Əlaqə Arxiv
news Image
2019.11.20
08:24
| A A A
Paşinyanın Qarabağ siyasətinə qarşı Ermənistanda üsyan başlanır
Natiq Miri: “O, sıxışdırıldığı təqdirdə, məsuliyyətdən qaçmaq üçün məsuliyyəti xalqın üzərinə atır və belədə özünü mövcud vəziyyətdən çıxarmağı düşünür”

Ermənistanda baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ siyasətilə bağlı narazılıqlar artıq. Ermənistan parlamentinin keçmiş deputatı Aqvan Vardanyan Nikol Paşinyanın Qarabağ məsələsində ziddiyyətli bəyanatlar verməsinin ölkəsinə fəlakətdən başqa heç nə vəd etmədiyini bəyan edib: "Biz əslində, əvvəlki mövqelərimizdə güzəştlər etdik və indi danışıqlar dalana dirənib. Bu isə Ermənistanı xeyli güclənən Azərbaycanla təhlükəli savaşa sürükləyir. Amma görünən budur ki, Paşinyan bunun fərqində deyil”. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da həyəcan təbili çalanlar sırasındadır: “Danışıqlar prosesinin hakimiyyətin ziddiyyətli açıqlamaları və mövqeləri üzündən dalana dirəndiyi aydın şəkildə görünür. Ermənistan hakimiyyətinin ziddiyətli bəyanatları Qarabağa dair danışıqlar prosesini dalana dirəyib. Bu gün Azərbaycan və beynəlxalq ictimaiyyət eyni mövqedən çıxış edir, Ermənistan isə başqa mövqedən”. Daha bir erməni siyasi ekspert Hasmik Vardanyan da ölkəsinin təhlükəli bir mərhələyə daxil olduğunu vurğulayır: “Paşinyan Qarabağ münaqişəsi haqqında bəyanatları ilə Ermənistan üçün ciddi təhdid yaradıb. Halbuki, bir il əvvəl bu onun tərəfindən prioritet kimi elan olunub. Bir il əvvəl Paşinyanın danışıqlar masasında Qarabağı təmsil edə bilməyəcəyi ilə bağlı iddiaları müəyyən qədər beynəlxalq ictimaiyyət, xüsusilə də vasitəçilər üçün anlaşılan ola bilərdisə, bu bir il ərzində etdiyi bəyanatlarla o, yaranmış fürsəti nəinki aradan qaldırıb, həmçinin Qarabağın danışıqlar masasına qaytarılması perspektivinə ciddi zərbə vurub. “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı ilə Paşinyan hər şeyi korladı”.

Politoloq Natiq Mirinin fikrincə, Ermənsitanda Paşinyanın Dağlıq Qarabağ siyasətindən narazılıqların artması daha çox siyasi xarakter daşıyır və “Qarabağ klanı”nın revanş almasına hesablanmış addımlardır:

“Azərbaycanın işğal olunmuş əraziləri məsələsini qabartmaqla Ermənistan baş naziri Paşinyanın vurulmasına çalışanlar daha çox “Qarabağ klanı”nın siyasətini dəstəkləyən və bilavasitə onların maliyyəsilə fəaliyyət göstərən siyasi mərkəzlərdir. Paşinyan da digər ermənilər kimi tipik və absurd “Böyük Ermənistan” xülyasına qapılan bir şəxsdir. Paşinyan hələ də böyük dövlət adamı və siyasətçisi olaraq özünü təsdiq edə bilməyib. Ona görə də çoxsaylı problemlərlə üz-üzədir. Bu problemlərdən biri də Qarabağla bağlı Paşinyanın belinin bağlı olmamasıdır. Çünki Qarabağ hər bir halda hələ də erməni ictimaiyyəti üçün hələ də həssaz mövzu olaraq qalır”.

Politoloq qeyd etdi ki, Paşinyanın zaman-zaman Qarabağla bağlı absurd fikirlər səslədirməsi, “Qarabağ Ermənistandır və nöqtə” kimi düşüncəsiz fikirləri də bilavasitə erməni ictimai rəyinə, xüsusən də Qarabağda yaşayanlara hesablanmış rəylərdir: “Paşinyanı buna məcbur edirlər. Ona görə də zaman-zaman bu cür açıqlamalarla çıxış etməklə bir növ ictimai rəydə özünü millətçi kimi təqdim edir və buraxdığı səhvlərini belədə kompensasiya etmək istəyir. Ona görə də Paşinyan əleyhinə olan erməni siyasətşünasların belə fikirlər səsləndirməsi daha çox daxili auditoriya üçündür. Belədə ictimai rəyi Paşinyan əleyhinə yönəltməyə çalışırlar”.

 

N. Miri bildirdi ki, Paşinyan da Qarabağı Azərbaycana təhvil vermək fikrində deyil: “Gələcəkdə Paşinyan öz kökünü siyasi baxımdan daha dərinə nüfuz etdirməyə nail olsa da belə, əmin olun ki, o, Qarabağı Azərbaycana qaytarmaq fikrində olmayacaq. Son fikirlərində o, Qarabağla bağlı hər hansı bir strateji qərarın hökumət başçısının deyil, xalqın referendum vasitəsilə verməli olduğunu söyləyib. Yəni o, sıxışdırıldığı təqdirdə, məsuliyyətdən qaçmaq üçün məsuliyyəti xalqın üzərinə atır və belədə özünü mövcud vəziyyətdən çıxarmağı düşünür. Azərbaycan üçün istər Paşinyan, istər Sarkisyan olsun, erməni ermənidir”.

Bu səbəbdən həmsöhbətimiz düşünür ki, Azərbaycan özünün Qarabağla bağlı apardığı siyasətə üstünlük verməlidir: “Azərbaycan problemin həlli məsələsində özü həlledici amilə çevrilməlidir. Prosesi Azərbaycan özü yürütməlidir ki, Ermənistan daxil havadarları da bu prosesin içində qeyri-iradi yer alsınlar. Daha ədalətli hökmdarın Ermənistanda hakimiyyətə gəlib Qarabağı Azərbaycana qaytaracağı xülyasından artıq qurtulmalıyıq.  Ermənistanda ədalətli hökmdar olmayıb və olmayacaq. Azərbaycan Dağlıq Qarabağla bağlı hücum xarakterli siyasət yürütməlidir. Bu da ayrıca siyasət və diplomatiya ilə həll olunacaq iş deyil. Mütləq mənada cəbhə xəttində ciddi mənada güc göstərməli və uğur əldə etməliyik ki, paralel olaraq siyasət və diplomatiyamızı masada aparmaqla zəfərlər qazanaq”.

 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz