Əlaqə Arxiv
news Image
2019.10.17
08:32
| A A A
Həmsədrlərin regiona növbəti turistik səfəri
Nəzakət Məmmədova: “Həmsədrlərdən nəsə gözləməyinə dəyməz”

ATƏT-in Minsk qrupu həmsədrləri yenidən bölgəyə səfər ediblər. Onlar ilk olaraq Ermənistana gedərək burada baş nazir Nikol Paşinyanla, daha sonra zəbt edilmiş ərazilərdə separatçıların rəhbəri ilə görüşüblər. Bakı görüşündən sonra onların səfərlə bağlı bəyanatal çıxış etməsi gözlənilir.

Hələlik isə məlumdur ki, danışıqlar prosesi Ermənistanın qeyri-konstruktivliyi üzündən dalana dirənib.  Bu mənada həmsədrlərin başlanan növbəti səfərinə sıradan bir səfər kimi yanaşmaq olar, yoxsa pərdə arxasında nələrsə baş verir?

Politoloq Nəzakət Məmmədovanın fikrincə, həmsədrlərin bölgəyə səfəri gedişində pərdəarxasında nələrinsə baş verməsi də mümkündür. Ancaq bununla belə, həmsöhbətimiz müşahidələrə əsasən bildirdi ki, hazırkı məqamda Qarabağ probleminin həlli həmsədr ölkələrin planlarına daxil deyil: “Minsk qrupu həmsədrlərinin regiona olan bu səfərinin gedişində münaqişənin həlli istiqamətində pərdə arxasında nələrsə baş verə bilər. Bu da istisna deyil.  Amma görünən odur ki, həll prosesində hər hansı bir nəticə yoxdur və bu gedişlə olmayacaq. Ən azından yaxın müddət və illərdə hansısa bir fövqəladə hal baş verməsə, prosesdə heç bir nəticə olmayacaq.

Uzun illərdir ki, bu proses davam edir. Bundan sonra da eynilə davam edəcək. Minsk qrupu formatı öz fəaliyyəti və yaxud fəaliyyətsizliyilə göstərdi ki, problemi həll etməyə qadir deyil. Bunu görür və müşahidə edirik. Onlar problemin həlli istiqamətində heç bir real iş görmür. Deməli, bu üçlük həmin məsələni həll etmək iqtidarında deyil, ona qadir deyil. Yaxud da bunu istəmirlər. Yəni hazırkı anda problemin həlli həmsədr ölkələrin planlarına daxil deyil”.

N. Məmmədova düşünür ki, üç həmsədr dövlətin birliyi problemin həllinə gətirib çıxarmayacaq: “Heç onlar arasında birlik də yoxdur, formal xarakter daşıyır. Həmsədrlərin hər biri dünya siyasətində tamamilə müxtəlif mövqelərdən çıxış edən dövlətlərdir. Aralarında ciddi ziddiyyətlər var. Qlobal siyasətdə aralarında ciddi ziddiyyətin olduğu dövlətlərin Qarabağ məsələsində birləşib problemi həll edəcəyi mümkün deyil.

Əyani surətdə də görürük ki, həmsədrlər Qarabağ münaqişəsinin həlli üçün səylərini birləşdirmir. Konkret olaraq hər üç həmsədr ölkənin öz mövqeyi, marağı var və heç biri tutduğu mövqedən geri çəkilmək istəmir. Ona görə də problemin həlli alınmır. Rusiya üçün bölgədə “nə hərb, nə sülh” devizi keçərlidir. Yəni onlar üçün torpaqların nə Azərbaycanda, nə də Ermənistanda olması maraqlı deyil. ABŞ ola bilsin ki, problemin həllini başqa yöndə görür. Ancaq görünən odur ki, məsələ ətrafında razılığa gələ bilmirlər. Həmin səbəbdən bölgəyə həmsədrlərin etdiyi bu səfərləri yorucu və mənasızdır. Onlar sanki bununla region əhalisini təhqir edirlər. Gəlirlər, gedirlər, erməni lobbisindən pul alırlar. Onlar regiona problemi həll etməyə deyil, turist səfərinə gəlirlər. Belədə beynalxalq hüququ görməməzlikdən gəlir və öz maraqlarından çıxış edirlər. Onlarda heç bir ədalət hissi yoxdur, ancaq gücə söykənirlər. Bu minvalla Qarabağ məsələsində də ədalət olmayacaq. Azərbaycana münasibətdə bu mənada ikiqat ədalətsizlik nümayiş etdirirlər. Bu da ikili deyil, çoxüzlü istiqaməti olan bir standartdır.

Təcavüzkarla təcavüzə məruz qalana eyni gözlə yanaşır, hətta bir sıra hallarda təcavüzkara dəstək olurlar. Problemin həlli üçün ilk növbədə günahkar müəyyənləşməli və o cəzalandırılmalıdır. Həmsədrlər çalışır ki, münaqişəni Ermənistanın xeyrinə həll etsinlər. Ancaq bacarmırlar, çünki hüquq onların xeyrinə deyil. Ona görə də münaqişə dalana dirənib. Haqlı olanın haqqını vermək istəmirlər, haqsızı da haqlı çıxara bilmirlər. Mövcud qanunlar buna imkan vermir. Münaqişənin həlli üçün möcüzə, hansısa bir fövqəladə hal baş verməli, dövlətlərdən biri zəifləməlidir. Azərbaycan isə həddən artıq güclənib diplomatiyasını daha fərqli etməlidir. Onda bəlkə problemin həlli istiqamətində nəsə bir irəliləyiş olar. İndilikdə isə heç nə olmayacaq. Ona görə də həmsədrlərdən nəsə gözləməyinə dəyməz. Azərbaycan öz gücünü göstərməlidir”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz