Əlaqə Arxiv
news Image
2019.11.20
08:48
| A A A
Naxçıvanın təhlükəsizliyi uğurla təmin olunur
Dövlət başçısı bu istiqamətdə görülən tədbirləri diqqətdə saxlayır

Azərbaycan dövlətçiliyi fonunda uzun dövr ərzində Naxçıvan bölgəsi anklav olaraq çətin geostrateji situasiyada yaşayır. Müstəqillik dövründə bu ərazinin ümumi ərazimizə birləşdirilməsi əvəzinə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın blokadası daha da sərtləşib. Lakin Prezident İlham Əliyevin inkişaf strategiyasında bu bölgəyə xüsusi diqqət yetirilməsi sayəsində indi vəziyyət kökündən dəyişib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı dəfələrlə sürətlənib, əhalinin rifah halı yaxşılaşıb, geostrateji anlamda Naxçıvanın rolu regional və beynəlxalq müstəvidə güclənib. Belə bir şəraitdə təhlükəsizlik məsələsi də prioritet istiqamətə yönəlib. Çünki, birincisi, işğalçı Ermənistan tərəfindən təcavüz riski olduqca yüksəkdir və mənfur qonşumuzun bu əraziyə yönəlik təhdidləri daim gündəmdədir. İkincisi, Qarabağın işğaldan azad edilməsi üçün müharibə alovlandığı təqdirdə Naxçıvan ərazisində dislokasiya olunmuş hərbi hissələr düşmənə həlledici zərbə vurmaq üçün səmərəli taktiki imkanlara malikdir.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən Prezident İlham Əliyev məhz diqqəti muxtar respublikada təhlükəsizlik tədbirlərinin görülməsinə yönəldib: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dövlət başçısına verdiyi məlumat strateji istiqamətdə görülən işlərin lazımı səviyyədə olduğu qənaətini yaradıb. Belə ki,  sərhədlərdə məhəlli münaqişələr baş verməsinə baxmayaraq, muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri həyata keçirilən genişmiqyaslı tədbirlər msayəsində Əlahiddə Ümumqoşun Ordusu korpusundan Əlahiddə Ümumqoşun Ordusuna çevrilib. “Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur. Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır” deyə, Vasif Talıbov Prezidenti əmin edib.

Lakin düşmən tərəf o qədər qəcbkar və hiyləgərdir ki, təhlükəsizlik məsələsinin bütün xırda təfərrüatlarını da diqqətdə saxlamaq lazımdır. Yəni, hərbi potensialı artırmaq yalnız silah-sursata bağlı deyil. Ölkənin müvafiq infrastrukturu da paralel şəkildə inkişaf etməlidir ki, lazım gələndə qoşunların yerdəyişməsi, irəliləməsi və manevr imkanları yüksək səviyyədə təmin edilsin. Buna görə də dövlət başçısı muxtar respublikada yolların çəkilməsi işi ilə də maraqlanıb: “O dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?” Cavab sadə və aydındır: “Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur.

Bir də ki, yolların tikintisinə də böyük vəsait ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib. Naxçıvan-Şahbuz yolu layihəsi tam icra edilib. Naxçıvan-Culfa yolu da icra edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir”.

Mətbuatdan məlum olub ki, Azərbaycanda görülən müdafiə xarakterli işlər Ermənistanda ardıcıl izlənilir və təhlil edilir. Artıq düşmən cəbhədə başa düşürlər ki, situasiya dəyişilib və ermənilər Azərbaycanın qarşısında əbədi davam gətirə bilməyəcəklər. Hətta hamiləri güclü dövlətlər olsa belə. Buna görə də barışıq üçün yollar axtarmağa başlayıblar. Bu ölkənin “Politik.am” saytı Gürcüstan və İranda olan nümayişlər fonunda regionda baş verənlərin Ermənistan üçün önəmli hala gəldiyini bildirib: “Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz”. Məqalədə Ermənistan üçün vacib kartın Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ola biləcəyi qeyd edilib: “Ermənistan üçün yeganə alternativ Qarabağ problemini həll edərək, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır”.

Göründüyü kimi, Azərbaycanın geostrateji istiqamətdə apardığı siyasət və ölkənin təhlükəsizliyinin gücləndirilməsi sahəsində gördüyü tədbirlər düzgün yoldadır və regionda əmin-amanlığın yaradılmasına, ərazi bütövlüyümüzün bərpasına xidmət edir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz