Əlaqə Arxiv
news Image
2019.10.19
07:00
| A A A
Çin hərb müstəvisində də Azərbaycanın yanında yer alacaq
Üzeyir Cəfərov: “Çinlə hərbi sahədə əməkdaşlığın genişlənməsi Azərbaycanın hərbi qüdrətinin bir qədər də artmasına yardım edəcək” Fazil Mustafa: “Çinlə hərbi müstəvidə münasibətlərin formalaşması ölkəmiz üçün vacibdir”

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.

İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır. Beləliklə, Azərbaycan və Çin arasında siyasi, iqtisadi əlaqələrin mövcudluğu fonunda artıq hərbi müstəvidə də münasibətlər inkişaf edir. Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, Çinlə hərbi müstəvidə münasibətlərin inkişafı Azərbaycanın hərbi qüdrətinin daha da yüksəlməsinə gətirib çıxaracaq: “Çinə olacaq bu səfər Azərbaycan Müdafiə Nazirliyinin rəhbər şəxslərinin heç də ilk səfərləri deyil. Bundan əvvəl də Müdafiə Nazirliyinin rəhbər şəxsləri Çin Xalq Respublikasında olublar. Bildiyim qədər müfadiə naziri Zakir Həsənovun özü də bu ölkədə səfərdə olub. Anoloji olaraq Çinin bir sıra yüksək çinli hərbi rəsmiləri də Azərbaycana gəlib. Nəticədə iki ölkə hərbi ataşe səviyyəsində təmsil olunur. Azərbaycan və Çin hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlıq edir.

Azərbaycan öz müdafiəsi və təhlükəsizliyi üçün Çindən müəyyən hərbi avadanlıqlar da alıb. Bu istiqamətdə işlər indi də davam etdirilir. Azərbaycan zabitləri Çində təhsil alır, burada təkmilləşmə kursu keçir. Çin dünyanın ən böyük Silahlı Qüvvələrinə malik ölkələrindəndir. Ona görə də Azərbaycan hərbi əməkdaşlıq sahəsində Çinə də önəm verir.

Bu da çox vacib amillərdir. İki ölkə arasında olan hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaranır. Çin də sözügedən sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Pekin Azərbaycanı regionun ən inkişaf etmiş dövlətlərindən biri hesab edir. Həmin səbəbdən Cənubi Qafqazda Çin daha çox üstünlüyü məhz Azərbaycana verir. Bütövlükdə götürdükdə, Çinin Azərbaycanla əəkdaşlığı müxtəlif istiqamətlərdə olub və bu əməkdaşlıq  ilbəil daha da genişlənir.

O nöqteyi-nəzərdən Müdafiə Nazirliyinin birinci şəxsinin Çinə səfəri bu dəfə də iki ölkə arasında müəyyən razılaşma və anlaşmalarla nəticələnəcək. Ona görə düşünürəm ki, Zakir Həsənovun bu səfəri kifayət qədər uğurlu olacaq. Bu əlaqələr ölkəmizin Çin kimi nəhəng hərbi dövlətdən yeni, ən müasir silah-sursat almaq baxımından olduqca vacibdir. Yəqin ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən məlumatlar da əldə edəcəyik. Çinlə hərbi sahədə əməkdaşlığın genişlənməsi Azərbaycanın hərbi qüdrətinin bir qədər də artmasına yardım edəcək. Xüsusən də Çindən raket artileriya qoşunları üçün lazım olanları ala bilərik.  Çünki Çin raket artileriya qoşunları üçün müasir silahlara malikdir. Pekin bu istiqamətdə təkliflərini verib. Azərbaycanın da iqtisadi imkanları real olaraq bunu dəyərləndirməyə imkan verir. Bu günə qədər də Çindən hərbi silahlar əldə etmişik və bundan sonra da həmin ölkədən ən müasir silah və sursatları almaqda maraqlıyıq. Ən azından hərbi təhsil sahəsində bu ölkə ilə əməkdaşlıq edirik. Digər tərəfdən, bu ölkədən özünü kifayət dərəcədə doğruldan raket artileriya qoşunları üçün müasir avadanlıqlar da almışıq”.

Ekspert qeyd etdi ki, Çinlə Azərbaycan hərbçilərinin birgə hərbi təlimlərinin keçirilməsi də mümkündür: “Nəzəri baxımdan bu mümkündür. Amma inanmıram ki, Çin Azərbaycan zabitlərinin orada  hansısa bir hazırlıq keçməsində nəyisə təklif etsin. Onların hərbi sistemi Azərbaycanınkından bir qədər fərqlidir. Ancaq beynəlxalq tədbirlərdə Azərbaycan və Çin zabitləri bir yerdə dəfələrlə iştirak ediblər”.

Milli Məclisin deputatı Fazil Mustafa da vurğuladı ki, Pekinlə hərbi əməkdaşlıq Azərbaycanın hərbi qüdrətini daha da artıracaq: “Çinlə hərbi müstəvidə münasibətlərin formalaşması ölkəmiz üçün vacibdir. Ona görə də hər bir dövlət çalışır ki, belə bir inkişaf etmiş ölkə ilə digər sahələr kimi hərbi müstəvidə də əlaqələr qursun. Azərbaycan müharibə vəziyyətində olan və əməkdaşlığa meyl edən ölkə kimi mütləq mənada əməkdaşlıq yolunu axtarmalıdır. Bu mənada Çinlə hərbi müstəvidə əməkdaşlıq da həmin yollardan biridir. Fikrimcə, Çinlə hərbi əlaqələrin genişlənməsi hərbi qüdrətimizin daha da güclənməsinə kömək edəcək”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz