Əlaqə Arxiv
news Image
2019.11.13
22:29
| A A A
Siyavuş Novruzov: Əgər BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onda...

"Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsinin daha geniş şəkildə artmasının şahidiyik. 2020-ci ilin dövlət büdcəsi müstəqilliyimiz tarixində ən böyük büdcədir. Sosial sahəyə ayrılan vəsait büdcənin çox böyük hissəsini əks etdirir. Bu baxımdan, büdcəni sosial büdcə adlandıra bilərik".

Mövqe.az-ın xəbərinə görə, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Bəzi qüvvələrin ölkəmizin inkişafını gözü götürmədiyini deyən deputat söyləyib ki, onlar Azərbaycanın digər ölkələr kimi ağır vəziyyətdə olmasını, başqa dövlətlərin əlinə baxmasını istəyirlər:

"Burada oturan deputatların hər biri büdcəni müzakirə edir, öz dairələri, təmsil olunduqları ərazidə problemlərin həllini təklif edirlər. Bir qrup isə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket edir. İndi onlardan soruşmaq lazımdır ki, onlar, xalqın problemləri ilə maraqlanır, yoxsa burada oturanlar?"

Deputat söyləyib ki, ictimai qarışıqlıq yaratmaq, asayişi pozmaq, seçkilərə mane olmağın nəyə xidmət etdiyi bəllidir: "Əgər onlar BMT-nin ofisi qarşısında belə piket keçirsəydilər, onda başa düşülən olardı. Çünki işğal altında olan torpaqların sakinləri bələdiyyə seçmək hüququndan məhrum olublar. Bir dəfə də olsun Qarabağın adını çəkməyən insanlar gedib piket keçirirlər. Onların piketi nəticəsində bütün nəqliyyat dayanıb, təhsil sistemi pozulub".

S. Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti, hökuməti görülən işləri hərtərəfli təqdim edir: "Əgər hər hansı məsələ ilə bağlı iradınız varsa, şikayət edin. Heç bir sahədə narazılığa səbəb olan nəsə tapa bilmirlər. Ortaya iqtisadçı çıxararaq, terminlərlə nəsə demək istəyirlər. Amma onların büdcədən başları çıxmır".

YAP icra katibinin müavini çıxışı zamanı bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladaraq, siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib.

Sizin Reklam Yeriniz