Əlaqə Arxiv
news Image
2019.10.17
09:10
| A A A
ABŞ müttəfiqini qoyub terrorçuların yanında yer alır
Məhəmməd Əsədullazadə: “Vaşinqtonun kürd terrorçularının yanında olmasının məqsədi Şimali İraq və Suriyanın şimalında kürd dövləti yaratmaq və onun Aralıq dənizinə çıxışını təmin etməklə Türkiyəyə ciddi təzyiq mexanizmləri əldə etməkdir”

ABŞ Suriyanın şimalında antiterror əməliyyatı keçirən Türkyəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bu sanksiyalar bir sıra yüksək çinli Türkiyə məmurunu da əhatə edib. Avropa Birliyi də Türkiyəyə münasibətdə anoloji tədbirləri görməyə hazırlaşır.

Bu arada ABŞ Prezidenti Donald Tramp PKK-nın Suriya qolunun hərbi qanadı olan YPG-nin lideri “Şahin Cilo” ləqəbli Fərhad Abdi Şahinə zəng edib. ABŞ-ın antiterror əməliyyatalrına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi, ABŞ prezidenti Donald Tramp PKK-nın Suriya qolunun (YPG) hərbi qanadının liderlərindən birinə zəng vurması nəyin göstəricisidir? ABŞ nədən terrorçuların yanında yer alır? 

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi “Sülh çeşməsi” adlı hərbi əməliyyatına qarşı Donald Tramp adminstrasiyasının tutduğu mövqeyi başadüşülən deyil: “Çünki hərbi əməliyyatdan əvvəl ABŞ prezidentilə Türkiyə prezidenti arasında olan telefon danışıqlarında bu əməliyyatın keçirilməsi razılaşdırılmışdı. Məhz iki lider arasında baş tutan həmin telefon danışıqlarından sonra“Sülh çeşməsi”  əməliyyatınza start verildi.

Görünən odur ki, ABŞ-dakı müəyyən qüvvələr, Pentaqondakı bəzi generallar və Konqresdəki demokratlar Trampın Türkiyəyə həmin əməliyyatı keçirməyə razılıq verməsinə ciddi təzyiq göstəriblər. Məhz həmin təzyiqlərdən sonra Tramp mövqeyini dəyişərək Türkiyəyə qarşı sanksiyalar yolunu tutduğunu bildirdi.

Belə çıxır ki, Trampın mövqeyinin dəyişməsinə daxili qüvvələrin təzyiqləri səbəb olub. Bu isə o deməkdir ki, Türkiyənin həmin əməliyyatı keçirməsinə münasibətdə Amerikada ikitirəlik mövcuddur. Bir qrup bu məsələdə Ankaraya dəstək olsa da, digər qrup Türkiyə əleyhinə fəaliyyətə keçir. Nəticə də göstərir ki, Ankaraya qarşı olanlar Trampa ciddi təzyiq etmək gücünə malikdirlər. Amerikanın bu sanksiyası Türkiyənin müdafiə və daxili işlər nazirlərinə tətbiq edildi”.

Ekspertin fikrincə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar belə Türkiyəyə öz planını həyata keçirməyə maneə ola bilməyəcək: “ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə gəlib. Burada sözsüz ki, sözügedən əməliyyat və Amerikanın Suriyanın şimalındakı siyasəti müzakirə olunacaq. Bundan sonra da Türkiyənin atacağı növbəti addımlar bəlli olacaq. Lakin bütün hallarda, Amerikanın kürd planı Türkiyənin hərbi əməliyyatı nəticəsində fiaskoya uğrayıb”.

Bundan əlavə, politoloq qeyd etdi ki, Trampın YPG terror təşkilatının liderilə telefon danışığına getməsi  ABŞ-ın Türkiyə ilə müttəfiq əlaqələrinə baxmayaraq, həmin terror təşkilatına dəstək verməkdə davam etdiyini göstərir: “Telefon zəngi həmin dəstəyin bundan sonra da davam edəcəyinə işarədir. Bu da ABŞ kimi böyük dövlətin prezidentinə yaraşmayan bir hərəkətdir. Təbii ki, bunu Tramp özbaşına etmir. Müşavir və vəkilləri onu buna vadar edir. Ancaq bütün hallarda Ankaranın qətiyyəti sayəsində Türkiyə Suriyanın şimalında 30 km dərinlikdə bufer zonası yaratmaq üzrədir. Artıq Suriyanın Türkiyə ilə sərhəd zonasının böyük hissəsi Ankaranın nəzarəti altındadır”.  

Politoloq qeyd etdi kii, hələ Barak Obama dövründən Vaşinqtonun məqsədi Şimali İraq və Suriyanın şimalında kürd dövləti yaratmaq və onun Aralıq dənizinə çıxışını təmin etməklə Türkiyəyə ciddi təzyiq mexanizmləri əldə etməkdən ibarət olub: “Həmçinin, bu təklifin reallaşmasında İsrail də maraqlıdır. Bu minvalla ABŞ özünün Yaxın Şərqdəki maraqlarını təmin etməyi düşünür. Məhz bunun nəticəsidir ki, Ağ Ev hələ də PYD və YPG  kimi terror təşkilatlarına ciddi hərbi və siyasi dəstək verməkdə davam edir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz