Əlaqə Arxiv
news Image
2019.11.08
08:06
| A A A
Müxaliflərin “deyingənlər klubu” yaradılır
Бir iş görə bilməyənlərin əlindən gələn ancaq budur

Azırbaycan uşaq nağılları arasında “Tülkü həccə gedir” adlı bir ibrətamiz nağıl da var. Məzmunu daim toyuq-cücəyə, sadəlövh inama düşmən kəsilən canlının qılafa bürünərək çiyninə əba salıb, əlinə təsbeh alıb özünü əməli-saleh insan kimi göstərməsi barədədir. Nağıl uşaqlar üçün yazılsa da, bizim müxalifət üçün də keçərlidir. Hakimiyyətdə olub əllərindən bir iş gəlməyənlər, rüşvətxorluğun “görkəmli” nümayəndəsi olub, sonradan özünü cəmiyyətə “imam övladı” kimi sırıyanlar xalqı arxalarınca aparmaq fikrionə düşüblər. Konkret olaraq, keçmiş nazir, keçmiş məhbus Əli İnsanovun müxalifət nümayəndələri ilə görüşüb köhnə “dostlarına” qarşı birləşmək istəməsi həyatın istehzası kimi diqqəti cəlb edir.

Bəli, bu məhz həmin Əli İnsanovdur ki, vaxtilə vərəm xəstəxanasının baş həkimi idi və 1990-cı ildə deputat olmaq istəsə də, xalq ona etimad göstərəməyib deputatlığına səs verməmişdi. Bu hadisə hələ sovet dövrünün faktıdır.  Müstəqillik dövründə isə onun səhiyyə naziri olduğu vaxt nazirliyin doğum klinikasında yeni doğulan sağlam uşaqların xaricə satışı kimi bədnam insan alveri cinayəti baş vermişdi. Bunu o vaxt «Ayna-Zerkalo» qəzetinin Nigar adlı müxbiri öz məqaləsində yazmışdı. Həmin cinayətə görə doğum evinin 36 (?) yaşlı baş həkimi işdən azad edilməklə məsələyə xitam verilmişdi. Vəssalam. Həmin dövrdə bu cinayətin, həmçinin doğuşun 10 ballıq sistemi üzrə 8 bal səviyyəsində sağlam doğulan, amma xəstəxana həkimlərinin səhlənkarlığı ucbatından ölən (bəlkə də xaricə satılan) körpələrin qurbana çevrilmiş valideynlərinin yaralı qəlbləri hələ də sızıldayır. Və bu əzabverici sızıltının bir günahkarı da nazir kimi Əli İnsanovdur. Yox, bu adamın müxalifətçi olması mümkün deyil. Olsa da, saxtakarlıqdır. Hətta, göylər uçub yerə tökülsə, çaylar tərsinə axsa da, Əli İnsanov xalq üçün işləyə bilməz, o, yalnız şəxsi intiqam hissi ilə müxalifətçilərlə birgə oturub-durar.

Bu hərəkətə, açığı, hansısa mübariz bir ad tapmaq çətin məsələdir. Hardasa, bədii ədəbiyyatın istehza doğuran müəyyən nümunələrindən istifadə etmək yerinə düşər. Məsələn, “qocalıqda yorğalıq”. Əsgər ağa Goraninin 1892-ci ildə Tiflisdə Cəlal Ünsizadənin mətbəsində çap olunmuş  “Qocalıqda yorğalıq” pyesi oynaq bir komediyadır. Əsərdə dini xurafat, cadugərlik ifşa olunur, gənclərin saf məhəbbəti işıqlandırılır. İndi qocalmış Əli İnsanovla qocalmış müxalifətin iş birliyi elə yorğalıq komediyasına yaxşı nümunədir. Amma nəyi ifşa edəcəklər, bax bu sual doğurur? Çünki, özlərindən başqa heç kimi ifşa edə bilməyəcəklər. Özlərini də öz hərəkətləri ifşa edəcək.

İndi radikal müxalifətin demokratiya deyib dad döyməsi vəzifə əldə etməkdən başqa bir şey deyil. Olsun! İnsan həmişə həyatın ən qızğın nöqtəsində olmağa can atır, məsul vəzifələri yerinə yetirmək istəyir. Amma məsələ burasındadır ki, müxalifət nümayəndələrinin Əli İnsanovla görüşündə iştirak edənlərin hamısı vəzifədə olub və xalqa gün ağlamayıblar. Bunlar daha “bacarıqsız vəzifəli” kimi çıxdaş edilmiş şəxslərdir. Başlarını aşağı salıb öz həyatlarını yaşasalar daha tədbirli olar, çünki başqalarının həyatına xidmət etməyi bacarmırlar.

Bu qədər “zibilin” içində olanların demokratik qiyafəyə bürünüb moizə oxumaları ikrah hissi doğurur və sosial baza tapa bilmir. Bunu anlamayan bu adamları indi hakimiyyətə gəlmək üçün mükəmməl hazırlığa malik insanlar saymaq olmaz. Hətta sıravi müxaliflər də belə bir görüşün keçirilməsini qınayırlar. Ancaq deyəsən, Əli İnsanovda müxalifətçiləri cəlb edən nə isə var. Birdən bu pul olmaya?! Tamamilə mümkündür. Nə qədər ki, ortada pul söhbəti var, birlik söhbəti də olacaq. Pul qurtarsa, birlik də bitəcək. Bunu isə ancaq səbrlə gözləyib axıra çatmaqla aydınlaşdırmaq olar. Nə olar, gözləyək, görək bi gedişatın axırı nə olacaq. Ancaq, bəri başdan əsas proqnoz odur ki, heç nə olmayacaq. Özləri bilən məsləhətdir, amma müxalifət iqtidardan ibrət götürüb heyətini cavanlaşdırsa, işlərində bəlkə də rasional dəyişiklik edə bilərlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz