news Image
2019.11.08
08:15
| A A A
Ermənilərə yiyə duran yoxdur
“Soyqırım” qətnaməsi gündəlikdən çıxır, ermənilər ümidsizliyə qapılır, ruslar isə gülə-gülə onların qəfəsinə yeni qıfıllar vurur

Bizlərdə yas düşəndə adətən dizə vurarlar ki, daha da möhkəmlənsin, ayaqüstə dura biləsən. Ermənilər isə böhran yarananda başlarına döyürlər, çünki boş başın dınqıltısı güclü olur və səs-küy baş qatmağa kömək edir. Bu vərdişi elə-belə xatırlatmadım. İndi ermənilərin başlarına döyüb dınqıldatdıqları dövrdür. Dünən amerikalıların tarixi “həqiqətləri” unutmadıqlarından dəm vurub, ABŞ Konqresinin Nümayəndələr palatasında qəbul edilmiş və heç bir hüquqi qüvvəyə malik olmayan “soyqırım” qətnaməsinə görə olmayan papaqlarını virtual olaraq göyə atıb-tutan ermənilər bu gün amerikalıları söyürlər.

Erməni siyasi ekspert Razmik Akopcanyan “Xatırlamalı ən vacib şey” adlı məqaləsində yazır: “Siyasət yalnız çətin deyil, həm də çirklidir. Buna sübut ABŞ Prezidenti Administrasiyasının prezidenti Donald Trumpın hərəkətləridir”.

Belə ki, ABŞ Dövlət Departamenti ötən həftə Konqresdə Türkiyə əleyhinə qəbul edilən qanun layihələrinə reaksiya verib. “Blomberq” agentliyinə danışan bir departament rəsmisi Prezident Donald Trampın bu qətnamələrin əleyhinə olduğunu bildirib. Məlumatda qeyd edilib ki, Tramp administrasiyası Türkiyə-ABŞ münasibətlərinin qırılması ehtimalından narahat olmağa başlayıb:
“Tramp hökuməti qanun layihələrinin Türkiyə ilə əlaqələri qoparmasından narahatdır. Bu addımlar NATO-dakı ən önəmli müttəfiqimizlə əlaqələrimizə son qoya bilər”. Amerikalı rəsmi Donald Trampın qondarma erməni “soyqırımы” və digər qətnamələrə veto qoyacağı haqda məlumat verməsə də dolayı yolla bunun mümkünlüyünə diqqət çəkib: “Erməni “soyqırımы” layihəsinin qəbul edilməsi pis vaxta düşdü. Bu, hüquqi sənəddən çox cəzalandırma vasitəsinə oxşayır”. Akopcanyan istehza ilə öz günlərinə ağlayır: “Beləliklə, ən azı bu anda yalnız “Bloomberg”in anonim mənbəyinin mövqeyi ilə məşğuluq”.

Erməni ekspert bunları vurğulamaqla saxta xəbərlər və böyük siyasi manipulyasiya dövrünü yaşadıqlarını deyir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın uğurlu siyasətini gözü götürməyən Razmik erməni cəmiyyətinin fikrini ifadə edərək qeyd edir ki, “Təəssüf ki, bu həqiqət bizi indi olduqca pessimist olmağa məcbur edir”.

İndi ermənilər Trampı ABŞ tarixində ən gözlənilməz, uyğun olmayan prezident qismində xarakterizə edir, deyirlər ki, bu, ABŞ-ın bu cür tarixi ədaləti deyil, sırf siyasi qazancı rəhbər tutması ilk dəfə deyil. Amma ermənilər yaxşı olardı ki, məsələyə daha məntiqi yanaşaydılar. Onda bilərdilər ki, bir əsrdən çox müddətdə uydurma “erməni soyqırımı”nın tanınmamasının əsl səbəbi məhz onun saxta olmasıdır. Məsələ, Trampın qərinə tvitlərində deyil, saxta hadisə üzərində saxta oyunların qurulmasındadır. Türkiyəni sıxmaq üçün erməni kartından, demək olar ki, bütün iri dövlətlər istifadə edib. Ancaq hamısı da boş-boşuna gedib. Çünki, “nırx dirənmək” üçün heç bir tarixi fakt yoxdur.

Ermənistanı heyrətləndirən digər bir fakt da özlərinə müttəfiq saydıqları Rusiyanın onlara etinasız münasibətidir. Ermənilər adətən bu münasibət azərbaycanlıların fəaliyyətinin nəticəsi kimi qiymətlənmdirirlər. Lakin bu istiqamətdə də reallıq ayrı söz deyir. R.Akopcanyan yazır: “Putin Rusiyası bizə təkəbbürlü və istehlakçı münasibətini gizlətmir”. Bu iddia ona əsaslanır ki, hazırda Ermənistanın bütün əsas iqtisadi idarəetmə strukturları Rusiya şirkətlərinin əlindədir. Amma istehlakçılığa qalanda, Ermənistanda xarici dövlətin mənimsəyəcəyi cidi bir var-dövlət yoxdur, əksinə bu ölkə Rusiyadan aldığı bütün məhsulları güzəştli qiymətlərlə alır. Yəni, əslində ermənilər Rusiyanı “rus inəyini sümürən tək” sümürürlər. Təkbaşına Ermənistan ayaqüstə dura bilməz. Xüsusilə, hərbi sferada Moskvanın yardımı olmasa Ermənistanın ordu saxlamağa belə gücü çatmaz.  Ermənistan parlamentinin hakim “Mənim addımım” blokundan olan vitse-spikeri Alən Simonyan noyabrın 6-da Gümrüdəki jurnalistlərlə söhbətində deyib ki, Rusiya İrəvana hərbi sahədə böyük dəstək verir: “Sizi əmin edirəm ki, bu məsələ bizim diqqət mərkəzimizdədir. Bunu həmişə rusiyalı həmkarlarımızla müzakirə edirik. Eyni zamanda nəzərə almalıyıq ki, rus həmkarlarımıza, Rusiya Federasiyası sayəsində bu sahədə də böyük dəstək alırıq və əlbəttə ki, məsələyə bu baxımdan da baxılmalıdır”.

Baş verənlərin fonunda, göründüyü kimi,  Amerikanın demokratiya standartlarını günahlandırmağa başlamaq və ümumiyyətlə ABŞ-ın böyük bir tənqidçisinə çevrilmək üçün indi Ermənistanda böyük bir cazibə var. Bu, hazırda müxalifətdə olan qüvvələrin işinə yarayır. Amma baş nazirin komandası da rusları döyəcləyir. Hər iki istiqamətin arasında, başqa sözlə, ortalıqda qalan isə Ermənistandır. Mənfur siyasəti onu aparıb belə bir çıxılmaz dalana salıb.

N.NOVRUZ