Əlaqə Arxiv
news Image
2019.10.19
09:15
| A A A
Kreml Qarabağ münaqişəsinin həllinin tezləşməsini istəyir
Natiq Miri: “İrəliyə doğru kiçik də olsa addım atmaq mümkün olmadıqda, dövriyyəyə sözsüz ki, hərbi əməliyyat məsələsi daxil olacaq”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsini tam həll etmək istiqamətində işi mümkün qədər tezləşdirməkdən ibarətdir.

Ardınca Rusiya XİN rəsmisi bildirib: “Bir tərəflər və ATƏT-in Minsk qrupu həmsədrləri arasında razılaşdırılmış sənədlərlə işləyirik. Biz öz tərəfimizdən hər zaman tərəfləri bu konstruktiv yanaşmaya dəvət etmişik. Bu vəzifəni maksimal dərəcədə ardıcıl yerinə yetiririk və hamını konstruktiv işə, bu istiqamətdə konstruktiv addımlara çağırırıq. Bizim razılaşdırılmış formulalarımız, sənədlərimiz və irəli addımlamaq üçün razılaşdırılmış gündəliyimiz var”. Beləliklə, Zaxarova bu açıqlaması ilə bildirir ki, Qarabağ münaqişəsinin həlli tezləşdirilməlidir.

Bu fonda Moskvanın Qarabağ siyasətinin əhəmiyyətli dərəcədə  Bakının lehinə dəyişdiyini, Ermənistanı təzyiq hədəfinə çevirdiyini demək olarmı?

Politoloq Natiq Mirinin fikrincə,  Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün bu şəkildə açıqlama verməsi daha çox Qarabağ cəbhəsində hərbi əməliyyatların başlanmasının qarşısını almağa yönəlib: “Yəni Zaxarovanın Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi barədə açıqlamasında əsas hədəf məhz hərbi əməliyyatların başlanmasının qarşısını almağa hesablanıb. Bu açıqlamaının ikinci hədəfi isə Ermənistan baş naziri Nikol Paşinyan və onun hökumətidir.

Artıq neçənci dəfədir ki, Azərbaycan və Ermənistan rəhbərlikləri arasında görüşlər olsa da, münaqişə ətrafındakı əsaslar üzrə müzakirələr hələ də başlanmayıb. Yəni predmetlər üzrə hər hansı bir danışığın getdiyi müşahidə olunmur. Bunun bariz nümunəsi də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun son Nyu-York görüşündən məyus olmasını açıqlaması fonunda ortaya çıxdı. Məhz bu baxımdan ortada hər hansı bir nəticə olmadığından müzakirələrin dayandırılmasını istəyirik. Çünki bir tərəfdən, Paşinyan Azərbaycanla əsaslar üzrə hər hansı bir müzakirə aparmır, başqa bir tərəfdən də, “Qarabağ Ermənistanındır” deyə sərsəm açıqlamalar verir. Bunun müqabilində xarici işlər nazirləri səviyyəsində yenidən görüş keçirilirsə, bu sualın cavabını heç cürə tapmaq mümkün deyil. Ona görə ki, sualın cavabı əvvəlcədən bəllidir ki, Paşinyan hökuməti Dağlıq Qarabağ problemi məsələsində görüşü sadəcə, görüş xatirinə keçirir və daha çox vaxt qazanmağa hesablayırlar. Belə olan təqdirdə, bu zamanı İrəvana verməmək üçün ya danışıqlar dayandırılmalı, ya da ultimativ şəkildə bütün dünyanın diqqətinə çatdırmaqla Azərbaycan birmənalı olaraq torpaqlarını azad edəcəyini bəyan etməlidir.  Rusiya XİN təmsilçisinin həmin açıqlaması da daha çox Qarabağ cəbhəsindəki hərbi əməliyyatların qarşısını almağa hesablanıb.

Rusiya da prosesdə daha çox sərt ritorikaların müşahidə olunduğunu hiss edir. Bilirsiniz ki, Azərbaycan Prezidenti Valday klubunda çıxışı zamanı çox sərt açıqlama ilə çıxış etdi. Həmçinin, dövlət başçısı Aşqabaddakı MDB rəhbərlərinin görüşündə də sərt ifadələrlə çıxış edib. Ardınca Azərbaycan xarici işlər nazirinin Nyu-York görüşündən məyus olduğunu ortaya qoyması da Ermənistanın substansiv əsaslarla məsələnin müzakirəsindən qaçmasını bir daha ortaya qoydu”.

Bu faktlara əsasən ekspert bildirdi ki, problemin hərbi müstəviyə keçməsi ehtimalı böyükdür: “İrəliyə doğru kiçik də olsa addım atmaq mümkün olmadıqda, dövriyyəyə sözsüz ki, hərbi əməliyyat məsələsi daxil olacaq.  Rusiya bu fonda həmin açıqlama ilə bir tərəfdən danışıqların başlanmalı olduğuna işarə edir, həm də sözügedən fikirlər Paşinyana xəbərdarlıq kimi səslənməlidir. Ancaq Moskvanın bu məsələdə səmimi olduğunu demək çətindir.  Çünki ortada ciddi mənada müzakirə olunacaq hər hansı bir plan yoxdur. Ortada olan «Madrid prinsipləri»dir ki, detallar üzrə müzakirəyə gələndə Paşinyan hökuməti buna getmir. Onlar yalnız atəşkəsin qorunması və təhlükəsizlik məsələsi ətrafında müzakirələri daha çox uyğun bilirlər ki, bu da Azərbaycana qətiyyən sərf etmir. Çünki bu baş qatmaqdan baqşa bir şey deyil”.

Politoloq Rusiyanı səmimi olmamaqda qınadı: “Düşünürəm ki, Zaxarovanın bu açıqlaması sadəcə Rusiyanın Dağlıq Qarabağ problemini həll etmək istəyilə bağlı deyil. Kreml məsələni həll etmiş olsaydı, sözün həqiqi mənasnda qolunu çırmalayar, ortaya konkret çpzüm planı qoyar və hər iki dövlət rəhbərlərinin yeni görüşlərini təmin etməklə müzakirəni başladar. İndilikdə isə bunları müşahidə etmirik.

Belə olan təqdirdə, Rusiya rəsmilərinin Qarabağ probleminin həllinin sürətləndirilməsi fikirləri sadəcə söz xatirinə deyilən və münaqişənin hərbi yolla çözümünün qarşısını almağa  hesablanmış addımdan başqa bir şey deyil. Çünki ortalıqda proses yoxdur. Bunu xarici işlər naziri Elmar Məmmədyarov da açıq etiraf edib. Olmadığı təqdirdə, onun nəyini sürətləndirmək lazımdır? Bu baxımdan deyirəm ki, Kreml səmimi deyil.  Görüş xatirinə görüş Azərbaycana sərf edən addım deyil”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz