Əlaqə Arxiv
news Image
2019.12.03
08:52
| A A A
Yeni parlament cəmiyyətin tələbidir
Bugünkü seçici dünənkindən fərqlənir və deputatlara münasibətdə daha ciddi məsuliyyət daşıyır

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan üzvlərinə müraciəti ilə Milli Məclisin buraxılacağı dəqiqləşib. İlk baxışda spontan verilmiş bu qərarın təsadüfi olmadığı ölkədə gedən geniş islahatlar fonunda aydın sezilir. Bu addım gözlənilən idi və demək olar ki, tam vaxtında atıldı.  İlkin müzakirələrin ab-havasından görünür ki, cəmiyyət ən azı 100 deputatın dəyişilməsi arzusundadır. Düzdür, deputat seçkisi seçicilərin ixtiyarındadır. Lakin həmin seçicilərin səsini qazanmaq lazımdır. Madam cəmiyyətdə gedən müzakirələrdə “100” rəqəmi hallandırılırsa, demək, təxminən o sayda deputatın fəaliyyəti qənaətbəxş deyil. Təbii ki, həmin sayda “köhnə” deputatın seçicilərə güvənməsi mənasızdır.

Ekspertlərin fikrincə, kadr islahatlarının bir istiqaməti də parlamentlə bağlıdır. Bu, prosesin özündən doğan bir situasiyadır. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev parlament üzvləri arasından kadrları yüksək vəzifələrə təyin etmişdi.

Ümumiyyətlə, parlamentin dəyişilməsi zəruriyyəti zaman-zaman meydana gəlir. O zaman ki, qanunverici orqanın kontingenti ölkənin inkişaf sürəti ilə ayaqlaşa bilmir. MM-in hazırkı tərkibində elə deputatlar var ki, 20-30 ildir oturublar parlıamentdə, amma xalq onların nəinki təkliflərini eşidib, hətta səslərinin tembrindən də xəbərsizdirlər. Əksinə mənfi mənada xalqın mənafeyinə uyğun gəlməyən, yaxud hissləri ilə oynayan mətbuata açıqlamalar kifayət qədərdir. Nə qədər deputat verdiyi açıqlamalardan sonra “məni düzgün başa düşməyiblər” deyə öz-özünü təkzib edib. Çünki, bəzi deputatlar hərdənbir hansısa jurnalistin bir sialına cavab verməyi özünə rəva görüb, amma onda da düz-əməlli bir fikir yürüdə bilməyib. Belə şəxsin Milli Məclisdə nə işi var axı. Deputat ictimai xadimdir, xalqın qarşısında məsuliyyət daşıyır. Xalq onları seçib ki, əhalinin xeyrinə işləyən qanunvericilik bazası yaratsınlar, seçməyib ki, ağızlarına su alıb oturub, büdcədən havayı maaş alsınlar. İşləmək gərəkdir, qanunvericiliyin inkişafına töhfə vermək, xalqın dərs-sərinə yaramaq, onların mənafeyini təmsil etmək, əhalinin güzəranının və kənd və şəhərlərin abadlaşdırılmasına ictimai və dövlət nəzarətinin gücləndirilməsinə töhfə vermək deputatların birbaşa işidir. Amma bizim deputatlar, təbii ki, hamısı nəzərdə tutulmur, bu vəzifələrini layiqincə yerinə yetirirlərmi? 

Keçmiş maliyyə naziri Fikrət Yusifov да Milli Məclisin yenilənməsini arzu edir: “Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil – deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir”.

Azərbaycanda müxalifətin tənəzzülə uğraması onun parlamentdə təmsil olunmasına da təsir göstərir. Qarşədakı parılamentin yenilənməsi prosesində müxalifətin daha geniş ampluada iştirakının olması arzuolunandır. Konstruktiv, yaradığı müxalifət parlamentin işinə yalnız fayda verər, nəinki ziyan. Amcaq, bu iş asılıdır müxalifətin tutduğu mövqedən və həyata keçirdiyi taktikadan. Parıamentin çalışqanlığı sevir, çılğınlığı yox. Deputatın tribunası özünütəbliğdən ötrü yox, xalqın mənafeyinə xidmət etməkdən ötrü çağırışlar vasitəsidir. Əgər deputat seçkisinə qatılacaq müxalifət nümayəndələri öz seçkiqabağı təbliğatlarında seçicilərin müsbət rəyini qazanıb parlamentə düşə bilsələr, onda yeni tərkibdə işgüzar mühitin güclənəcəyinə ümid etmək olar.

İslahatlar fonunda seçici təfəkkürünün dəyişilməsi də qaçılmazdır. Bugünkü seçici dünənkindən fərqlənir və deputatlara münasibətdə daha ciddi məsuliyyət daşıyır. Təbii ki, bu hal onun seçiminə təsir edir. Seçici məsuliyyətinin güclənməsi deputatların reytinqinin yüksək olmasına təsir edir. Yəni, ümid etmək olar ki, gələcək parlamentdə xalqın inamla seçdiyi deputatlar olacaq və müasirliyin çağırışlarına işləri və xalqa xidmətləri ilə müsbət mənada fərqlənəcəklər.

N.NOVRUZ   

Sizin Reklam Yeriniz