Əlaqə Arxiv
news Image
2019.10.18
08:12
| A A A
İslahatlara maneə yaradanlar vəzifələri ilə xudahfizləşməli olacaqlar
Ruslan Atakişiyev: “Prezidentin son müşavirədəki çağırışı ona işarədir ki, kadr islahatları bitməyib, davam edəcək”

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısı bildirib ki,  bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər: «Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz».

Bu açıqlamalar fonunda hökumətdə yeni kadr islahatlarını gözləmək olarmı? Bunlar hansı nəticələrə gətirib çıxaracaq?

İqtisadçı-ekspert Ruslan Atakişiyev bildirdi ki, verilən anonslar hökumətdə yeni kadr islahatlarının olacağını deməyə əsas verir: “Hər zaman islahatlar baş verən zaman ona adaptasiya oluna bilməyən və yaxud koorporativ maraqlardan çıxış edən şəxslər islahatlara münasibətdə destruktiv mövqe sərgiləmək yolunu tuturlar.

Təbii ki, onların bu hərəkəti də adətən islahatların səmərəliliyinin aşağı düşməsinə təsir göstərir. Hər il bir neçə dəfə ölkədəki sosial-iqtisadi inkişaf tendensiyası ilə bağlı müşavirələr keçirilir. 2016-cı ildə qəbul olunan yol xəritələrinin hər il monitorinqi aparılır. Həmin monitorinqlər zamanı bu işlərin sürətli və vaxtında həyata keçirilməsinin hədəf götürülməsilə yanaşı, qarşıya çıxan problemlər və onların hansı obyektiv və ya subyektiv səbəblərdən yarandığı da müəyyənləşdirilir.

Mövcud problemlərin yaranmasında subyektiv amillər varsa, bu, özünü müəyyən məmurların fəaliyyətlərilə nəzərdə tutulan işin tam olaraq hədəfə çatmasında maneə törətmələrində, yeni sistemə uyğunlaşa bilməmələri, yeniliklərdə səriştələrinin az olmasında göstərir. Təbii ki, bu fonda belə şəxslərin daha peşəkar kadrlarla əvəz olunmasına ehtiyac yaranır. Son dövrlər bunu da müşahidə edirik. Artıq ölkədə yeni strukturlar yaranıb, bəziləri ləğv olunub, birləşdirilib. Müəyyən vəzifəli şəxslər çıxarılaraq yenilərilə əvəzlənib. Prezidentin son müşavirədəki çağırışı da ona işarədir ki, kadr islahatları bitməyib, davam edəcək və bu davamı gözləmək lazımdır”.

R. Atakişiyev düşünür ki, kadr islahatları fonunda regionlar üzrə bəzi icra hakimiyyəti strukturları müasir dövrün tələblərinə, bazar iqtisadiyyatı düşüncəsinə sahib insanlarla əvəzlənməlidir: “Bu istiqamətdə islahatlar aparılır. Amma araşdırmalar göstərir ki, mərkəzdə islahatlar daha effektiv alınsa da, rayon yerlərində yenə də köhnə idarəetmə üsulları, köhnə yanaşma tərzi, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələr  davam edir. Ona görə yerlərdəki kadrlar da müasir dövrün tələblərinə cavab verən şəxslərlə əvəzlənməlidir. Yəni idarətetmə sahəsində islahatlara ehtiyac vardır. Habelə, məhkəmə sistemində islahatlar aparılmalıdır. Xüsusən də, əqli mülkiyyətin qorunması istiqamətində böyük islahatlara getməliyik. İndilikdə isə ölkədə əqli mülkiyyətin qorunma səviyyəsi arzu olunan dərəcədə deyil. Piratçılığın qarşısı alınmalıdır”.

Yeni kadr islahatları həmsöhbətimizə görə, qəbul olunan layihələr, yol xəritələrinin daha effektiv icra olunmasına gətirib çıxaracaq: “Həmçinin, bu islahatlar iqtisadi inkişafla bağlı formalaşan axında yaranan tıxacların aradan götürülməsinə rəvac verəcək. Bu axında tıxacın olmaması fonunda keçirilən islahatlar daha səmərəli olacaq.  Bunun da nəticəsində ölkəsdə investisiya sahibkarlıq mühiti inkişaf edəcək. Belədə, ölkəyə daxili və xarici investisiya qoyuluşu da sürətlənəcək.  

R. SOLTANOV 

 

 

Sizin Reklam Yeriniz