Əlaqə Arxiv
news Image
2019.11.08
08:56
| A A A
Ermənistanın yalvarışları nəticə vermir, Qərb Azərbaycanı seçir
Məhəmməd Əsədullazadə: “Azərbaycan artıq siyasi, iqtisadi və sosial baxımdan Avropanın diqqətini cəlb edib”

Qərb ölkələrinin hərbi şirkətləri, xüsusən də Fransa, İtaliya, Çexiya, Almaniya şirkətləri Ermənistanın bütün narazılığına baxmayaraq, Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməkdə davam edir. Belə ki, artıq Paris, Praqa, Roma, Berlin və Qərbin digər ölkələri Azərbaycanla hərbi sahədə əməkdaşlığa geniş önəm verdiklərini bəyan edərək, bu sahədə bir sıra əməli addımlara imza atıblar.

Elə bu günlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşündə də bu məsələ müzakirə predmetlərindən biri olub. Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, bir sıra aparıcı Qərb ölkələrinin Azərbaycanla hərbi sahədə əməkdaşlığı genişləndirməkdə maraqlı olmaları bir vaxtlar ölkəmizə münasibətdə həmin dövlətlər tərəfindən tətbiq edilən silah embarqosuna son qoyulması deməkdir: “Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişəyə görə Qərb ölkələri uzun illər idi ki, ölkəmizə münasibətdə silah embarqosu tətbiq etmişdi. Ancaq artıq dövr 20 il əvvəlki dövr deyil.

Azərbaycan artıq siyasi, iqtisadi və sosial baxımdan Avropanın diqqətini cəlb edib. Azərbaycan regionda kifayət qədər güclü dövlətdir. Həm maliyyə resurslarına, həm də enerji daşıyıcılarına görə artıq Avropanın əsas tərəfdaşlarından biri olmuşuq”.

Həmsöhbətimiz qeyd etdi ki, indi dünyada silah bazarı uğrunda ciddi mübarizə başladığından Avropa ölkələri də həmin prosesdən kənarda qalmaq istəmir. Ona görə də, maliyyə imkanları olan Azərbaycan kimi ölkələrlə hərbi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar:

“Artıq dünyada silah bazarı uğrunda ciddi mübariəz gedir. Təbii ki, Qərb dövlətləri də bu prosesdə maraqlıdır. Xüsusən də, Fransa, Böyük Britaniya, Almaniya və İtaliya yeni bazar axtarışında aktiv iştirak edirlər. Azərbaycan özünün geniş maliyyə imkanlarından istifadə edərək, İsrail, Türkiyə, Belarus, Rusiya və digər ölkələrdən də silah idxal edir.

Bunu görən Qərb ölkələri də Azərbaycana silah satışını həyata keçirməklə ölkəmzin maliyyə imkanlarından bəhrələnmək istəyir. İkinci bir tərəfdən, Qərb Ermənistanın şıltaqlığına baxaraq nədən Azərbaycana silah satmaqla qazanc əldə etmək imkanını əldən buraxmalıdırlar? Axı, indiki dövr 20 il əvvəlki dövrdən fərqlənir. Artıq bildiyiniz kimi, Fransa və İtaliyanın hərbi şirkətləri ölkəmizə silah satışını həyata keçirir. Azərbaycanın İngiltərə, Fransa və İtaliya ilə hərbi texniki əməkdaşlıq barədə razılıqlar əldə edilib. Təbii ki, işğalçı ölkə Ermənistan bundan ciddi şəkildə narahat olur. Onların narahatlığına səbəb olan bir amil də İrəvanın müasir dövrün tələblərinə cavab verən bu silahları almaq üçün yetərincə maliyyə imkanlarına malik olmamalarından qaynaqlanır. Belədə düşmən ölkə öz etirazlarını Qərb ölkələrinə bildirir. Ancaq aydın məsələdir ki, cılız Ermənistanın hərəkətlərinə baxıb Qərb ölkələri özlərinin biznes maraqlarından geri çəkilən deyillər. Silah biznesi də ki, dünyada ən gəlirli sahələrdəndir”.

M. Əsədullazadə dedi ki, Qərb ölkələrilə hərbi əməkdaşlıq Azərbaycanın müdafiə qüdrətinin daha da güclənməsinə və bu mövqedən istifadə edərək Qarabağ münaqişəsinin həllində daha ardıcıl addımlar atmağımıza imkan verəcək:

“Təbii ki, Qərb ölkələrilə hərbi sahədə əməkdaşlıq və onun genişlənməsi Azərbaycanın silah bazarının genişlənməsinə, özü də ordumuzun ən müasir tələblərə cavab verən silahlarla təmin olunmasına, bu mövqedən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha ardıcıl addımlar atmağımıza, ölkəmizin torpaqların azad edilməsinə daha da yaxınlaşmasına səbəb olacaq. Bunun nəticəsində Azərbaycan növbəti dəfə Ermənistan üzərində hərbi-texniki və psixoloji üstünlüyə nail olur. Bu müstəvidə onu da qeyd edim ki, Amerika da Azərbaycana silah satışında maraqlıdır və bu istiqamətdə danışıqlar gedir. Xatırlayırsınızsa, vaxtilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Bolton bölgəmizə səfər edəndə də ölkəsinin region dövlətlərinə silah satmaqda maraqlı olduğunu ortaya qoymuşdu. Əlbəttə ki, o da bu fonda əsas silah alıcısı qismində Azərbaycanı görürdü. Çünki bilirdi ki, Amerika silahlarını almağa regionda ancaq Azərbaycanın gücü çatır. Ermənistana gəldikdə isə, işğalçı ölkə yenə də Rusiyadan aldığı ikinci, üçüncü növ silahların ümidinə qalmaqda davam edir. İrəvanın maddi imkanı Qərb dövlətlərindən müasir silah və sursatı almağa yetərli deyil.  

Göründüyü kimi Cənubi Qafqazda artıq proseslər Azərbaycanın xeyrinə işləyir. Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qərb dövlətləri öz silahını satıb Azərbaycanın maliyyə imkanlarından istifadə etməklə həmçinin özlərinin buradakı regional mövqeyini gücləndirməyi düşünür. Çünki bu regionda güclənmək həmçinin Qərbin Mərkəzi Asiyaya çıxışı deməkdir. Bu kimi səbəblərdən Qərb dövlətləri Azərbaycanla siyasi, iqtisadi sahələrdə olduğu kimi, artıq hərbi sahədə də əməkdaşlığı genişləndirmək planına malikdirlər. Bu mənada Ermənistan Qərb üçün ciddi geosiyasi əhəmiyyət kəsb etmir. Düşmən ölkə nə qədər Qərbə yaxınlaşmaq görüntüsü yaratsa da, o Rusiyanın forpostu olaraq qalır və onun caynağından xilas olacağı da gözlənilmir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz