Əlaqə Arxiv
news Image
2019.11.08
08:29
| A A A
Sözü və əməlləri düz gəlməyən radikallar
Su axıb çuxurunu tapan kimi, Əli İnsanov da “getdiyi çuxurun oxşarını” radikallarda tapıb

Keçmiş Səhiyyə Naziri Əli İnsanov bu ilin əvvəlində məhbəsdən çıxanda hədə-qorxu ilə danışırdı: “Mən kəfən boynumda çıxmışam bu yola. Məni qorxutmaq mümkün deyil. Nə olur-olsun, siyasi qurumumuzu yaradacağam!” Keçmiş məmur və keçmiş cinayətkar deyəsən hərlənib-fırlanıb öz yoluna uyğun yol tapıb: müxalifət düşərgəsi. Nədəndir ki, hər iki tərəf “2d” hərfini özü üçün fetişləşdirib. Yəni, demokratiyadan dəm vurub, diktator olmaq onların səciyyəvi cizgisidir.

Bu günlərdə müxalif düşərgədə həqiqəti əks etdirən hadisələr baş verir. “Real” Partiyasının sədr müavini Azər Qasımlının istefasından sonra həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova məktub ünvanlayıb. O, məktubu şəxsi “Facebook” səhifəsində paylaşıb. S.Qasımlı məktubunda “Real” sədri İlqar Məmmədovun partiyadaxili siyasətindən narazılığını ifadə edib: “İlqar bəy qaydasız oynayır, açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəccüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…

Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-da qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki, oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə, yenidən partiya yığarsınız. Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət laboratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil”.

Belə məlum olur ki, amerikapərəst İlqar Məmmədov həm də diktatorpərəst imiş, pariya üzvlərinə “dovşana” yanaşan kimi yanaşırmış. Bu mənada Əli İnsanovun müxalifətə üz tutmasının səbəbləri aydınlaşır. Keçmiş nazirin diktatorluq amacı onu bu istiqamətə yönəldib. Ə.İnsanov azadlığa çıxanda keçmiş məsləkdaşlarından Maksim Musayev mətbuata onun haqqında demişdi: “Əli İnsanov olduqca müstəqil fikirli adamdır. Düşünürəm ki, müxalifət bu işdə düzgün mövqe tutmur. Tutaq ki, İnsanov azad olundu, sonra nə edəcək? Onu tanıdığım qədəri ilə deyə bilərəm ki, Heydər Əliyevə necə sədaqətli idisə, bu şəkildə də davam edəcək. Onu tanıyan biri kimi onun müxalifətə qoşulacağına qətiyyən inanmıram. İnsanovu kənardan kimsə nəyəsə yönəldə bilməz. Digər tərəfdən, o, həbsxanadan çıxan kimə niyə   müxalifətə qoşulsun ki? Müxalifət sözsüz ki, ətrafını gücləndirmək istəyir. Amma İnsanovun o düşərgədə olacağını qətiyyən düşünmürəm”.

Budur, İnsanovun keçmişinə sədaqəti. Heç demə, onun diktatorluğu dostlara və məsləkdaşlara sevgisindən güclü imiş Buna görə də gəlib “yeni dostlarını” tapıb. Hamısı da “əqidədaşlar”dır- hökmranlıq etməyə meyilli. Ekspetlərin təhlilinə görə, bu adamların bir yerdə fəaliyyəti mümkün deyil, ona görə ki, “sən ağa, mən ağa, inəkləri kim sağa” dilemması onların birliyini istisna edir. Bundan da təhlükəlisi müxalifətçilik missiyasını bu adamlar məhv edir və cəmiyyətdə mənhfi tendensiyaların genişlənməsinə şərait yaradırlar. Bir sözlə, işdi-şayət, Əli İnsanov və müxalifət rəhbərləri birləşsə, vay sıravi müxalifətçilərin halına, diktatorların ikiqat boyunduruğa düşəcəklər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz