Əlaqə Arxiv
news Image
2019.11.20
08:48
| A A A
Radikalların alverçi təfəkkürü üzərində qurulan aksiyaları
Azər Həsrət: “Radikal müxalifət liderlərinin qanunsuz aksiyalara getməkdə məqsədlərindən birinin də məhz “miqrant alveri”ni gücləndirmək və bu yolla “qazanc” əldə etməkdən ibarət olduğunu müşahidə olunur”

Araşdırmalar bu qənaətə gəlməyə əsas verir ki, radikal müxalifətin "miqrant alveri"ni gücləndirmək və bundan gəlir götürmək üçün mühüm  bir vasitəsi qanunsuz aksiyalardır. Radikal düşərgənin son dövrlərdəki qanusuz aksiyaların kökündə məhz bu amilin dayanadığını demək olarmı? 

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, radikal müxalifət liderlərinin qanunsuz aksiyalara getməkdə məqsədlərindən birinin də məhz “miqrant alveri”ni gücləndirmək və bu yolla “qazanc” əldə etməkdən ibarət olduğunu müşahidə olunur: “Əlbəttə ki, hər bir kəsin, partiyanın mitinq, piket və bu kimi digər tədbirər keçirmək hüququ var. Qanun da buna imkan verir. Amma təəssüf ki, radikal müxalifət ona verilən bu hüquqdan sui-istifadə edərək, manipulyasiyalara gedirlər. Müxalifət qanunsuz aksiyalara getməklə bu prosesin özündən də maliyyə baxımdan qazanc götürməyə çalışır.

İllər öncə radikal müxalifətin miqrant alverini gücləndirmək və özlərinə gəlir əldə etmək üçün bundan yararlanmaq istiqamətində belə aksiyaların bir vasitə olduğunu müşahidə etmişdik. Bəzi adamların mitinqlərdə bilərəkdən polisi qıcıqlandırmasını, yaxud məqsədli şəkildə qanun keşikçilərilə qarşıdurmaya getmələrini illər öncə elə başa düşürdük ki, bu adamlar siyasi mübarizədə guya daha qərarlı davranmaq üçün belə edir. Amma bəlli bir müddət keçəndən sonra gördük ki, həmin adamların səsi Avropadan gəldi və bu zaman onlar siyasi sığınacaq almaq adı ilə polislə məqsədli şəkildə qarşıdurmaya getdikləri şəkillərdən istifadə edirdilər. Son illərdə radikal müxalifətin keçirdiyi aksiyalarda da jurnalistlər müşahidə edib ki, çox da fəal olmayan, tanınmayan insanlar məqsədli şəkildə polisləri qıcıqlandırmaqla məşğul olublar.

19 oktyabrda Əli Kərimlinin dəstəsinin keçirməyə cəhd etdiyi aksiyada da müşahidələrimə görə, iştirakçı kimi gələn bir çox insan polisləri qıcıqlandlrmağa cəhd etdi.  Özləri də onlar bu qıcıqlandırmanı radikal şəkildə həyata keçirməyə çalışırdı. Amma polislərimiz də təmkinli, səliqəli davranaraq, radikalların təxribatına uymurlar. Radikal müxalifətin Bakı Şəhər İcra Hakimkiyyəti qarşısında keçirdiyi piket zamanı da belə halları müşahidə etdik. Yəni burada da yersiz çığırmalar, yersiz şüarlar səsləndirirdilər. Açıq şəkildə polisi təhqir edirdilər. Təbii ki, o adamların məqsədi polisin onlara dəyənək vurmasına nail olmaq və bundan istifadə edərək Avropada qapıları döymək üçün əllərinə bəhanə verməkdən ibarət idi. Belədə yalandan belə bir obraz yaratmağa çalışırlar ki, guya mübarizə apardığına görə ölkədə təqib olunurlar”.

Belə qanunsuz əməllərin arxasında ekspertə görə, qanunsuz aksiyalar keçirməyə qərar verən şəxslər dayanır: “Bu işlərin arxasında əlbəttə ki, həmin aksiyaların təşkilində rol alan, özəlliklə də belə aksiyaların keçirilməsi qərarını verən şəxslər dayanır. Təbii ki, burada söhbət Əli Kərimli və onun dəstəsindən gedir. Yəqin ki, özü üçün miqrant alveri üzrə biznes qurub və bu yolla dolanmağı düşünür. Amma bu hal siyasətçiyə yaraşan yol  deyil. Ümumiyyətlə siyasi mübarizəni səmimi şəkildə aparan heç bir şəxs gedib qəsdən, məqsədli şəkildə polislə qarşıdurmaya gedib, fotosunu çəkib və onu qoltuğuna vurub xarici ölkədən sığınacaq istəməməlidir. Bu artıq həmin “bizneslə” məşğul olan adamların alverçi təfəkkürü ilə fəaliyyət göstərmələrinin bariz nümunəsidir”. 

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz