından müsəlman ölkələri arasına girib onları parçalamağa və öz hökmlərini yeritməyə səy göstərirlər.

Başqa bir amil, ümumiyyətlə, ermənilərin əlaltı rolunu fəxrlə daşımalarına bağlıdır. Belə ki, iri dövlətlər öz geostrateji maraqlarına nail olmaq üçün Ermənistandan alət kimi istifadə edirlər. Bu “alət” supergüclərin Qafqaz siyasətində həmişə işlək vəziyyətdə saxlanılır və yeri gələndə işə salınır.

Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişi dövründə Azərbaycan bu beynəlxalq nəqliyyat dəhlizinin işğalçı ölkədən yan keçməsinə nail oldu. Lakin türk dünyasının “qan damarı”na bənzədilən bu layihənin həyata keçirilməsini bəzi qərb dövlətləri yaxına buraxmırdılar. Bu zaman Gürcüstanın Axalkalaki (ermənilər “Cavaxetiya” adlandırırlar) bölgəsində yaşayan ermənilər ayağa qalxdılar. Məqsəd dəmiryol xəttinin inşasını ləğv etdirmək idi. Onlar buna görə ABŞ və digər ölkələrdəki erməni lobbi təşkilatlarının səyi ilə xarici dövlətlərdən dəstək alırdılar. Ancaq, Türkiyə-Azərbaycan alyansı bütün maneələri uğurla dəf etdilər və bu mühüm nəqliyyat dəhlizi işə salındı. Eyni zamanda, Ermənistan dövlətinin müsəlmanlara bəslədiyi əsl niyyəti bir daha üzə çıxdı.

Müsəlman Azərbaycanın 20 faiz ərazisinin işğalını davam etdirən bu dövlət beynəlxalq birliyin ədalətli çağırışlarını ulaqardına vurur, qonşularına və beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirir. Bu haqda Prezident İlham Əliyev deyib: “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır”.

İndi belə bir dövlətin İslama süvgisi nə dərəcədə etibarlı ola bilər?! Aydın məsələdir ki, İrəvanın siyasi elitası riyakarlıq edir və imitasiya yolu ilə müsəlman birliyini parçalamağa çalışır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz