Əlaqə Arxiv
news Image
2019.11.21
08:49
| A A A
Azərbaycanın hərbi qüdrəti Ermənistanda daha böyük qorxu yaradır
Düşmən ölkədə Azərbaycanın hərbi təlimləri əsas müzakirə mövzusudur

Torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistanın hakimiyyəti, siyasi ekspertləri və ictimaiyyəti nə qədər lovğalansalar da, Azərbaycanın uğurlu inkişafı və silahlı qüvvələrinin ildən-ilə güclənməsi onlar üçün daim təhdid yaradır. Çünki, düşmən ölkədə ytaxşı bilirlər ki, işğal faktı üzərində “status-kvo” daimi ola bilməz. Siyasi həll və ya müharibə müstəvisində həll bir gün bu məsələyə son qoyacaq. Siyasi həll məsələsi hazırda dalana dirənib və ermənilərin səbatsızlığı ucbatından hələlik perspektivdə ümidli heç nə görünmür. Müharibə yolu isə hər gün bir qədər də aktuallaşır. Bu isə düşməni qorxudur. İrəvanın “1in.am” saytı ermənilərin qorxusuna həsr etdiyi müsahibədə Azərbaycanın hərbi qüdrətinin güclənməsi və yaratdığı təəssürat barədə danışılıb. Mövzu üzrə sayt  Londondakı “Ceynin zəkası” intellektual müdafiə və təhlükəsizlik analitik mərkəzinin müxbiri, “Yeni müdafiə sifarişi. Strategiya” jurnalının baş redaktoru, hərbi ekspert Leonid Nersisyandan müsahibə alıb. Müsahibənin ümumi məzmunu bundan ibarətdir ki, işğala son qoymaq üçün hərbi variant istisna deyil və bu işdə həlledici rola malik hansısa “möcüzəvi silah” varmı? Məsələnin qoyuluşu ermənilərin hazırda baş verən hadisələrdən möhkəm qorxduqlarını ehtiva edir.

Təsadfi deyil ki, təkcə bu il Azərbaycanın keçirdiyi genişmiqyaslı 5 hərbi təlim müharibə hazırlığının intensivliyindən xəbər verir. Xüsusilə qardaş Türkiyənin silahlı qüvvələri ilə birgə təşkil edilmiş “Mustafa Kamal Atatürk-2019” və Naxçıvan ərazisində baş tutan “Sarsılmaz qardaşlıq” təlimləri öz mükəmməlliyi ilə düşmənə göz dağı olub. Müsahibədə bu və digər təlimlər xatırlanır və aydın görünür ki, Ermənistanda bundan təşvişə düşüblər. Təlimlər zamanı Azərbaycan hərvçilərinin istifadə etfikləri silah-sursatın dəqiqliklə diqqətə çatdırılması bunu təsdiqləyir.

İşğal faktoru ətraflnda hərbi-geosiyasi vəziyyəti qiymətləndirən hərbi ekspert bildirir ki, Azərbaycan Ordusunun son hərbi təlimlərinə aviasiya və quru qoşunlarının cəlb edilməsi onun irimiqyaslı olduğunu göstərir. Lakin bu ilin 10 gün əvvəl keçirilmiş təlimlər haqda əllərində müfəssəl məlumatların olmaması ermənilərin təşvişini daha da artırıb. Onlar güman edir ki, Azərbaycan daha müasir silahlardan istifadə edib və bunu gizli saxlayır. Hər bir halda Nersisyan qeyd edir ki, ordumuzun keçirdiyi təlimlər gözlənilməz deyil. Yəni, Azərbaycan ərazi bütövlüyünü hətta silahlar vasitəsi ilə təmin edəcəyini gizlətmir və buna görə də daim hazırlıq səviyyəsini yüksəldir. 

Ancaq müxbirin dərdi başqadır. O, məsələni hərləyib gətirir Azərbaycanın hərbi qüdrətinin Ermənistanda oyatdığı təəssürata və soruşur ki, bu cür çoxsaylı geniş hərbi təlimlərin keçirilməsinə ermənilər diqqətlə yanaşmalıdırlarmı? L.Nersisyan suala “bu ümumi plan üzrə gedir” cavabını versə də, cavabının ikinci hissəsində təlimdə iştirak edən hərbi texnikanın say və çeşidi ilə dərindən maraqlanmasını və müvafiq məlumat əldə edə bilməməsini deməklə göstərir ki, əslində bir erməni kimi bu təlimlər onun da “yuxusunu ərşə qaçdırıb”.

Son vaxtlar düşmənin təcavüzkar bəyanatlarına Bakıdan sərt cavablar verilməsi də müsahibənin özəyini təşkil edir. Belə ki, 2018-cı ilin Aprel döyüşlərini xatırlayan müsahiblər aşkar güc balansının Azərbaycan tərəfində olduğuna işarə vururlar. Gələn ilin hərbi büdcəsi isə xüsusilə nəzərə çarpdırılır. Belə ki, 2020-ci ildə Ermənistanın hərbi büdcəsində heç bir artım olmayacaq. Sadəcə, keçən il Rusiyadan alınmış kreditlər bu il istifadə olunacaq. Məsələ burasındadır ki, Ermənistan alınmış kreditləri büdcəyə əlavə etməklə həmişə hərbi xərclərini şişirtməyə çalışıb. Amma keçən ilin krediti istifadə edilmədiyindən builki büdcədə göstərmək mümkün olmayıb. Rusiyanın verdiyi kreditin məbləği 100 milyon dollardır. Azərbaycanın gələn ilki hərbi büdcəsi isə 2 milyard 267 milyon dollardır. Bu çox böyük üstünlükdür və onsuz da müasir olan ordumuzun silah cəbbəxanasının daha mükəmməl və dəhşətli silahlarla zənginləşdirilməsinə imkan verəcək. Düşmən ölkəni çalxalayan bu cür üstünlük uzun illərdir ki, davam edir və  bizim mütləq üstünlüyümüzü təmin edir.

Sayın əməkdaşı ekspertdən ehtiyatla xəbər alır ki, bu imkan Azərbaycanda məsələni həll edə biləcək hansısa möcüzəli silahın olmasını təsdiqləyirmi. Ekspert isə ona və təbii ki, əslində erməni ictimaiyyətinə çatdırmaq istəyir ki, möcüzəli silah yalnız atom bombası ola bilər ki, bu da nə Ermənistanda, nə də Azərbaycanda yoxdur. Ancaq bu təbliğat xarakteri daşıyır. Çünki, sualları cavablandıran hərbi ekspert ermənidir və aşkar görünür ki, belə bir müsahibənin təşkili erməni cəmiyyətini bürümüş qorxu hissini azaltmağa xidmət edir.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz