Əlaqə Arxiv
news Image
2019.12.03
08:13
| A A A
Azərbaycan və Türkiyəni daha güclü ölkəyə çevirən layihə
Vüqar Bayramov: “TANAP-ın işə düşməsilə Azərbaycanla Türkiyənin birlikdə, eyni zamanda ayrılıqda dövlət olaraq geosiyasi mövqelərinin daha da güclənməsini, nüfuzlarının artmasını müşahidə edəcəyik”

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirildi.

Qeyd edək ki, TANAP layihəsi ilə Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qaz ixrac ediləcək. Həmin kəmərlə ilkin mərhələdə 16 milyard kubmetr qazın ixrac edilməsi gözlənilir ki, onun da 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri Avropaya daşınacaq. Lakin kəmərin keçiricilik gücünü nəzərə alınaraq 2023-cü ildə TANAP-la daşınacaq qazın həcminin 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması gözlənilir.

İqtisdi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, TANAP ilk öncə Ankara ilə Bakı arasındakı münasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq: “TANAP-ın reallaşması təbii ki, ilk növbədə Türkiyə-Azərbaycan münasibətlərinə birbaşa təsir göstərir. Eyni zamanda bu hadisə iki ölkənin regiondakı mövqelərinə təsir göstərən faktorlardan biridir.  TANAP-ın reallaşması Azərbaycan üçün gəlirlərinin artması baxımından vacib amildir”.

Belə bir layihə ekspertə görə, həmçinin, geosiyasi baxımından da ölkəmiz üçün əhəmiyyətli bir hadisədir: “Çünki bu hadisə Azərbaycanın regiondakı mövqeyinin daha da möhkəmlənməsinə imkan verir. Mavi qaz satışından Azərbaycana valyuta daxil olmaları artacaq. Mavi qaz ixracı ilə bağlı öhdəliyin olduğunu nəzərə alsaq, TANAP vasitəsilə Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 milyard kubmetr qazın nəqli gözlənilir ki, bu da enerji sektorunda artıq yeni mənbədən ölkəyə valyutanın daxil olması deməkdir. Nəticədə valyuta ehtiyatlarımız daha da artacaq və Azərbaycanın region iqtisadiyyatındakı payı da yüksələcək. Bütün bunlar öz növbəsində ölkəmizin geosiyasi mövqeyinin güclənməsi anlamına gəlir”.

V. Bayramovun fikrincə, Türkiyə üçün TANAP ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu layihə imkan verəcək ki, Türkiyə enerji idxalında bir mənbədən asılılığı aradan qaldırsın. Belədə, Azərbaycan yaxın gələcəkdə Türkiyədə ikinci ən böyük enerji təchizatçısına, mavi qaz ixracatçısına  çevriləcək.   Yəni TANAP qardaş ölkənin enerji təhlükəsizliyinin formalaşması baxımından mühüm, enerji asılılığının aradan qaldırılması abxımından vacib hadisıdir.

Bu layihənin gerçəkləşməsi nəticəsində Türkiyə tranzit ölkə olaraq geosiyasi mövqeyini də möhkəmləndirəcək. Çünki Avropa qitəsinə mavi qaz Türkiyə ərazisindən nəql edilir. TANAP Cənub Qaz Dəhlizinin ən böyük elementidir. Hansı ki, Türkiyə də ən böyük elementə ev sahibliyi edir. Bu kontekstdən də Türkiyənin tranzit ölkə olaraq gəlirləri və geosiyasi mövqeyi güclənəcək. Bütün bu qeyd etdiyimiz faktorlar fonunda TANAP-ın işə düşməsilə Azərbaycanla Türkiyənin birlikdə, eyni zamanda ayrılıqda dövlət olaraq geosiyasi mövqelərinin daha da yüksəlməsini, nüfuzlarının artmasını müşahidə edəcəyik”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz