Əlaqə Arxiv
news Image
2019.11.21
08:34
| A A A
Cəmil Həsənli açıq etiraf etməyi bacarmadı
Radikal müxalifətdə “papaq” dəyişikliyi siyasi avantüranı dəyişdirə bilməyəcək

Nəhayət ki, müxalifət cəbhəsindən ölkədə gedən kadr islahatlarına “qoşulmaq” barədə cəmiyyətə mesaj gəldi. Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyini bilvasitə bildirib. C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb: “Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir”. Mətbuat bu mesajı hazırkı sədrin acı etirafı kimi əks etdirir. Amma verilən mesajın intonasiyası belə güman yaradır ki, C.Həsənli özünəməxsus tryuk edir və görünür daha “isti” yer bəlirlədiyindən yerinə adam axtarır. Amma hər iki halda müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur.

Məsələnin ikinci tərəfi Tofiq Yaqublunun sədr olmağa razılıq verib-verməməsidir. Belə ki, oktyabrın 19-da Bakıda “Milli Şura”nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu artıq azadlığa buraxılıb. Onun ambisiyalı şəxs olduğunu nəzərə alaraq demək olar ki, məsələyə müsbət yanaşması gözlənilir. Çünki, bu yaxınlarda keçirilmiş “Musavat”ın qurultayında partiya başqanlığına 3 namizəddən biri olub. Lakin çox az səs yığa bilib. İndi təşkilat sədri olmağa yaxındır və ambisiyalarını müəyyən qədər ödəyə bilər. Hərçəndi Milli Şura indiyədək nə ciddiliyi, nə də sanbalı ilə seçilib. Bu təşkilat yarandığı andan yalnız qalmaqalları ilə gündəmə daxil olub.

Cəmil Həsənlinin aradan çıxması deyəsən “Musavat” başqanı Arif Hacılının işinə yarayır. Tofiq Yaqublunun Milli Şuraya sədr  olması təklifinə onun  münasibəti operativliyi ilə seçilir. A.Hacılı bu barədə şəxsi feysbuk hesabında yazıb: “Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək”. Bununla da Arif Hacılı Tofiq Yaqublunun partiyadan uzaqlaşması ehtimalına olan sevincini büruzə verib. Axı, onlar sədrlik kürsüsü uğrunda mübarizədə rəqib idilər. Başqan bir rəqibini özündən uzaqlaşdırmaqla digər rəqiblərinə olan hökmünü göstərmək arzusuna düşə bilər.

Daha bir məlumatda bildirilir ki, Milli Şura üzvləri Tofiq Yaqublunun  sədrliyi altında fəaliyyət göstərməyə hazırdır. Belə görünür ki, bu məsələ əlaltdan hazırlanıb və məsələ müsbət həll olunacaq. Demək, qrant hesabına “guruldayan” bu adamların, daha doğrusu, Cəmil Həsənlinin girinə daha yağlı sifarişçi düşüb. Bu yaxınlarda onun ABŞ-da keçirdiyi, yüngül desək, “fısdırınqa” bir görüşdə Qarabağın işğalı barədə taleyüklü məsələnin üstündən sükutla keçməsi sadəlövh məsələ deyil. Axı, indiyədək Azərbaycanda olan bütün müxalif partiyalar bu ağrılı məsələni əsas niyyət kimi qeyd edirdi. Elə MŞ-nın özü də bu məsələdən həmişə bayraq kimi istifadə etməyə səy göstərib. Demək, Cəmil Həsənlini sədrlikdən getməyə vadar edən iki səbəb var: ya, daha qrant əldə edə bilmir, çünki fəaliyyəti tamamilə mənasızdır, ya da özünə yeni pul mənbəyi tapıb.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz