Əlaqə Arxiv
news Image
2019.11.16
11:45
| A A A
Erməni “qaçqınlar” Azərbaycanın xiffətini çəkirlər
İrəvandakı Azərbaycandan olan qaçqınlarla Azərbaycandakı erməni dustaq arasındakı fərq Ermənistanın bugünkü durumuna aydınlıq gətirir

Ermənistanda hökumət binasının qarşısındakı bir gün də boş qalmayan meydanı bu dəfə Azərbaycandan olan qaçqınlar zəbt edib. Onlar burada etiraz aksiyası keçirirlər. “Qaçqınlar”  tezliklə Azərbaycanı tərk etdiklərinin 30 illik yubileyini qeyd edəcəklər. Bu 30 ildə ölkəmizi tərk edən ermənilərin otuz dəqiqəlik rahat vaxtları olmayıb. Çünki, İrəvanda bu adamların başına min bir oyun açıblar. Əslində erməniləri Azərbaycandan qovan olmayıb. Lap binada onlar ölkəmizdə ən yaxşı yerlərdə yaşayıblar, istədikləri kimi özlərinə ev-eşik qurublar. Bakının mərkəzi yerlərində ermənilərin rahat mənzilləri olub. Ancaq Ermənistan qoşunlarını və yerli ermənilər arasında daşnak fikirli olanların Qarabağda törətdikləri vəhşilik bir çox erməninin Azərbaycanı tərk etməsinə gətirib çıxarıb. Onlar xəcalətdən, törədilən cinayətləri, haqsızlıqları qəbul etmədiklərindən, bəziləri də bu işlə bağlı olduqları üçün qorxularından qaçıb gediblər. Hər nə isə...

İndi ermənilər dad döyürlər ki, Ermənistan hökuməti onları aldadır. Etirazçıların əllərində “Azərbaycandan qaçqınlar”, “Layihə qərarının təsdiqini gözləyirik” şüarlarını tutublar. Etiraz edənlərin rəhbərliyində təmsil olunan “Qaçqının səsi” ictimai təşkilatının sədri Oksana Musaelyan bildirir ki, qaçqınlar hökuməti onların mənzil problemini həll etməyə çağırır: “Bir müddət əvvəl Miqrasiya xidməti tərəfindən son dərəcə ağır şəraitdə yaşayan 900 nəfər qaçqının problemini həll etmək üçün hökumətin qərar layihəsi hazırlanıb. Problemin həlli 3 mərhələdə nəzərdə tutulur. İlk mərhələdə “Nairi”, “Sebasriya” mehmanxanalarında və Sapav Axpyuv küçəsindəki yataqxanada yaşayan 112 ailə mənzillə təmin olunmalıdır. Layihə üzrə, mülkiyyətçilərə müvafiq sertifikatlar verilməlidir. Lakin, deyir, “sən saydığını say, gör, fələk nə sayır”. Layihə üzrə tikintiyə artıq bu il başlanılmalı idi. Ancaq bu vaxtadək, nəinki tikintiyı balanılıb, heç layihə təsdiqlənməyib. İlin sonuna lap az qalıb. Qaçqınları qayğılandıram odur ki, bu gedişlə layihə təsdiqlənməyə də bilər.

İndi erməniləri dərd alıb ki, bu dəfə də onların ağzını yelə verəcəklər. Çünki, hökumətin maliyyəsi yoxdur və Azərbaycandan köçən və qaçqın statusu alanların sosial təminatı da aşağı səviyyədədir. Belə ki, elə ailələr var ki, cəmi 11 kvadratmetrlik bir otağa sığınıb. Yaşayış üçün heç bir normal şəəraiti olmayan yerlərdə yaşamaqdan qaçqınlar beziblər. Mətbuatda yazılanlardan belə məlum olur ki, məmurlar qaşqınları bəhanə edərək onlara ayrılan vəsaiti mənimsəyirlər. Belə ki, qaçqınların yaşadıqları yataqxana binası nə vaxtsa gizli şəkildə bir şəxsə satılıb. Artıq uzun illlərdir ki, həmin sahibkar qaçqınlar yaşadığına görə binanı sökməmək üçün dövlətdən hər il 9 milyon dollar kompensasiya alır. Qaçqınları mənzil şəraiti ilə yanaşı dövlətin sosial müdafiəsinin olmaması da qeyzləndirir.

İrəvanda etiraz aksiyası keçirilən vaxt isə Bakıda izolyatorda yaşayan erməni dustaq Arsen Baqdasaryan televerilişdə öz həyat hekayəsini danışıb: “Azərbaycan Respublikasının Xankəndi şəhərində, 1994-cü ildə anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra peşə məktəbinə daxil olmuşam. Peşə məktəbini bitirdikdən sonra Yerevan şəhərinə göndərdilər. 4 ay orada gizirlik məktəbi oxumuşam, sonra sertifikatlar verildi. Dedilər ki, siz dünyanın hər bir yerində xidmət göstərə bilərsiniz.
Məni daha sonra Qarabağa göndərdilər. Mənə bütün hərbi sirləri öyrətdilər, minalar necə hazırlanır, necə yerləşdirilir. Əskəran polkunun komandiri Calal Arutunyan var idi, bildiyim qədərilə onu hazırda öldürüblər. O gəldi, mənə mülki paltarlar gətirdi. İki nəfərlə birlikdə bizi Ağdərəyə gətirdilər, təmas xəttinə. Sonra əskərlər məni gördülər, havaya atəş açdılar. Dedim ki, çobanam.
Altdan geyindiyim hərbi formanı gördülər. Dedilər onu hardan tapmısan, dedim satırdılar, alıb geyinmişəm. Və sonra təkid etdikdən sonra mən dedim ki, siz tərəfdə yaşamaq istəyirəm, təslim oluram. Mənimlə gələn 2 nəfər isə minaları basdırıb getmişdilər. Heç bilmirəm harada basdırıblar. Amma bilirəm ki, 17 ədəd mina basdırılıb.

Cinayət törətdiyimi bilirəm. Məhkəmə prosesindən də narazı deyiləm. Mənə heç bir təzyiq edilməyib, mənimlə çox hörmətlə davranılıb, baxmayaraq ki, mən cinayət törətmişəm. Törətdiyim cinayət əməlinə görə çox peşmanam. Burada yeməklər də çox kalorilidir, sanki cənnətdəyəm. Mən Azərbaycan vətəndaşıyam”.

Bəli, erməni dustaq Azərbaycan vətəndaşı olmağı ilə fəxr edir və qaldığı otaqda Azərbaycan bayrağını dalğalandırır. Bayrağı ona verməyiblər, özü düzəldib. İrəvandakı Azərbaycandan olan qaçqınlarla Azərbaycandakı erməni dustaq arasındakı fərq Ermənistanın bugünkü durumuna aydınlıq gətirir. Belə olan halda mənzil üçün etiraz edənləri qınamaq olmaz. Amma Azərbaycana
bəslədikləri nankor münasibətə görə qınanmalıdırlar. Nankorluqlarına görə də bu günə qalıblar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz