Əlaqə Arxiv
news Image
2019.11.13
09:33
| A A A
Qarabağ məsələsi Paşinyanın da axırına çıxır
Elman Nəsirov: “Qarabağ məsələsilə bağlı Paşinyan əleyhinə ciddi kombinasiyaların planlaşdırılması və qurulması istisna deyil”

 

Ermənistan baş naziri Nikol Paşinyanın bütün cəhdlərinə baxmayaraq, Moskva ilə İrəvan arasında münasibətlər kəskinləşməyə doğru gedir. Belə ki, son zamanlar Paşinyanın Kremllə münasibətləri normallaşdırmağa çalışdığı hiss olunur. Ən azından o belə cəhdlərdə bulunub. Amma hələ də Moskva Paşinyanı özünə yaxın buraxmır.

Paşinyan hakimiyyətə gələn kimi qərbpərəst siyasət yürütməyə başladı. Onun hökumətində təmsil olunan şəxslərin də əksəriyyəti bu və ya digər dərəcədə Qərblə bağlı olan insanlardır. Bu isə aydın məsələdir ki, Rusiya rəhbərliyini qıcıqlandırıb. Ardınca Paşinyan hakimiyyətə yiyələnən kimi, Ermənistanda yerləşdirilən Rusiya ordusunun çıxarılması təkləbləri də artmağa başladı. Moskvanın səbr kasasını öz əlaltısı olan keçmiş prezidenr Robert Köçəryanın həbsi daha da daşırdı. Bu fonda Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə soyudu. Lakin Paşinyan Qərbdən gözlədiyi iqtisadi və digər dəstəyi ala bilmədiyindən sonradan yenidən Kremlə yaxınlaşmaq kursunu götürdü. Bu müstəvidə də dəfələrlə cəhd edib ki, Rusiya prezidentilə təkbətək görüşüb məsələləri müzakirə etsin. Lakin Paşinyan hətta Moskvada olarkən Rusiya prezidenti Vladimir Putin onu qəbul etmədi. Başqa bir tərəfdən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvandakı toplantısına gələn Putin burada Paşinyanın istəyinin əksinə olaraq onunla təkbətək görüşmədi. Əvəzində Paşinyanın həbs etdirdiyi Köçəryanın həyat yoldaşı ilə görüşdü. Bütün bu faktlar onu göstərir ki, Paşinyanın bütün cəhdlərinə baxmayaraq, Rusiya ilə İrəvan arasındakı münasibətlər kəskinləşməkdə davam edir. Bu müstəvidə Ermənistanda belə bir fikir hakimdir ki, yaranmış şəraitdə Moskva Paşinyanın devrilməsinə nail olmaq üçün Qarabağ kartını işə sala bilər.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov öncə onu qeyd etdi ki, Paşinyanın Ermənistan daxilində reytinqi zəifləyib: “Bu, bir aksiomadır ki, getdikcə Paşinyanın ölkə daxilində və onun hüdudlarından kənarda reytinqi kəskin şəkildə aşağı düşməkdədir. İnqilabın həyata keçirildiyi ilk dövrlərdə o, reytinqinin ən yüksək səviyyədə olması ilə öyünürdüsə, artıq zaman göstərir ki, pafosla danışılan bu reytinqi sabun köpüyündən başqa bir şey deyil.

Erməni cəmiyyətində artıq Paşinyana olan münasibət kəskin şəkildə dəyişməkdədir. Onu yalançı, sözünün üstündə dayana bilməyən, populist siyasətçi kimi qəbul edirlər. Xüsusən də yürütdüyü daxili və xarici siyasətində heç bir müəyyənliyin olmadığı qeyd edilir. O, qeyri-müəyyənliklə zəngin siyasət yürütməklə yaddaşlarda qalıb. Belə olan vəziyyətdə ittihamlar onun üzərində formalaşır ki, Paşinyan ənənəvi müttəfiqi Rusiya ilə münasibətləri heç zaman olmadığı səviyyədə kəskin şəkildə korlamağa qədər çatdırıb”.

Politoloqun fikrincə, belə vəziyyətdə Paşinyana qarşı Rusiya tərəfindən müəyyən təxribatların hazırlanması ehtimalı da istisna deyil: “Hətta belə ittihamlar var ki, bu proses davam edərsə, yəni Paşinyan real siyasət deyil, illüziyalara söykənən siyasət yürütməkdə davam edərsə, eyni anda həm Qərbə, həm də Rusiyaya doğru boylanarsa, ona qarşı Moskva tərəfindən müəyyən təxribatların hazırlanması da istisna deyil. Erməni mətbuatı və müxalifəti qeyd edir ki, istənilən halda Pşainyan tələyə düşə bilər.  Xüsusən də Qarabağ məsələsilə bağlı Paşinyan əleyhinə ciddi kombinasiyaların planlaşdırılması və qurulması istisna deyil. Bu da Paşinyanın hakimiyyətdən getməsini sürətləndirmək məqsədilə reallaşa bilər. Erməni mətbuatında belə yazılar dərc olunmaqdadır. Rusiya mətbuatında həmçinin belə yazılara rast gəlinir ki, ABŞ-ın özü Paşinyanın Qərbyönümlü siyasətindən narazı qalıb. Hətta bir qədər də irəli gedib belə fikirlər səsləndirirlər ki, Paşinyan ABŞ-ın müvəqqəti layihəsidir, konkret müəyyən zaman çərçivəsində ondan istifadə olunur. Bir müddətdən sonra isə Qərb  Paşinyandan da imtina edərək onu yeni siyasətçilə əvəz etmək məsələsini də gündəmə gətirə bilər. Belə fikirlərin nə dərəcədə düzgün və ya düzgün olmamasından asılı olmayaraq, bu kimi mövqelərin səslənməsi öz-özlüyündə onun təsdiqidir ki, beynəlxalq aləmdə Paşinyana  münasibət mənfidir. Onun yeritdiyi siyasət nə ənənəvi müttəfiqi olan Rusiyanı qane edir, nə də ki üz tutduğu Qərb ilə arzuolunan səviyyədə deyil”.

Deputat qeyd etdi ki, belə olan təqdirdə iki istiqamətdən Rusiya və üz tutduğu ABŞ tərəfindən gələn təzyiqlərlə üzləşən Paşinyanın ölkə daxilindəki reytinqinin kəskin aşağı düşməsi reallığında hakimiyyətdə qalması ehtimalı artıq bir illüziyaya çevrilir: “Belədə heç də uzaq olmayan perspektivdə o, öz sələflərinin taleyini yaşaya bilər. Bu kimi fikirlər hazırda daha çox hallanır.

Paşinyan əleyhinə “Qarabağ klanı”nın timsalında ciddi düşmən də formalaşıb. Onlar arasında münasibətlər o dərəcədə kəskindir ki, hətta bir-birini açıq şəkildə ittiham etməkdən də çəkinmirlər. Ona görə də qondarma rejimdə keçirilməsi planlaşdırılan qondarma seçkilər də sülh prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər. Bütün sadaladığım bu reallıqlar fonunda Paşinyan ilə “Qarabağ klanı” arasındakı münaqişə hətta müharibə müstəvisinə transfer edə bilər. Onların bir-birinə müharibə etmələri də istisna deyil. Bunu erməni politoloqların özləri də açıq şəkildə etiraf edir. Paşinyan belədə Rusiya tərəfinin təzyiqi altındadır. Bu baxımdan Paşinyanı devirmək üçün Qarabağ kartından Moskvanın istifadə etməsi məsələsi erməni mətbuatında ən çox müzakirə olunan məsələlər sırasında yer alıb”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz